İctimai təhlükə törətməyən aşkar cinayət üzrə məlumata baxılma müddətinin artırılması ilk oxunuşda qəbul edilib

Oxunma vaxtı:1 Dəqiqə, 11 Saniyə

Milli Məclis böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə məlumata baxılma müddətinin artırılması təklifini birinci oxunuşda qəbul edib.

Bununla bağlı Cinayət-Prosessual Məcəlləsinə dəyişiklik layihəsi parlamentin növbədənkənar sessiyasının bugünkü ilk iclasında müzakirəyə çıxarılıb.

Dəyişiklik layihəsinə görə, bu Məcəllənin 38-ci maddəsinə uyğun olaraq cinayət təqibinin həyata keçirilməsi üçün səbəb və əsasların olması qənaətinə gəldikdə və bu Məcəllənin 293-1-ci maddəsində nəzərdə tutulmuş hallar olmadıqda, yazılı məlumata və ya şifahi məlumatın qəbul edilməsi barədə protokola dərkənar qoymaqla məlumatın daxil olduğu vaxtdan 48 saatdan (hazırda 24 saat) gec olmayaraq cinayət təqibi üzrə məhkəməyədək sadələşdirilmiş icraat açılacaq.

Bundan başqa, artıq məhkəməyədək sadələşdirilmiş icraat şəklində təhqiqat böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə məlumatın təhqiqatçıya, müstəntiqə və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora daxil olduğu vaxtdan 10 gün müddətində deyil, 30 gün müddətində aparılacaq.

Qanun layihəsinə əsasən, Məcəllənin bəzi maddələrində “şikayət” sözü “məlumat” sözü ilə əvəz edilir. Bu dəyişiklik bəzi hallarda məlumat verən şəxsin niyyətinin şikayət etmək deyil, sadəcə baş vermiş cinayət hadisəsi barədə səlahiyyətli orqanları məlumatlandırmaqdan ibarət ola bilməsi ilə əlaqədardır.

Eyni zamanda sənəddə hüquqi şəxslər tərəfindən də cinayət hadisəsi barədə məlumat verilməsinin mümkünlüyü nəzərə alınaraq böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı məlumatda və ya şifahi məlumatın qəbul edilməsi barədə protokolda, həmçinin məhkəməyədək sadələşdirilmiş icraatın aparılması nəticələrinə dair yekun protokolda hüquqi şəxsin adı, olduğu yer və vergi ödəyicisinin eyniləşdirmə nömrəsinin göstərilməsi ilə bağlı müvafiq dəyişiklik nəzərdə tutulur.

Sənəd müzakirələrdən sonra ilk oxunuşda qəbul edilib.

Loading

Next Post

İlham Əliyev: Azərbaycan ekoloji problemlərlə bağlı öhdəliyə tam məsuliyyətlə yanaşır

Planetin üzləşdiyi ekoloji problemlər təkcə ekosistemlərə deyil, həm də dayanıqlı inkişafa, insan sağlamlığına, həyat şəraitinə və ölkələrin tərəqqisinə ciddi təsir göstərir. Bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin 2026-cı il Ümumdünya Ətraf Mühit Günü ilə bağlı müraciətində deyilir. Dövlət başçısı qeyd edib ki, gələcək nəsillərin rifahı bu günkü nəslin bu çağırışların […]