Sumqayıt Kimya Sənaye Parkında “Bayraktar” PUA-ları istehsal ediləcək

Oxunma vaxtı:1 Dəqiqə, 6 Saniyə

“Bayraktar Teknoloji Azərbaycan” MMC-yə İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Sumqayıt Kimya Sənaye Parkının rezidenti statusu verilib.

“Report”un əldə etdiyi məlumata görə, bununla da parkın rezidentlərinin sayı 39-a çatıb.

Məlumata görə, şirkət sənaye parkının ərazisində “Pilotsuz uçuş aparatları istehsalı” layihəsini həyata keçirəcək.

Xatırladaq ki, Azərbaycan Müdafiə Nazirliyi və Türkiyənin “Baykar” şirkəti arasında 2023-cü ildə imzalanan niyyət protokolu Azərbaycanda pilotsuz uçuş aparatlarının birgə istehsalına dair əməkdaşlığı nəzərdə tuturdu.

Qeyd edək ki, Sumqayıt Kimya Sənaye Parkında investisiya portfeli 6 milyard manatdan artıq olan 39 sahibkarlıq subyektinə rezidentlik statusu verilib. Sahibkarlar tərəfindən indiyədək sənaye parkına 5,5 milyard manatdan çox investisiya yatırılıb, 6 200-dən çox insan daimi işlə təmin olunub. Həmçinin mövcud layihələr üzrə növbəti mərhələdə sənaye parkına əlavə olaraq 515 milyon manat investisiyanın yatırılması, 2 700-ə yaxın daimi iş yerinin yaradılması nəzərdə tutulur.

İndiyədək Sumqayıt Kimya Sənaye Parkının rezidentləri tərəfindən ümumilikdə 14 milyard manatlıq satış həyata keçirilib ki, bunun da 5 milyard manatlıq hissəsi ixracın payına düşür. Cari ilin I rübü ərzində sənaye parkında 659 milyon manatlıq məhsul istehsal edilib ki, bunun da 251 milyon manatlıq hissəsi ixrac edilib. Ötən ilin eyni dövrü ilə müqayisədə istehsal 14,2 %, ixrac isə 17,2 % artıb. Bu ilin I rübü ərzində Sumqayıt Kimya Sənaye Parkının qeyri-neft sənayesi məhsulları istehsalında xüsusi çəkisi 13,5 %, ixracında isə 26,1 % təşkil edib.

Loading

Next Post

Sabah hava yağıntılı olacaq

Bakıda və Abşeron yarımadasında mayın 14-də səhər bəzi yerlərdə qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı ehtimalı var.Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi səhər arabir güclənəcək. Havanın temperaturu gecə 14-18° isti, gündüz 18-20° isti olacaq. Atmosfer təzyiqi 750 […]