Ulu Öndər Heydər Əliyev Azərbaycan Prokurorluğuna inanırdı, güvənirdi və arxalanırdı

Oxunma vaxtı:3 Dəqiqə, 42 Saniyə

1991-ci ildə əldə etdiyimiz müstəqilliyimizin ilk illərində Azərbaycanda hökm sürən hakimiyyətsizlik, hərc-mərclik, cinayətkarlığın artması respublikamızın həyatının bütün sahələrinə böyük zərbələr vurmuş, bütün bunlar ölkədə ictimai-siyasi vəziyyətin gərginləşməsinə gətirib çıxarmış, kriminal ünsürlər baş qaldırmış, adi vətəndaşlardan tutmuş yüksək rütbəli dövlət xadimlərinə, dövlətçiliyə qarşı törədilən cinayətlərin sayı artmış, dövlət idarə və müəssisələrində dövlət əmlakının mənimsənilməsi, bank-maliyyə pozuntuları geniş vüsət almışdı.

Ölkəni siyasi böhrandan çıxarmaq üçün qədirbilən xalqımız özünün xilaskarı olan dünya şöhrətli siyasətçi Heydər Əliyevə üz tutdu və xalqın tələbi ilə möhtərəm Heydər Əliyev hakimiyyətə qayıdandan sonra Azərbaycan məhz onun sayəsində öz müstəqilliyini qoruyub saxladı və bütün sahələrdə özünün sürətli inkişaf yoluna qədəm qoydu.

Müdrik rəhbərin ikinci dəfə hakimiyyətə gəlişi ilə onun həyata keçirdiyi tədbirlər nəticəsində ölkədə olan vəziyyət tamamilə dəyişdi. 1993-cü ilin ikinci yarısından başlayaraq Azərbaycanda aparılan islahatlar birinci növbədə respublikamızda daxili ictimai-siyasi vəziyyətin sabitləşməsinə yönəldilmişdir. Bütün bu işlərdə hüquq mühafizə orqanlarının hamısı, o cümlədən Azərbaycan Prokurorluğu fəal iştirak etmişdir.

15 İyun – Milli Qurtuluş Günü ərəfəsində “Doğru Söz” Milli İnformasiya Agentliyinin əməkdaşı Yevlax rayonunda ezamiyyətdə olarkən, bu mövzuda danışmağı rayon prokuroru cənab Ceyhun Almasovdan xahiş etmişdir. Təklifi məmnuniyyətlə qəbul edən Ceyhun müəllim söhbətinin əvvəlində Ümummilli lider Heydər Əliyevin prokurorluq haqqında söylədiyi fikirləri xatırlamışdır:

“Ulu öndər Heydər Əliyev daim öz çıxışlarında qeyd edirdi ki, Azərbaycanda cinayətkar dəstələr tərəfindən güclə, silah yolu ilə dövlət çevrişlərinə cəhdlərin qarşısının alınmasında və bunun nəticəsində cinayətkarların yaxalanmasında, cinayətlərin açılmasında, cinayətkarların qanun əsasında məsuliyyətə cəlb olunmasında, beləliklə də cinayətkarlığın qarşısının alınmasında prokurorluğun xidmətləri böyükdür. Ulu öndər Heydər Əliyevin dövlət quruculuğu sahəsində əldə etdiyi nailiyyətləri gözü götürməyən xarici düşmənlərin təhriki ilə hakimiyyət iddiasında olan bir qrup şəxslər 1994-cü ilin oktyabr və 1995-ci ilin mart ayında dövlət və hərbi çevrilişlərə cəhd edərək bir sıra görkəmli dövlət xadimlərinə qarşı terror aktları həyata keçirdilər. Baş vermiş bütün bu ağır cinayət hadisələrinin istintaqı prokurorluq orqanının üzərinə düşmüş və prokurorluğun peşəkar əməkdaşları tərəfindən həmin cinayətlərin üstü açılmış, cinayəti törədən şəxslər ifşa olunmuş və nəticədə cinayətə görə cəzanın labüdlüyü, ədalətlilik prinsipi bərqərar olunaraq cinayətkarların layiqli cəza almaları təmin olunmuşdur. 28 noyabr 1998-ci ildə prokurorluq orqanlarının yaradılmasının 80 illik yubileyinə həsr olunmuş təntənəli yığıncaqda Ulu Öndər Heydər Əliyevin “Azərbaycan Respublikasının Prezidenti kimi mən Azərbaycan Prokurorluğuna inanıram, güvənirəm və arxalanıram” kəlamı prokurorluq orqanları işçilərinin əməyinə verilmiş ən yüksək qiymət olmuşdur. Əminliklə deyə bilərik ki, müstəqli Azərbaycan hərtərəfli inkişaf edir və ulu öndər Heydər Əliyevin xalqımızın müstəqil, azad və rifah halında yaşaması üçün yaratdığı memarlıq əsəri olan Azərbaycan bu gün etibarlı əllərdə olmaqla, Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin uğurla davam etdirdiyi siyasi kursu hər bir azərbaycanlı dəstəkləyir və müstəqilliyimizin qorunması işi qarşımızda ən ümdə vəzifə kimi müəyyən olunmuşdur”.

