

2024-cü ilin I rübündə Daxili İşlər Nazirliyi və prokurorluq üzrə qeydə alınmış 8.930 cinayətin 85 faizi açılıb. Ağır və xüsusilə ağır cinayətlər, qəsdən sağlamlığa ağır zərər vurmalar, mülkiyyət əleyhinə olanlar, o cümlədən oğurluqlar, soyğunçuluqlar, quldurluqlar, informasiya texnologiyalarından istifadə edilməklə törədilənlər, habelə qrup halında və ailə münaqişəsi zəminində baş verən, əvvəllər məhkum olunmuşlar və yetkinlik yaşına çatmayanlar tərəfindən törədilən hüquqazidd əməllər 2023-cü ilin 3 ayı ilə müqayisədə azalıb.
Qeyri-aşkar şəraitdə baş verən cinayətlərin, şəxsiyyət əleyhinə olanların, xuliqanlıqların, mülkiyyət əleyhinə kriminal əməllərin, onlardan oğurluqların, dələduzluqların, soyğunçuluqların, hədə-qorxu ilə tələb etmələrin açılması yaxşılaşıb. Qeyri-leqal dövriyyədən 1 ton 329 kiloqram narkotik vasitə çıxarılıb və bu cinayətlərə görə 1.572 nəfər məsuliyyətə cəlb edilib. Yol-nəqliyyat hadisələrinin sayında 12,2 faiz, qəzalarda həlak olanların sayında 14 nəfər, xəsarət alanların sayında 39 nəfər azalma qeydə alınıb. Cinayət yolu ilə şəxslərə vurulmuş 77.668.996 manat maddi ziyanın 80 faizi istintaq prosesində ödənilib.
Bu məlumatlar aprelin 19-da Daxili İşlər Nazirliyində informasiya texnologiyalarından istifadə etməklə törədilən cinayətlərlə mübarizədə, cinayət xarakterli müraciətlərə baxılması, cinayətlərin kriminalistik üsul və vasitələrlə açılması sahəsində işlərin vəziyyətinə həsr olunmuş Kollegiya iclasında açıqlanıb.
İclasda Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müəyyən edilmiş vəzifələrin və qarşıya qoyulan tapşırıqların cari ilin birinci rübündə bütövlükdə layiqincə icra olunduğunu, cinayətkarlığa qarşı mübarizədə, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi sahəsində əldə olunan müsbət nəticələrin inkişaf etdirildiyini, şəxsi heyətin xidməti vəzifələri böyük əzmlə yerinə yetirdiyini diqqətə çatdırıb.
2024-cü ilin I rübü üzrə daxili işlər orqanlarının fəaliyyətinin effektivliyini təsdiqləyən bu müsbət tendensiya Bərdə polisinin xidmətində də müşahidə olunub. Bərdə Rayon Polis Şöbəsinin şəxsi heyəti rayonda ictimai asayişin, əmin-amanlığın qorunmasında öhdəsinə düşən müqəddəs vəzifəni ləyaqətlə yerinə yetirir. Şərəfli xidmət yolu keçən Bərdə RPŞ-nin şəxsi heyəti bu gün polis polkovniki Ənvər Həsənovun rəhbərliyi altında rayonda hüquqpozmalara qarşı profilaktiki tədbirlərin həyata keçirilməsi üçün mühüm işlər görür. Polis polkovniki Ənvər həsənov Bərdə RPŞ-nə 2022-ci ilin iyun ayında rəis vəzifəsinə təyin olunub. O, daha əvvəl Ağcabədi rayon polisində rəhbər vəzifədə işlədiyi vaxt dövlətin və xalqın gözündə ucalıb.
Bərdə rayonunda polis xidmətinin və ictimai təhlükəsizliyin səmərəsini artırmaq üçün asayiş keşikçiləri ilə ictimaiyyət arasında etimada və əməkdaşlığa əsaslanan münasibətlər inkişaf etdirilir. Alqışlanası haldır ki, rayonda ictimai asayişin qorunması, cinayətkarlığa qarşı mübarizə, xüsusi tapşırıqların vaxtında yerinə yetirilməsi və insanlar arasında profilaktiki maarifləndirmə işinin aparılması nəticəsində cinayət hadisələrinin törədilmə səbəbləri isti izlərlə açılır, təqsirli bilinən şəxslər qısa zamanda saxlanılaraq məsuliyyətə cəlb edilir, həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində bir sıra hadisələrə görə axtarışda olan şəxslər tez müddətdə saxlanılaraq istintaqa təhvil verilir. Eləcə də rayonda kriminal hadisələrin sayı azalır, əxlaqsızlıq yuvaları və qumarxanaların fəaliyyətinə son qoyulur.
