Prezident İlham Əliyev Məsud Pezeşkianı təbrik edib

Oxunma vaxtı:55 Saniyə

Prezident İlham Əliyev İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiana təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

“Hörmətli cənab Prezident,

İran İslam Respublikasının milli bayramı – İslam İnqilabının Qələbəsi Günü münasibətilə Sizi və bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik edirəm.

Ortaq dini-mədəni köklər və mehriban qonşuluq telləri ilə bir-birinə bağlı olan xalqlarımız və ölkələrimiz arasında əlaqələrin inkişaf etdirilməsi bizim üçün xüsusi əhəmiyyət daşıyır. Son dövrdə Azərbaycan-İran münasibətlərinin dinamikasının artması məmnunluq doğurur.

Sizin keçən il Azərbaycana həm rəsmi, həm də işgüzar səfərləriniz dövlətlərarası münasibətlərimizin tarixində yeni səhifə açaraq qarşılıqlı faydalı əməkdaşlığımızın inkişafına təkan vermişdir.

Hazırda ikitərəfli gündəliyimizdə duran məsələlərin əhatə dairəsi genişlənir və yeni məzmunla zənginləşir. Müxtəlif səviyyələrdə səfərlərin intensiv xarakteri, imzalanan sənədlər, həyata keçirilən birgə layihələr, o cümlədən Dövlət Komissiyasının səmərəli fəaliyyəti qarşılıqlı maraq doğuran əməkdaşlığımızın dərinləşməsi üçün əlverişli imkanlar yaradır.

İnanıram ki, regionumuzun təhlükəsizliyi və rifahı naminə Azərbaycan-İran əlaqələri və əməkdaşlığı dost və qardaş xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da birgə səylərimizlə möhkəmlənməyə davam edəcəkdir.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost və qardaş İran xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram”.

Loading

Next Post

DİN qadınlara qarşı zorakılıqla bağlı müraciət edib - VİDEO

Daxili İşlər Nazirliyi qadınlara qarşı zorakılıq halları ilə bağlı müraciət edib. Müraciətdə qeyd olunub ki, DİN tərəfindən cinayətlərin, o cümlədən qadınlara və uşaqlara qarşı törədilmiş ailə-məişət xarakterli zorakılıq əməllərinin qarşısının alınması sahəsində aidiyyəti dövlət qurumları ilə birgə mütəmadi olaraq profilaktik tədbirlər həyata keçirilir: “Məişət zorakılığına qarşı mübarizə təkcə hadisə baş […]