Həmsöhbətimiz şükranlıq hissi ilə xatırladıb ki, Qarabağın işğaldan azad olunması Ulu Öndər Heydər Əliyevin ən böyük arzularından idi və bu arzu həyata keçdiyindən, Onun cənnətməkan ruhu şaddır:

“Ümummilli lider Heydər Əliyev Azərbaycan Prezidenti vəzifəsində çalışarkən problemin həlli üçün böyük çabalar göstərib. Heydər Əliyev Azərbaycanın qələbəyə doğru atılan addımlarının əsaslarının qoyulması istiqamətində əhəmiyyətli xidmətlər göstərib, bütün dünyaya Qarabağ həqiqətlərini çatdırıb. Diplomatik fəaliyyətlə yanaşı, güclü ordu quruculuğuna xüsusi diqqət yetirib. Ermənistanın bir çox dairələri Qarabağdakı işğal rejiminin danışıqlar prosesindən çıxarılmasını və Qarabağ danışıqlarının Azərbaycan – Ermənistan formatında aparılmasını Qarabağ klanının ən böyük məğlubiyyəti sayırlar. Onların fikrincə, Heydər Əliyev ustalıqla Qarabağ işğal rejimini danışıqlardan maksimum uzaq tutmağı bacarıb. Lakin Heydər Əliyev müharibənin gedişində də dönüş yaratmışdı. Onun ən böyük hərbi qələbəsi 1993-cü ilin dekabrında başlamış və 1994-cü ilin yanvarında başa çatmış Horadiz əməliyyatı idi. Həmin əməliyyat nəticəsində Horadiz qəsəbəsi və 20 kənd Azərbaycanın nəzarətinə qayıtdı. Ermənistan Silahlı Qüvvələri həddindən böyük itki verdi. Horadiz qələbəsi Ermənistanı atəşkəsə məcbur etdi. Tarix göstərdi ki, həmin atəşkəs Azərbaycanın inkişafına, hərbi qüdrətinin güclənməsinə səbəb oldu… Bu gün daim azərbaycanlı olması ilə fəxr edən Heydər Əliyevin ruhu şaddır – xilaskarı olduğu müstəqil Azərbaycanın ərazi bütövlüyü onun ideya və əməllərini davam etdirən, yarımçıq qalmış arzuları ilə bağlı vəsiyyətlərini gerçəkləşdirən Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında bərpa edilmiş, 30 ildən bəri düşmən əsarətində olan Qarabağ əbədi azadlığına qovuşmuşdir. Hazırda işğaldan azad olunmuş ərazilərdə quruculuq işləri, infrastruktur layihələri həyata keçirilir, qəsəbələr, “ağıllı kəndlər” yaradılır, hava limanları tikilib. Bu gün fermerlər Qarabağda, Şərqi Zəngəzurda heyvandarlıq, arıçılıq təsərrüfatıyla məşğul olurlar. İnanırıq ki, tezliklə məcburi köçkün statusu üzərindən götürülmüş həmvətənlərimiz doğma yurdlarına qayıdacaq, Qarabağın, Şərqi Zəngəzurun, ümumiyyətlə, Azərbaycanın tərəqqisinə böyük töhfələr verəcəklər. Azərbaycan xalqı haqlı olaraq Heydər Əliyev irsini müstəqilliyinin təminatçısı kimi qəbul edir. Qədirbilən xalqımız böyük xilaskarının xidmətlərini unutmur və 15 İyun – Milli Qurtuluş Gününü hər il yüksək əhval-ruhiyyə ilə qeyd edir”.

İsmayıl Abbasov,

“Doğru Söz” Milli İnformasiya Agentliyinin baş redaktoru

Loading

Next Post

Lavrov Azərbaycana gəlir

Rusiyanın xarici işlər naziri Sergey Lavrov iyunun 23-24-də Azərbaycana işgüzar səfər edəcək. DOGRUSOZTV.AZ “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə Rusiya XİN-in mətbuat katibi Mariya Zaxarova brifinqdə bildirib. “Lavrov Bakıya səfəri çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və xarici işlər naziri Ceyhun Bayramovla görüşəcək”.