Ucar Rayon Polis Şöbəsinin şəxsi heyəti rayonda ictimai asayişin, əmin-amanlığın qorunmasında öhdəsinə düşən müqəddəs vəzifəni ləyaqətlə yerinə yetirir

Oxunma vaxtı:4 Dəqiqə, 21 Saniyə

Ölkəmizdə uğurla həyata keçirilən hüquq mühafizə siyasətinin məntiqi nəticəsi olaraq ölkəmizdə möhkəm təməllərə söykənən sabitlik 2022-ci ildə də etibarlı qorunub. Daxili işlər orqanları və Daxili Qoşunlar tərəfindən əvvəlki illərdə əldə olunmuş müsbət nəticələrin inkişaf etdirilməsi istiqamətində əhəmiyyətli işlər görülüb. Cinayətkarlıqla mübarizə, ictimai asayişin qorunması, insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində xidməti vəzifələr layiqincə yerinə yetirilib, beynəlxalq və respublika əhəmiyyətli kütləvi tədbirlərdə, habelə işğaldan azad edilmiş ərazilərdə təhlükəsizlik etibarlı təmin edilib.  Prokurorluq orqanları ilə birgə cinayətlərin qarşısının alınması, açılması, istintaqı, bütövlükdə vətəndaşların qanuni mənafelərinin qorunması sahəsində davamlı iş aparılıb, o cümlədən keçmiş illərdən bağlı qalmış cinayətlər üzrə təqsirli şəxslər müəyyən edilərək məsuliyyətə cəlb olunub.

Azərbaycan polisi və bu böyük qüvvənin tərkib hissəsi olan Ucar Rayon Polis Şöbəsinin şəxsi heyəti rayonda ictimai asayişin, əmin-amanlığın qorunmasında öhdəsinə düşən müqəddəs vəzifəni ləyaqətlə yerinə yetirir. Polis polkovniki Valik Vəlimətov Ucar RPŞ-nə 2021-ci ilin iyul ayında rəis vəzifəsinə təyin olunub. O, daha əvvəl Siyəzən rayon polisində rəhbər vəzifədə işlədiyi vaxt dövlətin və xalqın gözündə ucalıb. Şərəfli xidmət yolu keçən Ucar RPŞ-nin şəxsi heyəti bu gün Valik Vəlimətovun rəhbərliyi altında rayonda hüquqpozmalara qarşı profilaktiki tədbirlərin həyata keçirilməsi üçün mühüm işlər görür. Rayonda polis xidmətinin və ictimai təhlükəsizliyin səmərəsini artırmaq üçün asayiş keşikçiləri ilə ictimaiyyət arasında etimada və əməkdaşlığa əsaslanan münasibətlər inkişaf etdirilir. Təqdirəlayiq haldır ki, rayonda ictimai asayişin qorunması, cinayətkarlığa qarşı mübarizə, xüsusi tapşırıqların vaxtında yerinə yetirilməsi və insanlar arasında profilaktiki maarifləndirmə işinin aparılması nəticəsində cinayət hadisələrinin törədilmə səbəbləri isti izlərlə açılır, təqsirli bilinən şəxslər qısa zamanda saxlanılaraq məsuliyyətə cəlb edilir, həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində bir sıra hadisələrə görə axtarışda olan şəxslər tez müddətdə saxlanılaraq istintaqa təhvil verilir. Eləcə də rayonda kriminal hadisələrin sayı azalır, əxlaqsızlıq yuvaları və qumarxanaların fəaliyyətinə son qoyulur.

Ucar rayonunda gənclərin narkotik maddələrdən cəkindirilməsində polis böyük səylə əmək sərf edir. Şöbə və onun bölmələrində zabitlərdən tutmuş, polis nəfərlərinə kimi nizam – intizamın qorunmasında, vətəndaş və polis arasındakı səmimi münasibətin qurulmasına əhəmiyyətli dərəcədə diqqət yetirilir. Polisin bu kimi fəaliyyəti sakinlər tərəfindən razılıqla qarşılanır.

Təcrübəli polis zabiti Valik Vəlimətov öz xidməti fəaliyyətində yüksək peşəkarlığı, insani keyfiyyətləri və işdən kənar davranış mədəniyyəti ilə daxili işlər orqanlarının nüfuzunu daim artırmağa çalışır. O, xidməti fəaliyyətində qanunun aliliyini rəhbər tutmaqla yalnız faktlara əsaslanır, qanunçuluq, hər kəsin qanun qarşısında hüquq bərabərliyi prinsiplərinə riayət edir, vətəndaşların hüquq və azadlıqlarına, hüquqi şəxslərin mənafelərinə əməl və hörmət edir, insanların hüquq və azadlıqlarını, qanuni maraqlarını pozan, onların şərəf, ləyaqət və işgüzar nüfuzunu ləkələyə biləcək qərarlara və hərəkətlərə (və ya hərəkətsizliyə) yol vermir. Daim nəzərə alır ki, milli qanunvericiliklə və beynəlxalq konvensiyalarla təsbit edilən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi Azərbaycan dövlətinin ali məqsədidir.