Bərdə rayonunda gənclərin narkotik maddələrdən cəkindirilməsində polis böyük səylə əmək sərf edir. Bərdə polisi müxtəlif layihələr çərçivəsində müxtəlif auditoriyalarda, məktəblərdə, müəssisələrdə narkomaniyaya qarşı maarifçilik tədbirləri həyata keçirir, yeniyetmələri, gəncləri bu yolla narkotiklə mübarizəyə təşviq edir.
Gənclər arasında narkotik maddələrin yayılmasında vasitəçilik edənlərin, ondan istifadə və alqı-satqı ilə məşğul olanların araşdırılıb, cinayət məsuliyyətinə cəlb edilməsini təmin etmək məqsədilə polis əməkdaşları davamlı reydlər keçirirlər. Narkomaniya ilə məşğul olanların toplaşdığı yerlər müəyyən edilir və nəzarətə götürülür. Bərdə sakinləri deyirlər ki, yaşadıqları ərazidə asayişin keşiyində ayıq-sayıq dayanan polis narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə işində qətiyyətlidir və gənclərimizin zərərli vərdişlərdən uzaq olmaları ilə bağlı zəruri tövsiyələr verir. Əslən Laçından olduğum üçün Bərdə rayonunun kəndlərində məskunlaşmış laçınlı keçmiş məcburi köçkünlərlə xeyirdə-şərdə təmasda oluram. Onlar da təsdiqləyirlər ki, polis şöbəsi və onun bölmələrində zabitlərdən tutmuş, polis nəfərlərinə kimi nizam – intizamın, sabitliyin qorunmasında, vətəndaş və polis arasındakı səmimi münasibətin qurulmasına əhəmiyyətli dərəcədə diqqət yetirilir. Qeyd olunur ki, cənab Ənvər Həsənov öz şəxsi nümunəsində vətəndaşların müraciətlərinə həssas yanaşma nümayiş etdirir, onları diqqətlə dinləyir, problemlərinin həlli üçün özündən asılı olan heç nəyi əsirgəmir. Cəmiyyətin hansı kateqoriyasına mənsub olmasına baxmayaraq, bütün vətəndaşların onun qəbuluna düşməkdə heç bir çətinlik yoxdur. Polisin səlis işi hesabına Bərdə rayonunda kriminogen durum tam nəzarət altına alınıb, demək olar, gözəl ab-hava yaranıb. Buna görə vətəndaşlar hörmətli nazir cənab Vilayət Eyvazova minnətdarlıq edirlər ki, cənab Ənvər Həsənov kimi dövlətə, dövlətçiliyə sadiq, təcrübəli, peşəkar zabiti rayon polis şöbəsinə rəhbər təyin edib.
Əlbəttə ki, cənab Ənvər Həsənovdan narazı qalanlar da var. O şəxslərdir ki, qanunu, ictimai asayişi pozmaqda, başqalarının hüquqlarını tapdalamaqda maraqlıdırlar, narkomaniyaya, tüfeyli həyat tərzinə meyllidirlər.
Şübhə yoxdur ki, Prezident İlham Əliyevin dövlətçilik və müstəqillik kursunun sadiq icraçısı olan Azərbaycan polisi, o cümlədən, Bərdə RPŞ-nin şəxsi heyəti, 2024-cü ilin I rübündə olduğu kimi, ilin qarşıdakı dövründə də asayişin, daxili təhlükəsizliyin keşiyində əzm və qətiyyətlə dayanacaq, respublikamızın daha da çiçəklənməsi və qüdrətlənməsi naminə üzərinə düşən vəzifənin öhdəsindən layiqincə gələcəkdir.
Seyid İsmayıl Abbasov,
“Doğru Söz” qəzetinin və “DogruSoztv.az” Milli İnformasiya Agentliyinin baş redaktoru
![]()
