
İnsan özünü təbiətin ağası hesab etsə də, təbiətə biganəlik, laqeyd münasibət bumeranq kimi geri qayıdır. Təbiətin füsunkar neməti olan meşələr sağlamlıqdır, gözəllikdir və hər bir ölkənin sərvətidir. Buna görə də meşələrin mühafizə olunması, qorunması çoх vacibdir. Eyni zamanda, ağac əkməklə yalnız hansısa bir qurumun məşğul olmasını gözləmək doğru deyil. Hər kəs ağac əkməklə öz ailəsinin, övladlarının, ölkəsinin gələcəyi üçün çalışa bilər. Bu postulatlar meşə resursları çox olmayan Azərbaycan üçün də keçərlidir.
Doğrudur, son illərdə Azərbaycanda meşələrdə qanunsuz ağac tədarükü və digər meşəqırmalarının qarşısının alınması, bərpa olunan meşə ehtiyatlarından (meyvə, dərman və digər texniki bitkilər) səmərəli istifadənin təşkili, meşələrin bərpası üçün yeni əkinçilik sisteminin təlabatlarına cavab verən tez böyüyən meşə plantasiyalarının salınması, meşələrin fitosanitar vəziyyətinin müəyyən edilməsi, müxtəlif xəstəlik və ziyanvericilərdən mühafizə edilməsi məqsədilə müvafiq tədbirlərin həyata keçirilməsi istiqamətində əhəmiyyətli işlər görülmüşdür. Buna baxmayaraq, meşə qanunvericiliyinin tələblərinin pozulması ilə bağlı faktlar da az deyildir. Adi gözlə müşahidə etmək olur ki, meşə fondu ərazisində, periferiyalarında heyvandarlıq, fermer təsərrüfatları salınır. Mal-qaranın, iri və xırdabuynuzlu heyvanların tapdağı altında qalan meşə torpaqlarının faydalı funksiyaları pozulur, şitilliklər məhv edilir. Meşə qanunvericiliyində Meşə Mühafizəsi və Bərpası Müəssisələrinə meşədən əlavə istifadə və yardımçı kənd təsərrüfatı sahələrinin genişləndirilməsi kimi bəndlər nəzərdə tutulsa da, meşə ərazisində otarılan heyvanlar MMBM rəislərinə yaxın olan və ya onlarla sövdələşən ayrı-ayrı şəxslərin maddi maraqlarına xidmət edir.
Belə nəticəyə gəlmək olur ki, meşə fondunun qorunub mühafizə olunması və bərpası sahəsində tədbirlərin həyata keçirilməsini təmin etmək və meşələrin mühafizəsi sahəsində qanunvericiliyə riayət olunmasına nəzarəti həyata keçirmək sahəsində hələ çox işlər görülməlidir.
MMBM-ləri meşəyə göstərilən xidmət işləri zamanı əldə olunan oduncaqdan, yerli meşə xammalından xalq istehlakı malları və digər sənaye məhsulları istehsal olunması barədə Nazirliyə ikinci dərəcəli meşə məhsullarından istifadəyə dair əsaslandırılmış təkliflər verə bilərlər və qanunla bu, nəzərdə tutulub. Lakin meşələrin inkişafına cavabdeh olan vəzifəli şəxslər zəhmət çəkmək istəmir, yalnız meşələri qırıb-çatan parket və mebel sahibkarlarının talançılığına təmənna müqabilində göz yummaqla məşğuldurlar. Parket və digər ağac məmulatları sexlərinin və satış məntəqələrinin get-gedə çoxalması, hətta bir əyalət rayonunda 5-6 belə sexin fəaliyyət göstərməsi, həmin sexlərin sahiblərindən işlətdikləri ağac məmulatlarının mənbəyinin soruşulmaması meşə talanı ilə mübarizə işinin acınacaqlı vəziyyətdə olduğunun aşkar göstəricisdir.
Seyid İsmayıl Abbasov,
“Doğru Söz” qəzetinin və “DogruSoztv.az” Milli İnformasiya Agentliyinin baş redaktoru
![]()
