Müdafiə naziri Ermənistanın təxribatlarına dərhal adekvat cavab verilməsini tapşırıb

Oxunma vaxtı:1 Dəqiqə, 15 Saniyə

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə Mərkəzi Komanda Məntəqəsində xidməti müşavirə keçirilib.

Doğrusöztv.Az bildirir ki, Nazirlikdən  verilən məlumata görə, müşavirəyə nazir müavinləri, qoşun növləri komandanları, nazirliyin baş idarə, idarə və xidmət rəisləri, eləcə də videobağlantı vasitəsilə azad edilmiş ərazilərdə dislokasiya olunan hərbi birlik və birləşmələrin komandirləri, o cümlədən digər məsul zabitlər də cəlb olunub.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin Azərbaycan Ordusu qarşısında qoyduğu tapşırıqları müşavirə iştirakçılarına çatdıran müdafiə naziri bildirib ki, Azərbaycan Ordusunda aparılan islahatlar bundan sonra da davam etdiriləcək.

Müdafiə naziri Türkiyənin milli müdafiə naziri və baş qərargah rəisini, o cümlədən qəhrəman Türk əsgərini 30 avqust – Türkiyənin Zəfər Bayramı və Silahlı Qüvvələr Günü münasibəti ilə təbrik edib.

Ermənistan-Azərbaycan dövlət sərhədində və Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan Respublikasının ərazilərində vəziyyəti təhlil edən müdafiə naziri qarşı tərəfin təxribat fəaliyyətinə dərhal adekvat cavabın verilməsi, qoşunların döyüş qabiliyyətinin və şəxsi heyətin döyüş hazırlığının daim yüksək səviyyədə saxlanılması məqsədilə bölmələrin və idarəetmə məntəqələrinin fəaliyyətinin praktiki məşq etdirilməsi, döyüş planlarının dəqiqləşdirilməsi, həmçinin maddi-texniki təminat məsələlərinə xüsusi diqqət yetirilməsi ilə bağlı tapşırıqlar verib.

Azərbaycan Ordusunda planlaşdırılan tədbirlərə toxunan general-polkovnik Z.Həsənov azad edilmiş ərazilərdəki bölmələrdə qoşun xidmətinin təşkili, ərazilərin mina və partlamamış döyüş sursatlarından təmizlənməsi, hərbi infrastrukturun yaradılması, dağ yolların çəkilməsi və onların daim işlək vəziyyətdə saxlanılması, bölmələrin qışa hazırlığının təmin edilməsi ilə bağlı müvafiq göstərişlər verib. Nazir nizam-intizam və təhlükəsizlik, o cümlədən yanğın təhlükəsizliyi qaydalarına riayət olunması, eləcə də hərbi qulluqçuların tibbi təminatının daha da yaxşılaşdırılmasına xüsusi diqqət yetirilməsinin vacibliyini bildirib.

Loading

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Şarl Mişel: Avropa öz iqtisadiyyatını daha da gücləndirməlidir

Avropa öz iqtisadiyyatını daha da gücləndirməlidir.Bunu Avropa İttifaqı Şurasının keçmiş Prezidenti Şarl Mişel XII Qlobal Bakı Forumunda deyib. Onun sözlərinə görə, ticarət müharibəsi Ağ Evdə başlayan hadisənin nəticəsi ola bilər: “Avropalılar heç vaxt görülmədiyi qədər özlərinə inamlı olmalı və addımlarını bu əsasda atmalıdırlar. Təsisat inkişafına daha çox sərmayə yatırlmalı, iqtisadiyyat […]