

İyunun 17-də Azərbaycanın səhiyyə ictimaiyyəti Ümumdünya Tibb İşçisi Gününü qeyd etdi. Xalqımız, ölkə vətəndaşları əlləri çatan hər yerdə – tədbirlərdə, sosial şəbəkələrdə, kütləvi informasiya vasitələrinin tribunalarında insan sağlamlığının keşiyində duran “ağ xalatlı mələkləri” təbrik etdilər, onlara həyatda ən şirin nemət olan can sağlığı, işlərində müvəffəqiyyətlər arzuladılar.
Ən yaxşı sözlərə, ən yüksək fikirlərə layiq olan, xalqın alqışlarını qazanmış, dövlətin verdiyi diqqəti və qayğını haqq etmiş səhiyyə işçilərinin bir qrupu da Ağcabədi rayonunda vətəndaşlara xidmət edir. Bu sətirlərin müəllifi bu günlərdə öz gözləri ilə şahidi oldu: Əsasən laçınlı məcburi köçkünlərin məskunlaşdığı Ağcabədi rayonunun Taxta Körpü yaşayış məskənində (Laçın obaları) vəziyyəti ağırlaşan xəstə vaxtında yetişmiş ambulans maşını ilə Ağcabədi Mərkəzi Rayon Xəstəxanasının Təcili Tibbi Yardım Şöbəsinə çatdırıldı. Direktor Həsən Hüseynov şəxsən özü əynində xalat, onunla bərabər cərrahiyyə şöbəsinin müdiri doktor Azad Hüseynov, başqa daha bir cərrah, bir neçə ixtisaslı həkim, 6-7 nəfər tibb bacısı xəstənin müayinəsindən dərhal sonra müdaxilə edərək onu kritik vəziyyətindən çıxardılar.
Onu da qeyd edək ki, xəstə başqa vətəndaşlarla müqayisədə heç bir üstün imtiyaza malik deyildi. Sadəcə olaraq Ağcabədi RMX-nın kollektivi, xüsusilə də yüksək peşəkarlığa, idarəetmə qabiuliyyətinə və yüksək insani keyfiyyətlərə malik doktor Həsən Hüseynov müəssisəyə direktor vəzifəsinə təyin olunandan sonra hər bir xəstəyə öz yaxın adamı, ailəsinin bir üzvü kimi yanaşır, var gücləri ilə əllərindən gələn köməyi əsirgəmirlər. Həsən həkimin səriştəli rəhbərliyi altında bu gün Ağcabədi RMX öz fəaliyyətini günün müasir tələbləri səviyyəsində qurmuşdur və müəssisədə maddi-texniki təchizatın və tibbi xidmətin səviyyəsi hətta paytaxt Bakının ən qabaqcıl tibb mərkəzləri ilə müqayisə edilə biləcək bir səviyyəyə çatmışdır. Xəstəxananın bütün şöbələrinin, eləcə də qəsəbə və kənd sahə xəstəxanalarının, həkim və tibb məntəqələrinin fəaliyyətində müsbət istiqamətdə ciddi dönüş müşahidə olunmaqdadır.
Onu da qeyd edim ki, haqqında söz açdığım xəstəyə dərman preparatları ilə elə xəstəxananın öz hesabına təmin olunmuş, cərrahi müdaxilədən sonra hələlik özü yerimək iqtidarında olmadığına görə ambulansla yaşadığı yerə çatdırılmışdır. Hətta sonrakı günlərdə də xəstəxanadan zəng vurub vaxtaşırı xəstənin halını soruşur, dərmanların qəbulu üzrə göstərişlərə necə əməl olunduğunu nəzarətdə saxlayırlar.
Xəstənin özü, yaxınları saytımızın tribunasından yararlanaraq, Ağcabədi Rayon mərkəzi Xəstəxanasının direktoru Hüseynov Həsən Fərman oğluna cərrahiyyə şöbəsinin müdiri Hüseynov Azad Vaqif oğluna, ümumiyyətlə xəstəxananın çoxsaylı ali və orta ixtisaslı tibb işçilərindən ibarət bütün kollektivinə təşəkkürlərini bildirirlər.
Seyid İsmayıl Abbasov
![]()
