Hesablama Palatası: Kür-Araz ovalığında şorlaşmış torpaqlar artıb

Oxunma vaxtı:1 Dəqiqə, 4 Saniyə

Hesablama Palatasının apardığı audit Kür-Araz ovalığında kollektor-drenaj sistemlərinin və suvarılan torpaqların vəziyyətində ciddi nöqsanları üzə çıxarıb.

Bu barədə Palatanın 2025-ci ilin I rübünə dair “Dövlət auditi” bülletenində bildirilir.

Auditin nəticələrinə əsasən, son beş ildə bölgədə zəif, orta və güclü dərəcədə şorlaşmış torpaqların xüsusi çəkisi artaraq, 2024-cü ildə müvafiq olaraq 34,1 %-ə, 29,1 %-ə və 24,4 %-ə çatıb.

Kollektor-drenaj sistemlərinin bərpası əsasən yeni əkin sahələrinə yönəldilib. Lakin əvvəllər istifadə olunan, lakin şorlaşma səbəbindən dövriyyədən çıxmış torpaqlarda vəziyyətə lazımi müdaxilə olunmayıb.

Dren-kollektorların qeyri-effektiv istismarı, kollektor sularının təkrar istifadəsi və duzsuzlaşdırılmadan torpaqlara verilməsi, torpaqların yenidən şorlaşmasına səbəb olub. Eyni zamanda, çirkab suların kollektorlara axıdılması və oradan şirin su hövzələrinə yönləndirilməsi ciddi ekoloji və sanitariya riskləri yaradıb.

Audit həmçinin sahibsiz kollektorlar, qeyri-dəqiq uçot, normativ yanaşmaların olmaması, lil təmizləmə işlərinin plansız aparılması və mövcud istismar imkanlarından tam istifadə olunmaması kimi bir sıra sistemli nöqsanları da qeyd edir.

“Sabirabad və Salyan rayonlarında qış otlaqlarında suvarma və drenaj obyektlərinin tikintisi” layihəsi çərçivəsində ayrılmış 27,8 milyon manatlıq vəsaitin yalnız bir hissəsi üzrə effektiv nəticələr əldə olunub. Eyni zamanda, Kür çayının səviyyəsinin aşağı düşməsi səbəbindən nasos stansiyasının dayanıqlı fəaliyyəti təmin edilməyib.

Hesabatda strateji yanaşmanın olmaması, fəaliyyətin resurslara uyğun planlaşdırılmaması, inzibati nəzarətin zəifliyi və nəticə etibarilə dövlət vəsaitlərinin səmərəsiz xərclənməsi xüsusi vurğulanır.

Loading

Next Post

Xankəndiyə gələn diplomatik korpus nümayəndələri Qarabağ Universitetində olublar - YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, xarici diplomatik korpusun işğaldan azad olunmuş ərazilərə tanışlıq səfərlərinin təşkili davam etdirilir.Bu barədə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb,  Xankəndidə səfərdə olan Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun və beynəlxalq təşkilatların, ümumilikdə 100-dən çox […]