
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin istintaq orqanlarında anda, xidməti və vətəndaşlıq borcuna sadiq, dövlət hakimiyyəti nümayəndəsi olaraq sağlam düşüncəyə və aydın mövqeyə malik, insanlara ədalətli, humanist, alicənab və mədəni münasibət bəsləyən, vətəndaşlarla ünsiyyətdə diqqətli və nəzakətli, dövlət tərəfindən verilmiş səlahiyyətlərdən yalnız qanun çərçivəsində istifadə edən, cinayət, yaxud digər hüquqpozmalar törətmiş şəxslərin qanunla qorunan hüquqlarına hörmətlə yanaşan, xidməti vəzifələrinin icrası zamanı qərar qəbul edərkən prinsipial, qərəzsiz, səmimi, obyektiv olan, öz xidməti vəzifələrinin icrasına buna səlahiyyəti olmayan şəxslər tərəfindən müdaxilə etmək cəhdlərinin qarşısını qətiyyətlə alan, bir sözlə, sözün həqiqi və hərfi mənasında ləyaqətli müstəntiqlər çoxdur.
Amma təəssüf hissi ilə qeyd edək ki, müstəntiqlər arasında “təsadüfi” şəxslər vardır ki, qərar qəbul edərkən haqq-ədaləti unudur, qanunun aliliyini əldə rəhbər tutmur, törədilmiş cinayətin ağırlığını-yüngüllüyünü nəzərə almırlar. Əksinə, onları şəxsi maddi maraqları düşündürür: Nəinki təqsirləndirilən və şübhəli bilinən, şahid qismində cəlb olunan, hətta zərərçəkmiş şəxslərin belə “cibinin dərinliyi”ni əsas götürürlər. Yaxşı “pul iyi gəlməyən” bütün işlər onlar üçün maraqsızdır, vaxt itkisindən, “boşuna” əziyyətdən başqa bir şey deyildir. Halbuki, dövlət sərf etdikləri vaxta, gördükləri işə görə onlra maaş verir. Xidmətə qəbul olunanda, vəzifəyə təyin olunanda nə qədər məvacib alacaqlarını bilirdilər.
Belələrinin ədalətsiz qərarlarından yuxarı instansiyalara çoxsaylı şikayətlər ünvanlanır, narazı vətəndaşların etiraz səsləri KİV-də ictimailəşdirilir. İnternetdə “müstəntiq” və “qanunsuz” sözlərini yanaşı yazıb axtarış elan edəndə bu mövzuda saysız-hesabsız informasiyaya rast gəlmək olar. Elələrini cəmiyyət içində, məişətdə keçirdikləri dəbdəbəli həyat tərzi ilə, cəmi bir neçə il işlədikdən sonra yiyələndikləri varidata, nəhəng villalarına, özlərinin və ailə üzvlərinin sürdükləri bahalı “inomarka” avtomobillərə, istirahətə getmək üçün seçdikləri əyləncə məkanlarına görə asanlıqla tanımaq mümkündür. Aydın məsələdir ki, quru maaşları ilə bu qədər topdağıtmaz sərvətə sahiblənə bilməzlər. Onların heç də hamısı hazırda həbsdə olan sabiq icra başçısı Vilyam Hacıyev kimi iddia edə bilməzlər ki, malik olduqları haram kapital həyat yoldaşlarının ulu babasından miras qalıb.
Demək, bir nəticə hasil olur: Korrupsiyaya qurşanıblar, artıq görünən gəlirlərinin mənbəyi məhz rüşvətdir. Obyektiv olmadıqları, araşdırmalarında qərəzssiz mövqe tutmadıqları üçün nəinki istintaqa cəlb edib dindirdikləri şəxslərdə, ümumən cəmiyyətdə onlara qarşı etibar olmur.
“Doğru Söz”
![]()
