

Vaxtilə Almaniya kansleri Bismark göstərirdi ki, pis qanunlarla dövləti yenə bir təhər idarə etmək olar, ancaq pis məmurlar olarsa, onda heç bir qanun kömək etməz. Ona görə də dövlət qulluğunun əsas cəhətlərindən biri yüksək keyfiyyətli və mütəşəkkil dövlət qulluqçuları kontingentinin olmasıdır. Çünki cəmiyyətin idarə olunması funksiyalarını həyata keçirən dövlət qulluqçuları dövlətlə xalq arasında mühüm vəsilə olaraq ölkə rəhbərliyinin siyasi xəttini ardıcıl həyata keçirməkdə yaxından iştirak edirlər.
Azərbaycanda dövlət qulluqçusunun funksiyaları, hüquq və vəzifələri bu sahədə əsas normativ hüquqi akt olan “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunudur. Həmin qanunda dövlət qulluqçusunun andı təsdiq olunmuşdur. Orada deyilir: “Azərbaycan Respublikasına sadiq olacağıma, onun Konstitusiyasına dönmədən əməl edəcəyimə, dövlət sirrini və xidməti sirri qoruyacağıma, dövlət qulluğunun mənə verdiyi hüquqları və üzərimə qoyduğu vəzifələri qərəzsiz, vicdanla, ancaq qanuna uyğun surətdə, var gücümlə və Vətənin mənafeyi naminə həyata keçirəcəyimə and içirəm”. Haqqında söz açdığımız nümunəvi dövlət qulluqçusu cənab Həsən Həsənov da bu andı içmiş və həmin anda sadiq daim qalmışdır.
Həsən Həsənov Şəki Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini kimi öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri və İcra Hakimiyyətləri haqqında Əsasnaməni rəhbər tutur.
O, öz fəaliyyətini vətəndaşların hüquq və azadlıqlarının, qanuni mənafelərinin müdafiəsi, əhalinin rifahını yaxşılaşdırmaq naminə iqtisadiyyatın, sosial və mədəni sahələrin inkişafının təmin edilməsi, qanunçuluq, aşkarlıq və ictimai rəyin nəzərə alınması prinsipləri əsasında qurmuşdur.
Rayon sakinlərinin qayğı və problemlərinə olduqca həssas yanaşan Həsən müəllim Şəki Rayon İcra Hakimiyyəti başçısının aparatında, inzibati ərazi dairələri üzrə nümayəndəliklərində vətəndaşların qəbuluna, onların ərizə, təklif və şikayətlərinə “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada və müddətlərdə baxılmasının və onlara cavab verilməsinin təmin edilməsinə hərtərəfli köməklik göstərmişdir. Öz fəaliyyətində hesabatlılığı, şəffaflığı, ictimai rəyi nəzərə almışdır.
Həsən Həsənov rayonda maliyyə, vergi və büdcə, istehlak bazarı və sahibkarlığın inkişafı, əhalinin sosial müdafiəsi və gender bərabərliyi, mədəniyyətin və incəsənətin inkişafına dair dövlət proqramları, bədən tərbiyəsi, idman və turizmin inkişafı, uşaqlar və gənclərlə bağlı işlər, kütləvi informasiya vasitələri, siyasi partiyalar, dini qurumlar və qeyri-hökumət təşkilatları ilə qarşılıqlı fəaliyyət, qanunçuluq, asayişin qorunması, təhlükəsizlik və mülki müdafiə, insanların sağlamlığının, ərazinin sanitar-epidemioloji şəraitinin yaxşılaşdırılması və ətraf mühitin qorunması, ekoloji təhlükəsizliyin təmin edilməsi sahələrində dövlət siyasətinin həyata keçirilməsi üçün məqsədyönlü tədbirlərdə fəal təşkilati işlər görmüşdür.
Dövlət qulluğunun əsas xüsusiyyəti və mahiyyəti insanın dövlətə və cəmiyyətə şüurlu surətdə xidmət etməsidir. Bu işin müəyyən üstünlükləri və güzəştləri olsa da, bir çox çətinlikləri və mürəkkəblikləri də var. Həsən müəllim hesab edir ki, dövlət qulluqçusu dedikdə təkcə imtiyazlar barədə düşünmək düzgün deyildir. Dövlət qulluğuna gələn hər bir şəxs bilməlidir ki, o, bu yükü çiyninə götürərkən özünün bir sıra istəklərini də şüurlu surətdə məhdudlaşdırmağa, ilk növbədə ciddi iş rejiminə alışmağa, müəyyən edilmiş qayda-qanunlara, etik normalara riayət etməyə, vaxtla hesablaşmadan ona tapşırılan vəzifəni yerinə yetirməyə borcludur.
