Bakıda TDT-yə üzv ölkələrin QHT-lərinin II Həmrəylik Forumu keçirilir

Oxunma vaxtı:1 Dəqiqə, 17 Saniyə

Bakıda Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin qeyri-hökumət təşkilatlarının II Həmrəylik Forumu keçirilir.

Tədbir “Bakı Şəhərsalma Həftəsi” çərçivəsində Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı, TDT-yə üzv ölkələrin QHT-lərinin Platformasının tərəfdaşlığı ilə baş tutur.

Forumda 8 ölkədən – Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Şimali Kipr Türk Cümhuriyyəti və Macarıstandan vətəndaş cəmiyyəti institutlarının təmsilçiləri iştirak edirlər.

TDT-yə üzv ölkələrin QHT-lərinin I Həmrəylik Forumu QHT-lərə Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə 2025-ci il noyabrın 23-26-da Bakı və Naxçıvanda keçirilib. Tədbirdə təşkilatın tarixinə 2009-cu ildə “Naxçıvan Sazişi” ilə düşmüş, qurum üçün böyük rəmzi və mənəvi məna daşıyan Naxçıvan şəhərində TDT-yə üzv ölkələrin QHT-lərinin Platforması təsis edilib. Platformaya rəhbərlik TDT-nin hazırkı sədri kimi Azərbaycana həvalə edilib. Həmin forumda həmçinin Naxçıvanda “WUF13-ə doğru – Türk dünyasında ilk” adlı panel müzakirələri də təşkil edilib.

TDT-yə üzv ölkələrin QHT-lərinin II Həmrəylik Forumu çərçivəsində ilk dəfə Azərbaycan-Qırğızıstan, Azərbaycan-Türkmənistan, Azərbaycan-Şimali Kipr QHT-lərinin I Əməkdaşlıq forumları da gerçəkləşdiriləcək.

Ötən dövrdə – 2022-ci il mayın 19-da Azərbaycan-Türkiyə QHT-lərinin Əməkdaşlıq Forumu, 2023-cü il noyabrın 27-də Füzulidə Azərbaycan-Özbəkistan QHT-lərinin Əməkdaşlıq Forumu, 2024-cü il dekabrın 5-də Daşkənddə Özbəkistan-Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumu, 2025-ci il noyabrın 24-də Bakıda Azərbaycan-Qazaxıstan QHT-lərinin Əməkdaşlıq Forumu keçirilib. Bu forumlar Türk dünyası QHT-lərinin BMT və digər beynəlxalq təsisatlar çərçivəsində birgə, koordinasiyalı fəaliyyəti üçün mühüm dəyərə malikdir.

Qeyd edək ki, son altı ayda artıq ikinci dəfədir TDT-yə üzv ölkələrin QHT-ləri Azərbaycanda toplaşır.

Loading

Next Post

İlham Əliyevin Türküstan mesajı: Orta Dəhlizdən rəqəmsal suverenliyə gedən yol - ŞƏRH

Qazaxıstanın Türküstan şəhəri mayın 15-də mühüm tarixi hadisəyə ev sahibliyi etdi. Türk Dövlətləri Təşkilatı (TDT) dövlət başçılarının qeyri-rəsmi zirvə görüşü türk dünyasının gələcək rəqəmsal inkişaf vektorunu müəyyən etmək baxımından böyük əhəmiyyətə malikdir. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərlik etdiyi nümayəndə heyətinin iştirakı ilə reallaşan bu sammit TDT üzvlərinin birliyi, həmrəyliyi və […]