Üçüncü oxunuşda qəbulu yaz sessiyasına qalan QANUN LAYİHƏLƏRİ

Oxunma vaxtı:1 Dəqiqə, 24 Saniyə

Dekabrın 30-da Milli Məclisin payız sessiyasının sonuncu plenar iclası keçirilib. Qanunverici orqanın Daxili Nizamnaməsinə əsasən, parlament yanvar ayının 1-dən 15-dək tətilə buraxılır.

Gələn həftə parlament tətildən geri qayıdır və yanvar ayının 15-dən komitə iclasları başlayır. Milli Məclisin yaz sessiyası fevralın 1-də başlanır və mayın 31-dək davam edir.

Milli Məclisdə hər iki sessiyada qanun layihələri müzakirə edilərək səsə qoyulur. Təkliflər və dəyişikliklər nəzərə alınmaqla qanun layihələri səsvermədən sonra qəbul edilir. Qanun layihələri, əsasən üçüncü oxunuşda qəbul edilmiş sayılır.

Bəs Milli Məclisdə hər üç oxunuşda müzakirə edilməyən, bir sözlə, payız sessiyasından yaz sessiyasına keçən hansı qanun layihələri var?

“Patent haqqında” Qanuna təklif edilən dəyişikliklər parlamentin dekabrın 26-da keçirilən plenar iclasında birinci oxunuşda müzakirə edilərək qəbul edilib.

Lakin qanun layihəsinin ikinci və üçüncü oxunuşda müzakirəsi yaz sessiyasına qalıb.

Qeyd edək ki, qanuna bir sıra dəyişikliklərin olunması təklif edilib. Belə ki, sənədə əsasən, ənənəvi biliklərə əsaslanan ixtiralar istisna olmaqla ənənəvi biliklərə aid olan obyektlər ixtira sayılmayacaq. Bundan əlavə, insanın klonlaşdırılması üsulları və onun klonu patent obyekt kimi qəbul edilməyəcək. İnsanın klonlaşdırılması üsulları və onun klonu, insanın rüşeym xəttinin hüceyrələrinin genetik tamlığının modifikasiyası üsulları, insan embrionlarının sənaye məqsədləri üçün istifadə edilməsi patent obyektləri kimi qəbul edilməyəcək.

Həmçinin, yaradılan ixtira barəsində işəgötürənlə işçinin münasibətləri müqavilə ilə tənzimlənəcək.

Bundan başqa, “Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi də birinci oxunuşda müzakirə edilərək qəbul edilib.

Layihənin tam müzakirəsi və qəbulu yaz sessiyasına qalıb.

Qanun layihəsinə əsasən, Mülki Məcəlləsinə uyğun olaraq mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısına asbest və və tərkibində asbest olan məhsullar daxil ediləcək. Qanun qəbul ediləcəyi təqdirdə 2027-ci il iyulun 1-dən qüvvəyə minəcək.

Loading

Next Post

Rusiya Kiyevə hücum edib, 4 nəfər ölüb, 20-dən çox insan xəsarət alıb

Rusiyanın ötən gecə Kiyevə hücumu nəticəsində 4 mülki şəxs həlak olub və 20 nəfərdən çox insan xəsarət alıb. Bu barədə Ukraynanın xarici işlər naziri Andrey Sibiqa özünün “X” hesabında məlumat verib. Sibiqa yaşayış məntəqələrinin, kritik infrastrukturun, enerji və su təminatı təsisatlarının hədəfə alındığını bildirib. Ukrayna XİN rəhbəri Rusiyanın hücumlarına kəskin […]