

İntervensional radiologiya özündə diaqnostika və müalicəni birləşdirən, radiologiyanın müasir, sürətlə inkişaf edən istiqamətidir. Həkim-intervension radioloq radioloji diaqnostika metodlarının tətbiqindən sonra çox nazik iynələr, elastik kateterlər və rentgen-kompüter avadanlığından müalicə üçün istifadə edir. Burada ümumi narkoz tətbiq olunmur, qan köçürülmür, toxumalar kəsilmir və tikilmir. İntervensionist-rentgen cərrahlar skalpelə müraciət etmədən ən mürəkkəb rentgen cərrahi əməliyyatları icra edirlər.
Ölkəmizdə intervensional radiologiyanın uğurla tətbiq edildiyi aparıcı tibb müəssisələrindən biri də Respublika Diaqnostika Mərkəzidir (RDM). Mərkəzin Radiologiya şöbəsi ən müasir texnologiyalı rəqəmsal rentgen, mammoqrafiya, ultrasonoqrafiya (USM), kompüter tomoqrafiya (KT), maqnit rezonans tomoqrafiya (MRT) və angioqrafiya cihazları ilə təchiz olunub. Bu yeni texniki avadanlıqların sayəsində türk və azərbaycanlı radioloq-mütəxəssislərimiz müxtəlif diaqnostik müayinə və cərrahiyyəsiz müalicəvi müdaxilələr həyata keçirirlər. RDM-nin Radiologiya şöbəsinin həkimi Ağakişi Yəhyayev sahənin ən tanınmış mütəxəssislərindən hesab olunur. Baxmayaraq ki, xəstələr çox vaxt radioloq həkimin üzünü belə görməyə bilərlər, onları həkimlər daha çox tanıyırlar. Bununla belə Ağakişi həkimin şöhrəti hər yerə yayılıb, məhz onun xidmətindən yararlanmaq istəyənlər çoxdur.
Arayış:
Ağakişi Yəhyayev 11 mart 1980 ci il Azərbaycanın Bakı şəhərində anadan olub.
1997-2003-cü illərdə Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsində terapiya ixtisası üzrə təhsil alıb. 2003-2004-cü illərdə Azərsutikinti xəstəxanasında ümumi cərrahiyyə üzrə internatura keçib. 2006 – 2011-ci illərdə Türkiyənin İstanbul Universitetinin Cərrahpaşa Tibb Fakultəsinin Radiodiaqnostika bölməsində Uzmanlıq təhsili alıb. 2011-ci il ildə ABŞ-da Xarici Tibb Məzunlarının təhsil komissiyasının (ECFMG) İnvaziv Radiologiya üzrə diplomuna layiq görülüb. ABŞ-da olarkən Mayami Ürək-damar İnstitutunda, Harvard Tibb məktəbinin Uşaq Xəstəxanasında, ABŞ-ın Cleveland klinikasında ixtisas kursu keçib. 2015-ci ildə isə Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda Şüa diaqnostikası üzrə ümumi təkmilləşmə kursu keçmişdir.
2011-2012-ci illərdə Mərkəzi Neftçilər Xəstəxanasında çalışmışdır. 2012-ci ildən hal-hazıradək Respublika Diaqnostika Mərkəzində diaqnostik və invaziv radioloq kimi fəaliyyət göstərir.
Doktor Ağakişi Yəhyayevdən intervensionla radiologiya barədə məlumat verməsini xahiş etdik. Əhatəli cavablandırdı:
– İlk intervensional radiologiya üsulları kardiologiyada istifadə edilib. Bu, yeni kontrast maddələr və əməliyyat aparmağa imkan verən kiçik kateter yaradıldıqdan sonra mümkün olub. Şüa diaqnostikasında intervensional radiologiya metodları damar, toxuma, sümük və insan orqanizminin istənilən orqanındakı zədələnmələrin xarakteri, forması, növü, ocağı və həcmini müəyyən etməyə imkan verir. Problemli zonanın real şəkildə görülməsi və ona dair dəqiq məlumatların əldə edilməsi zamanı “əməliyyatsız əməliyyat” aparmaq daha da asan olur: rentgen nəzarəti altında tac arteriyaların stentləşdirilməsi, ürək qapaqlarının dəyişdirilməsi, protezləşdirmə, trombların kənarlaşdırılması, öd yollarının drenajlanması, damardaxili müdaxilələr, müxtəlif punksiyalar, embolizasiya, okklüziyalar, anevrizmaların kliplənməsi və s. effektiv rentgenoendovaskulyar müalicə növlərinə misaldır.
İntervensional radiologiya – inoperabel nahiyələrin (beyin, gözlər, onurğa sütunu və s.) protezləşdirilməsinə; şişi qidalandıran arteriyaların tapılması və məhv edilməsinə; anevrizmalar, qapı venası, uşaqlıq arteriyaları, mədə-bağırsaq və digər qanaxmalar zamanı qan damarlarının blokadasına – orqanizmin orqan və toxumalarının qan təchizatının dayandırılmasına (embolizasiya); cərrahi fəsadlaşmaların aradan qaldırılmasına; patoloji ocaqların aşkar edilməsi və oraya dərman vasitələrinin və s. yeridilməsinə imkan verir.
İntervensional radiologiya kardiologiya, urologiya, ortopediya, endokrinologiya, ginekologiya və s. sahələrdə istifadə edilir. Bu sahə tibbin nefrologiya, hematologiya və onkologiya kimi sahələri ilə sıx əlaqədə fəaliyyət göstərməkdədir.