Müasir dövrdə dövlət qulluqçularının etik davranış qaydalarının tənzimlənməsi aktual problemlərdən biridir. Hər bir dövlət qulluqçusu qanunun aliliyini, insan hüquqlarını, demokratik prinsipləri və yüksək etik davranış qaydalarını rəhbər tutaraq, bu qanunun müddəalarına əməl etməyə borcludur. Həsən müəllimin şəxsində dövlət qulluqçusunun bir növ etalonunu görmək olur. O, nümunəvi dövlət qulluqçusu kimi bütün hallarda, bütün vəziyyətlərində oturuşu-duruşu ilə, rəftarı-davranışı ilə hər bir şəxs üçün vicdanlılıq nümunəsidir: öz peşəkar fəaliyyəti ilə dövlət orqanlarına hüquqi və fiziki şəxslərin inamını artırır və möhkəmləndirir; dövlət qulluğu ilə bağlı vəzifələrin icrası ilə bir araya sığmayan və onun adına xələl gətirə biləcək, habelə dövlət orqanının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol vermir; öz adını və şərəfini uca tutur. O, heç vaxt insanların hüquq və azadlıqlarını, qanuni maraqlarını pozan, onların şərəf, ləyaqət və işgüzar nüfuzunu ləkələyə biləcək qərarlara və hərəkətlərə (və ya hərəkətsizliyə) yol verməmişdir. Tabeliyində olan şəxslərə münasibətdə nəzakətli, xeyirxah, diqqətli və səbirli olmuşdur. Xidməti vəzifəsini yerinə yetirərkən və ya qərar qəbul edərkən qərəzsiz olmuş və bu zaman irqinə, milliyyətinə, dilinə, cinsinə, sosial mənşəyinə, əmlak və qulluq vəziyyətinə, dinə münasibətinə, əqidəsinə, ictimai və ya hər hansı digər birliyə mənsubiyyətinə görə hər hansı şəxsin və ya şəxslər qrupunun üstünlüyünə və ya belə üstünlüyün əldə edilməsi üçün şəraitin yaradılmasına yol verməmişdir. Xidməti vəzifələrinin yerinə yetirilməsi zamanı siyasi bitərəfliyə əməl etmiş, özünün və ya maraqlı şəxslərin mənafelərinin onun xidməti vəzifələrinin yerinə yetirilməsinə təsirinə yol verməmiş və bu cür təsir üçün şərait yaratmamışdır. Sərəncamında olan dövlət əmlakından, maliyyə vəsaitlərindən qənaətlə və səmərəli istifadə etmiş, onlardan xidməti vəzifələrinin icrası ilə əlaqədar olmayan digər məqsədlər üçün istifadə etməmişdir.
Həsən müəllim dostluqda da sədaqətlidir. O, dostarını, hətta vəzifədən çıxan həmkarlarını da tez-tez axtarır, heç bir təmənna, xahiş olmadan sadəcə, hal-əhval tutur. Yoldaşlıqda çox həssas, incə ruhludur.
O, həmişə çalışır ki, şəkililərin adına hörmət gətirsin. Şəkinin bəzən xarici, yüksək səviyyəli qonaqları olur. Birbaşa vəzifəsi ilə əlaqədar tədbirlərin gözəl təşkilatçısı olan Həsən müəllim xarici qonaqlara da elə qarşılama təşkil edir, bütün incəliklərinə qədər düşünülmüş.
Həsən müəllim işdən yorulmur, deyilən yerə, tədbirə, görüşə, işə hamıdan əvvəl gəlir. O, elin məclislərinin də başında olur. Bu da onun sadəliyinin təzahürüdür.
Onunla ünsiyyətdən insan ləzzət alır. Çalışqan, işində hər zaman məsuliyyətlidir. Heç zaman işin ağırlığından qorxmaz və işin çoxluğundan yorulmaz.
Xalqın içində böyümüş, xalqa qarışmış insandır. Dəmir iradəli, ürəyi rəhmli biridir. Hamının da dilini bilir. Ona görə ondan narazı qalan yoxdur desək, yanılmarıq.
İnsani keyfiyyətləri, bilik və bacarıqları, fikir yürütmək qabiliyyəti və mütaliəsi çox yüksəkdir. Evdə olanda da, istirahət günlərində də telefonu susmur. Bilirlər ki, ayın, günün hansı vaxtı olur-olsun, yenə ondan yardım istəyən adamdan köməyini əsirgəməyəcək.
Həsən Həsənov ötən ilə qədər Yeni Azərbaycan Partiyasının 12 min nəfər üzvü olan Şəki şəhər təşkilatının sədri işləyib. Onun siyasi müstəvidə xidmətləri çox yüksək qiymətləndirilib.
![]()
