

Ağcabədi rayonunda sayılıb – seçilən, doğma kəndində ağsaqqal, xeyriyyəçi, gözəl ailə başçısı kimi tanınan qocaman pedaqoq Bahadur Baxışovun 70 yaşı tamam olub.
Baxışov Bahadur İsmayıl oğlu 1954-cü il aprel ayının 9-da Ağcabədi rayonunun Mehrablı kəndində anadan olub.
İbtidai təhsilini 1961-ci ildə başlayıb və 1970-ci ildə tam orta təhsilini başa vurub. 1970-ci ildə Gəncə Dövlət Pedaqoji İnstitutunun Riyaziyyat fakültəsinə daxil olub. 1974-cü ildə həmin institutu “riyaziyyat” ixtisası üzrə tam kursu bitirib.
1974-cü ildə təyinatla doğma məktəbinə gələrək riyaziyyat müəllimi kimi əmək fəaliyyətinə başlayıb. Sovet dönəmində ictimai fəallığı ilə seçilib, komsomol və partiya işlərində çalışıb. 1978-ci ildə işlədiyi məktəbdə direktor müavini vəzifəsinə irəli çəkilib. 1995-ci ildən 2007-ci ilə kimi həmin məktəbdə direktor işləyib.
1984-cü ildə Bakı Ali Partiya Məktəbində oxuyub və qiyabi yolla 1987-ci ildə həmin məktəbi bitirib. 2007-ci ildən yenidən müəllim və müavin vəzifəsində çalışıb. 67 yaşına kimi məktəbdə işləyib və yaşla əlaqədar müəllimlik fəaliyyətinə xitam verilib.
İşlədiyi müddətdə barəsində heç bir tənbeh tədbiri olmayıb və dəfələrlə dövlət tərəfindən fəxri fərmanlara layiq görülüb.
Bahadur müəllim müqəddəs peşəsi ilə halal zəhmət hesabına qazandığını həm də xeyriyyə işlərinə, özü də məhz xalqın maariflənməsi yönündə xeyirxah işlərə sərf edib. Belə ki, o, işlədiyi məktəbin binasının yararsız olması ilə əlaqədar şəxsi vəsaiti hesabına 4 sinif otağı tikdirib. Həmin binada kəndin kitabxanası yerləşir.
Bundan əlavə, bələdiyyənin təşəbbüsü və özünün vəsaiti ilə yenidən 4 sinif otağı inşa etdirmişdir ki, indi həmin tikilidə uşaq bağçası fəaliyyət göstərir.
Direktor işlədiyi müddətdə kənd təsərrüfatı sahəsini suvarmaq üçün alternativ su yolu çəkdirib. Hal-hazırda kənd camaatı təxminən 700 ha torpaq sahəsini məhz həmin kanal vasitəsilə suvarırlar.
Bahadur Baxışov himayəyə götürdüyü bir imkansız ailə üçün öz vəsaiti hesabına fin üslublu ev tikdirmişdir. Yaxşılıq itirməyən həmin şəxslər hal-hazırda da Bahadur müəllimlə mehriban münasibətlərini davam etdirir, vaxtaşırı hal-əhval tuturlar.
Əlbəttə ki, Bahadur müəllimin Vətənə, xalqa, bəşəriyyətə verdiyi ən önəmli töhfəsi təlim-tərbiyə verdiyi yüzlərlə yetirməsidir. Onlar orta məktəbdən məzun olduqdan sonra respublikanın müxtəlif ali və orta ixtisas məktəblərində təhsil almış, ləyaqətli vətəndaş kimi hal-hazırda yüksək vəzifələrdə çalışır, mütəxəssis olaraq ölkəmizin tərəqqisinə töhfə verməkdədirlər. Onlar vaxtaşırı olaraq doğma məktəblərində bir araya gəlir, Bahadur Baxışovu və digər müəllimləri ziyarət edirlər.
Bahadur Baxışovun ad günü təqvim üzrə müqəddəs Ramazan bayramına təsadüf etsə də, 70 illik yubiley mərasimi bayramdan bir neçə gün sonra təşkil olundu. Restoranların birində qeyd edilən yubileydə Bahadur müəllimin qohumları, dostları, rayon ictimaiyyətinin nümayəndələri, nüfuzlu ziyalılar, ümumiyyətlə, 80-ə yaxın şəxs iştirak etdi. Qonaqlar yubilyarı təbrik edərək haqqında yüksək fikirlər söylədilər. Bahadur müəllim yubiley məclisinə təşrif buyuranlara minnətdarlıq etdi və heç kimin təşkilatı işə maddi köməklik göstərməsinə razı olmadı. Həmişəki kimi, xeyriyyəçi adına sadiq qalaraq, bütün xərcləri öz üzərinə götürdü.
Bu sətirlərin müəllifinə də həmin möhtəşəm yubiley məclisində iştirak etmək xoşbəxtliyi nəsib oldu. Öz adımdan və Doğru Söz” qəzetinin yaradıcı kollektivi adından qocaman pedaqoq Bahadur Baxışovu yubileyi münasibətilə təbrik edir, uzun ömür, can sağlığı arzu edirəm. O gün olsun, 100 yaşını qeyd edək.
Seyid İsmayıl Abbasov,
“Doğru Söz” qəzetinin və “DogruSoztv.az” Milli İnformasiya Agentliyinin baş redaktoru
![]()