Radioloqlar ürək-damar sistemi xəstəliklərinin diaqnostika və müalicəsi üçün arterial və venoz damarların kateterizasiyasını, o cümlədən, insan orqanizminin istənilən orqanına giriş əldə etmək üçün hədəf olaraq damarların istifadəsi zamanı onların kateterizasiyasını, öd yollarının kateterizasiyasını; orqanlarda biopsiya üçün onlara iynələrin yerləşdirilməsini; dializ, kimya terapiyası, antibiotik və venadaxili qidalandırıcı preparatların yeridilməsi üçün müxtəlif kateterlərin yerləşdirilməsini; qaraciyər damarlarının vizualizasiyasını (yumşaq toxumaların vizualizasiyası patoloji törəmələrin aşkar edilmə ehtimalını yüksəldir); damardaxili filtrlərin yerləşdirilməsini; yad cisimlərin və s. çıxarılmasını həyata keçirirlər.
Az invaziv qansız əməliyyatlar özündən sonra çapıq saxlamır, anatomik strukturların tamlığını pozmur, demək olar ki, fəsadsız və ağrısız keçir, ən əsası isə xəstələrdə ən qısa müddətdə reabilitasiya gedir. İntervensional radiologiya minimal ağrısızlaşdırma ilə invaziv prosedurların aparılması istiqamətində ixtisaslaşır ki, bu da ağırlaşmaları azaldır və əməliyyatların uğurlu keçmə şansını artırır.
Doktor Yəhyayev bu fikirdədir ki, diaqnostik və invaziv radiologiyanın əhəmiyyəti fərqlidir:
– Diaqnostik radiologiya laboratoriya kimi fundametal məqsəd daşıyır. Yəni məqsəd bilavasitə uyğun instrumental müayinə ilə dəqiq diaqnoz qoymaqdır. Buradakı kilid nöqtə məhz bunu, yəni hansı patologiyada hansı aparatı seçmək lazım olduğunu bilməkdir. Məsələn, xəstənin müayinəsi üçün bəzən kompüter tomoqraf, bəzən maqnit rezonans, bəzən isə sadə rentgendən keçmək kifayət edir. Bunu bilmədən hamını ucdan-tutma bütün aparatlara salmaq həkimi məqsədinə çatdırmaz. İntervensiyon radiologiyanın diaqnoz qoyulmasındakı əsas rollarından biri toxuma örnəklərinin görüntüləmə altında alınmasıdır (aspirasyon biopsiya. tru-cut biopsiya). İntervensiyon radiologiya daha cox mualicədə rol oynayır.
Bir çoxları elə bilir ki, doktor Yəhyayev daha çox aşağı ətrafların damarlarının açılması ilə məşğuldur. Amma özü bu fikirlə razılaşmır:
– Xeyr, təkcə ayaq damarlarını açmırıq. Sadəcə ayaq damarlarının tutulması gözlə görünəcək yaralar, fəsadlar göstərdiyi üçün daha çox diqqət çəkir və insanları narahat edir. Eyni hal boyunda yuxu damarlarının tutulmasında da olur. Bu zaman yüksək təzyiq, insult riski yaranır.
Damarlar beyin və qeyri-beyin damarlarına bölünür. Beyin və yuxu damarları, beyin daxili və xarici damarlar da bizim sahədir. Qeyri-beyin damarlara isə boyundan aşağı bütün bədəni əhatə edən: aorta, qarın boşluğu, böyrək, ayaq damarları aiddir. Azərbaycanda bu gün ateroskleroz problemi çoxdur. Ona görə aşağı ətraflarda damar tıxanması səbəbindən cərrahyyə şöbələrində yatan kifayət qədər xəstələr var. Buna da səbəb qidalanma, az hərəkətlilik, şəkərli diabet, ümumiyyətlə, damar probleminin olmasıdır.
Həkimlər arasında son 5 ildə ayaq damarlarının invaziv radiologiya ilə müalicəsinə maraq və yönəltmə yavaş-yavaş artır. Ölkəmizdə koronar angioqrafiya – ürək damarlarına invaziv müdaxilə çox populyarlaşdı və artıq insanlar bilir ki, ürək damarı tıxananda açmaq olar. Bu tanıtımda yeni nəsil kardioloqların rolu çox oldu. Kardiloq cərrahlarımız da çoxdur. Amma invaziv radioloqların sayı kardioloqlara baxanda çox azdır. Ona görə hələ maariflənməyə, tanıtıma ehtiyac var, buna da vaxt lazımdır.
Ağakişi həkimi tanıyan insanlar (şəfa verdiyi pasientləri, həmkarları, dost-tanışları sosial şəbəkədə müxtəlif platformalarında onun haqqında çox yüksək fikirlərini çatdırır, minnətdarlıq ifadə edirlər. İnternet istifadəçiləri Muradova Lətifə, Məmmədova Xeyransa, Əliyeva Mahirə, Səlimova Sevil, İntiqam Fətullayev, Çingiz Davidov, Pəri Həsənova, Seymur Musayev, Vüsalə Allahverdiyeva, Aida Qarayeva, Bəhruz Mamedov, Fərhad Abdullaoğlu, Xədicə Hacılı, Xanlar Balayev həkimin yüksək peşəkarlığı ilə yanaşı, gözəl insani keyfiyyətlərini – pozitivliyini, gülərüzlüyünü, kübar davranışını vurğulayır, həyatda və peşə fəaliyyətində daha böyük uğurlar arzulayırlar. Biz də bu arzulara qoşuluruq və inanırıq ki, uzman doktor Ağakişi Yəhyayev uğurlarının sayını artırmaqla biz qələm adamlarına yazmaq üçün gözəl mövzular verəcəkdir.
Kərim Babayev
![]()
