KİKBOKSÇU ƏLİ UĞURLARINI SIRALAYIR – O, artıq ikiqat Dünya Kubokunun qalibi, ikiqat Avropa çempionudur

DogruSozTv Az
Oxunma vaxtı:2 Dəqiqə, 45 Saniyə

Mayılzadə Əli Raul oğlu 13 yanvar 2009-cü il tarixdə Bərdə şəhərində anadan olub. Ümumi orta təhsilini Bərdə şəhər 3 saylı tam orta məktəbdə alıb. Hazırda Zbakı şəhəri Yasamal rayonu 21 saylı tam orta məktəbin Xİ sinfində oxuyur. Hər il əlaçı kimi şəkli şərəf lövhəsində olub. Fiziki hazırlığı da güclü olan Əlinin hələ səkkiz yaşından etibarən məşğul olmağa başladığı kikboksinq idman növü üzrə əldə etdiyi uğurlar barədə məqalə dərc olunub. O vaxt hələ yeniyetmə ikən bir çox yarışların qalibi olmuş Əli müxbirə demişdi ki, ən çox sevdiyi idmançı Zabit Səmədovdur, onun kimi olmaq istəyir. Arzusu Dünya, Avropa çempionatında birinci yerə çıxmaq, bayrağımızı yüksəkliklərə qaldırmaqdır.
Yeri gəlmişkən, Əlinin atası Raul Mayılov Bərdənin sayılıb – seçilən ziyalılarındandır, doğma rayonunda və ölkənin başqa əyalətlərində də hörmətə, nüfuza malik, yüksək ideyalı, saf mənəviyyatlı, təklif və məsləhət verə bilmək səviyyəsində durmağı bacaran gözəl insandır.
Ot kökü üstə bitər deyib atalar. Əlinin babası Məmməd Mayılov da təcrübəli idmançıdır. Gənc nəslin fiziki hazırlığının möhkəmləndirilməsində müəllim kimi daim çalışıb. Bərdə şəhər 3 saylı tam orta məktəbdə idman dərsini tədris edib. Hazırda təqaüddədir. Rayonda böyük hörmətə-izzətə sahib el ağsaqqalıdır.
Məmməd müəllimin ocağında aşıb-daşan sərvət olan, var olan övladları, nəvələri öz nəcabətlərini, üstün ali keyfiyyətlərini valideynlərindən əxz edərək, mənsub olduqları nəslin ziyalılıq ənənələrini uğurla davam etdirirlər. Məmməd Mayılov idmançı nəvəsi Əlinin mübarizliyi, çalışqanlığı ilə fəxr edir, onun sanki idman üşün yarandığını, başqa nəvələrinin də ona baxıb idmana meylləndiklərini deyir.
Əli Mayılzadə indi Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətində sevdiyi idman növü ilə məşğuldur. Uğurlarının sırasını artırıb və babasının yolunu davam etdirməklə, atasının, müəllimlərinin, onu sevən qohumlarının, dostlarının, idman azarkeşlərinin ümidlərini doğrultmaqdadır. Belə ki, Əli Mayılzadə 2023-cü il avqustun 25-dən sentyabrın 3-dək Türkiyənin İstanbul şəhərində keçirilən kikboksinqin WAKO versiyası üzrə yeniyetmə və gənclərin Avropa çempionatında 48 kq çəki dərəcəsində rəqiblərinə qalib gələrək fəxri kürsünün birinci pilləsinə yüksəlib. Vətənə Avropa Çempionu Kuboku, medalı, diplomu ilə təltif olunaraq qayıdıb.
15-20 may 2024-cü il tarixlərində Türkiyənin İstanbul şəhərində keçirilən kikboksinq idman növünün WAKO versiyası üzrə Dünya Kubokunda 87 ölkədən qatılan 3700 idmançı arasında Azərbaycan Kikboksinq Federasiyasının (AKF) Milli Yığma Komandasının üzvü, Avropa çempionu Mayılzadə Əli bu yarşda öz gücünü sınamış və yeniyetmələr arasında 54 kq çəki dərəcəsində K1 versiyası üzrə 3 döyüş keçirərək, bütün rəqiblərinə qalib gələrək Dünya Kubokunun çempionu olmuşdur. Xatırladaq ki, Əlini həmin yarışa Gənclər və Yeniyetmələrdən ibarət Milli Yığma Komandanın baş məşqçisi, Respublikanın əməkdar məşqçisi, Prezident mükafatçısı, Avropanın ən yaxşı məşqçisi Hakim Hacıyev hazırlamışdı. Köməkçi məşqçilər isə Mehman Quliyev və Rəsul Hacıyev olmuşdular.
Əli Mayılzadə 12-21 sentyabr 2025-ci il tarixdə İtaliyanın Jesolo şəhərində keçirilən Avropa çempionatında 1-ci yeri qazanmışdır. Əli 3 döyüş keçirərək Slovakiya, Serbiya və finalda Monteneqro idmançılarına qalib gəlib. İndi onun aktivində artıq ikiqat Dünya Kuboku, ikiqat Avropa çempionluğu və bir dəfə dünya üçüncülüyü (Macarıstan) vardır. Əli builki uğurlarına görə ilk növbədə milli komandanın baş məşqçisi, Prezident mükafatçısı Hakim Hacıyevə, AKF-nın fəxri prezidenti cənab Adil Əliyevə, AKF-nın prezidenti Orxan Əliyevə, AKF-nın vitse-prezidenti Eduard Məmmədova və Federasiyanın baş katibi İlkin Məsimzadəyə minnətdar olduğunu bildirir. Əlini və məşqçisini Avropa birinciliyində əldə etdikləri nəticələrə görə Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin rəisi, polis polkovniki Mövlud Mirəliyev qəbul edib, təbrik edib.
İnanırıq ki, gənc və perspektivli idmançı Əli Mayılzadə Azərbaycanın idman şərəfini daha da ucaldacaq. Bu yolda ona yeni-yeni müvəffəqiyyətlər arzu edirik.

Seyid İsmayıl Abbasov

Loading

Next Post

Goranboyda ağır qəza - Xəsarət alanlar var

Goranboyda yol qəzası baş verib. Hadisə Gəncə-Goranboy yolunun rayonun Rəhimli kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, hərəkətdə olan “Hyundai” ilə “Naz Lifan” markalı minik maşınları toqquşub. Qəza zamanı 1995-ci il təvəllüdlü C. Hüseynov, 2000-ci il təvəllüdlü Ə. Əhmədov və Gəncə şəhər sakini A. Əhmədova xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Xəstəxanada […]