Cənab V.Vəlimətov daxili işlər orqanlarında bütün xidmət dövründə icraatındakı işlər üzrə təqsirsizlik prezumpsiyası və digər prinsiplərə daim riayət olunmasını təmin edib, ədalətli məhkəmə baxışına mənfi təsir göstərən, əvvəlcədən ictimai rəyin formalaşdırılmasına yönəlmiş hərəkətlərə yol verməyib. O, ümumi və hüquqi biliklərini, nəzəri və peşəkarlıq səviyyəsini artırmaq üçün daim öz üzərində işləyir, milli qanunvericilikdəki və beynəlxalq hüquqdakı yenilikləri yaxından izləyir. Həmçinin kütləvi informasiya vasitələrinin onun işlədiyi polis orqanının fəaliyyətini işıqlandırmaq istəyinə rəğbətlə yanaşır, jurnalistlərin dürüst və obyektiv məlumat almaq hüququna qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada kömək göstərir. İndiyədək qulluq etdiyi dövrdə maraqların toqquşmasına yol verməmiş, xidməti fəaliyyətindən kənar davranışı onun peşə nüfuzuna kölgə salmamışdır. Təsadüfi deyildir ki, həmsöhbət olduğumuz, polisin fəaliyyəti ilə bağlı nə düşündüklərini soruşduğumuz Ucar sakinləri Rayon Polis Şöbəsinin işindən razılıqlarını bildirir və cənab nazir Vilayət Eyvazova V.Vəlimətov kimi layiqli, peşəkar bir kadrı Ucar RPŞ-nə rəis təyin etdiyi üçün minnətdarlıqlarını ifadə edirlər.

Şöbənin təhqiqat qrupunun, istintaq bölməsinin fəaliyyətlərində də uğurlu göstəricilər yetərincədir. Şöbənin sahə inspektorlarının, ictimai təhlükəsizlik bölməsinin, qeydiyyat və şəxsiyyət vəsiqəsi qrupunun fəaliyyətinin də tələblər səviyyəsində olması üçün tədbirlər həyata keçirilmiş, uğurlu nəticələrin sayı xeyli artırılmışdır. Sahə inspektorları yerlərlə əlaqənin möhkəmləndirilməsində mühüm rol oynayırlar. Şəhər, kənd və qəsəbələrimizdə hüquq qaydalarına necə nəzarət olunması, profilaktik tədbirlərin aparılması, narahat adamların nəzarətdə saxlanılması, onlarla işin gücləndirilməsi birbaşa onların gündəlik fəaliyyətinin ayrılmaz hissəsidir. Onlar vəzifələrinin öhdəsindən gəlmək üçün əllərindən gələni əsirgəmirlər. Sahə inspektorları tərəfindən ayrı–ayrı hüquqa zidd əməllər törətmiş şəxslər barəsində inzibati protokol tərtib edilmiş və onların hər biri barəsində tədbir görülmüşdür. Münaqişəli ailələr qeydiyyata götürülmüş və onların ətrafında zəruri profilaktik tədbirlər həyata keçirilir.

Ucar RPŞ-nin bütün bölmələri kimi, Dövlət Yol Polisi Bölməsi də təcrübəli polis zabiti Elşən Abbasovun rəhbərliyi altında rayon ərazisində yol hərəkəti qaydalarına nəzarəti yüksək səviyyədə təşkil edib. Cinayətkarlıqla mübarizə, ictimai asayişin pozulması hallarının qarşısının alınması, yol hərəkətinin təhlükəsizliyinin təmini işində ayıq-sayıq olan Ucar ŞRPŞ –nin DYP Bölməsi ötən 2022-ci il ərzində uşaq və yeniyetmələr arasında yol hərəkəti təhlükəsizliyinə dair bilik və vərdişlərin inkişaf etdirilməsi, onların yol hərəkəti qaydaları haqqında biliklərinin artırılması, eləcə də uşaq travmatizminin qarşısının alınmasında ictimai həmrəyliyə nail olmaq məqsədi ilə tədbirlər təşkil etmiş,  ətraf mühitin nəqliyyatdan atılan zəhərli qazlarla çirkləndirilməsi hallarının qarşısının alınması məqsədi ilə reydlər keçirmiş, sürücülərə, keçirilən tədbirlərin ekoloji duruma müsbət təsiri barədə ətraflı məlumat verilmişdir.

Şübhə yoxdur ki, Prezident İlham Əliyevin dövlətçilik və müstəqillik kursunun sadiq icraçısı olan Azərbaycan polisi, o cümlədən, Ucar RPŞ-nin şəxsi heyəti, ötən illərdə olduğu kimi, bundan sonra da asayişin, daxili təhlükəsizliyin keşiyində əzm və qətiyyətlə dayanacaq, respublikamızın daha da çiçəklənməsi və qüdrətlənməsi naminə üzərinə düşən vəzifənin öhdəsindən layiqincə gələcəkdir.

Kərim Babayev

Loading

Next Post

<strong>Regional təhsil idarələrinin iqtisadi zonalar üzrə formalaşması və fəaliyyət göstərməsi həm də yerlı ənənələrin təhsildə əksini tapmasına səbəb olmaqdadır</strong>

Mingəçevir şəhəri, Ağdaş, Göyçay, Kürdəmir, Ucar, Yevlax və Zərdab rayon təhsil şöbələrinin əsasında yaradılmış Mərkəzi Aran Regional Təhsil İdarəsi rəis Elçin Kərimovun rəhbərliyi altında üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlməkdədir. Kərimov Elçin Vaqif oğlu 01 may 1980-ci ildə Oğuz şəhərində anadan olub. 1997-2001-ci illərdə Bakı Dövlət Universitetinin coğrafiya, 2008-2011-ci illərdə […]