
Hələ onda bu dünyanın şərindən,
Yalanından xəbərimiz yox idi.
Qəm-qüssəmiz, kədərimiz bir damcı,
Hələ onda sevincimiz çox idi.
Yazılanı bir silgi ilə pоzmaq da,
Bizim üçün nə asandı, nə asan.
Xəbərsizdik ömrümüzə biz hələ,
Tale yazan pozulmayan yazıdan.
Dünya hələ bizim üçün nağıldı,
Min arzuyla alışırdıq, yanırdıq.
Özümüzü biz hamıdan ağıllı,
Özümüzü nə bəxtəvər sanırdıq…
17 İyul 2024-cü il. Ömrümüzün ən şirin, duyğulu, qayğısız, hər anı bir ömrə bərabər, sehirli, ən təmiz arzulu günlərini – məktəb illərini xatırlamaq üçün bizlər – Ağsu rayon Kalva kənd orta məktəbini 1974-cü ildə bitirmiş keçmiş şagird yoldaşlar doğma təhsil ocağında bir araya gəlib məzun olmağımızın 50 illik yubileyini yüksək səviyyədə qeyd etdik.
Qucaqlaşmalarla, sevinc göz yaşları ilə müşayiət olunan ilk təsirli dəqiqələr ərzində yaşın öz sözünü deyərək zahiri görkəmimizdə saldığı izləri, dəyişiklikləri də sezdik. Lakin heç yarım saat keçməmiş bir-birimizə elə isinişdik ki, bu “maneələrdən” əsər-əlamət qalmadı. Özümüzü məktəb illərində olduğumuz kimi hiss etdik.
Tədbirimizdə iştirak edən, yüganə sağ qalmış müəllimimiz Robert müəllimə uzun nömür, can sağlığı dilədik. Təbii ki, dünyasını dəyişmiş müəllimlərimizi, sinif yoldaşlarımızın xatirəsini sükutla yad etdik. Təlim – tərbiyəyə yiyələnməyimizdə zəhmətləri olmuş valideynlərimizin, müəllimlərimizin əməyini yerə vurmadığımıza görə Tanrıya şükür etdik.
Ümumiyyətlə, Allah şükür eləmək üçün çox səbəblər tapdıq. Sağ-salim qaldığımıza, oğul-qız, nəvə -nəticə yiyəsi olmağımıza, ölkəmizin müstəqilliyinin bərpasına şahidlik etdiyimizə, cənnət Qarabağın işğaldan azad olunduğunu gördüyümüzə, aldığımız hər nəfəsə, təam etdiyimiz hər nemətə görə Uca Yaradana minnətdarlıq duaları oxuduq. Allah hamının yaxşı niyyətli dualarını müstəcəb etsin!
Keçmiş xatirələri bölüşdük. Kimimiz uşaq şıltaqlıqlarımızı yada saldıq, kimimiz o vaxtlar dəbdə olan, sevdiyimiz manhıları zümzümə etdi, kimimiz öz övladlarının nailiyyətlərindən danışdı, kimimiz müasir dövrdə gənclərin tərbiyəsinə mənfi təsir edən tendensiyalardan gileyləndi, kimimizsə itirdiyi yaxınlarını xatırlayıb kövrəldi…
Əlbəttə, yaş öz sözünü demiş, taleyin keşməkeşli yolları hamımızın sifət cizgilərinə, səhhətinə öz izini salmışdır. Amma müşahidə etdim ki, şagird yoldaşlarımın haqlı olaraq qəlbin aynası sayılan gözləri dəyişməmişdi, demək olar xasiyyətləri də elə əvvəlki kimi qalmışdı. Mənim də barəmdə eyni fikirləri söylədilər. Ümumiyyətlə, bizi birləşdirən bir ortaq cəhət vardır – mənimlə şagird yoldaşı olmuş həmyaşıdlarımın hamısı həyatda, cəmiyyətdə, işlədikləri kollektivlərdə, harada olurlarsa-olsun, prinsipial, haqqı deyən, ədalətin tərəfdarları olublar. Bizlər gerçək, güvəniləsi dostlarıq. Xeyirimizdə – şərimizdə bir-birimizi axtarıb-arayan, bir-birimizə əl tutanlarıq.
O vaxt – yarım əsr əvvəl hamımız gənc idik, subay idik. İndi isə hamımız ailə – uşaq sahibiyik. Kimimiz ali təhsilli, kimimiz profilimiz üzrə başqa iş-güc sahibi olmuşduq. Qadınlardan evdarlığa üstünlük verənlər də az deyildi. Keçmiş sinif yoldaşları gənclik vaxtlarından malik olduqları bir az ərköyün, bir az şıltaq xasiyyət cizgilərini, tanış gələn vərdişlərini büruzə verməyə başladılar. Musiqi sədaları altında qol açıb oynamaqla məclisimiz daha da qızışdı.
Açdığımız halal süfrədəki təamlardan dadıb – doyandan sonra çay dəstgahında şirniyyat yeyib hətta acısı da şirinə çevrilən xatirələrimizə bir az da şəkər qatdıq.
Kişilər bir guşəyə, qadınlar bir tərəfə çəkilib iki-iki, üç-üç söhbət edir, ömür tarixçələrini, başlarına gələn maraqlı hadisələri, yaşanmış qayğılı, keşməkeşli günləri xatırlayır, övladlarının qarşısında duran perspektivləri müzakirə edirdilər.
Amma söhbətimizin kulminasiya nöqtəsində “əlli ildə nə dəyişib” sualına hamılıqla birmənalı verdiyimiz cavab bu oldu: “Artıq ölkəmiz müstəqildir, torpaqlarımız düşmən işğalından azaddır, biz qalib ölkənin vətəndaşlarıyıq. Allah şəhidlərimizə rəhmət eləsin”.
Və… ayrılıq zamanı gəldi. Heç bilmədik yaşadığımız o əsrə bərabər gün necə gəlib keçdi. İndi artıq bir-birimiz üçün darıxırıq, növbəti görüşümüzü harda, nə vaxt keçirəcəyimizin planını cızırıq. Heç səkkiz – on oxuduğumuz şagird vaxtı tətillərdə elə darıxmırdıq. Bir-birimizə deməyə hələ o qədər sözümüz var ki!
Sinif yoldaşlarımızdan Xəqani, Oruc, Fədakar görüşün möhtəşəm alınması üçün çox canfəşanlıq göstərdilər ki, buna görə də onlara dərin təşəkkürümüzü bildiririk. Son olaraq doğma məktəbimizin indiki direktoruna, müəllim kollektivinə görüşümüzün təşkilinə göstərdikləri dəstəyə, qonaqpərvərliklərinə, istiqanlılıqlarına görə xüsusi minnətdarlığımızı bildirir, yetişməkdə olan nəslin təlim-tərbiyəsi işində müvəffəqiyyətlər, indiki şagirdlərə isə xoşbəxtlik arzulayırıq.
Münəvvər Sirac qızı Bədəlova
![]()
