Birinci Qarabağ savaşindan film kimi qəhrəmanliq nümunəsi

Oxunma vaxtı:3 Dəqiqə, 7 Saniyə
Əsgərov Əhliman Əvəz oğlu

Silahli düşməni əliyalın məhv edən şəhidin övladlarının acı taleyi

2020-ci ilin payızında baş verən və 44 gün çəkən Vətən müharibəsi nəticəsində Qarabağ, o cümlədən, Laçın rayonu yağı tapdağından azad edildi. Həsrətə son qoyuldu. Vətən uğrunda haqq mücadiləsi apararaq canından keçmiş həm Birinci, həm də İkinci Qarabağ savaşı şəhidlərinin, ümumiyyətlə, atəşkəsin pozulması, cəbhə xəttində ara-sıra baş vermiş toqquşmalar nəticəsində, eləcə də 2016-cı il Aprel döyüşlərində dünyasını dəyişmiş şəhidlərin ruhları şaddır.

1992-ci il mayın 18-də Şuşa şəhərinin Turşsu deyilən ərazisindən və Ermənistan istiqamətindən hücuma keçən düşmənin Laçını işğal etməsindən ciddi zərbə alan ailələrdən biri də mənim dayımın ailəsi olmuşdur. 1992-ci ildə düşmənlərimiz bizim rayonu işğala başlayan zaman mənim dayım (həm də qaynatam) Əsgərov Əhliman Əvəz oğlu iki qızı Həcər və Laləzar (mənim həyat yoldaşım), bir də oğlu Vəkil doğma Dambulaq kəndini tərk etməmişdilər. Bütün Laçın camaatı rayondan çıxsa da belə, dayım kəndi tərk etməməyə qərar vermişdi, demişdi ölsəm də, qalsam da bu kənddən heç hara getməyəcəm. Bir balaca kənddən dağlara, Kəlbəcərə tərəf çəkilmişdi. Sonra – şəxsən mən özüm də ordaydım, – bizim Laçının kəndlərinə Kəlbəcər ərazisindən hərbşilərimiz daxil oldu, xeyli kəndlərimizi işğaldan azad elədilər. Dayım övladları ilə birgə yenə kənddə yaşaıyrdı. Əfsus, bu vəziyyət uzun sürmədi. Kəlbəcər tərəfdən blokadaya düşəndən sonra hərbçilərimiz geri çəkilməyə məcbur oldular. Dayım Kəlbəcər ərazisinə gələndə hələ bilmirdi ki, orada da erməni yaraqlıları var. Yolda Qalaboyunlu kəndində erməni faşisti ilə qarşılaşırlar. Silahlı düşmən onları silahsız görüb girov götürür. Təxminən bir neçə yüz metr yolu qət edəndən sonra dayım fürsət tapıb ayağının üstündə fırlanır, erməninin qollarından yapışıb sıxır, avtomat yerə düşür. Həmin erməni ilə orda əlbəyaxa döyüşəndən sonra tərksilah etdiyi düşməni elə onun öz avtomatı ilə öldürür.

Sonra ordan geri – Laçın tərəfə üz tuturlar, amma görürlər ki, artıq yollar bağlıdı. Orada bizim 8-9 nəfər hərbçimizlə rastlaşırlar. Laçın tərəfdən mühasirədən qaçan bu cavan hərbçilər yolu-rizi tanımırmışlar. Dayım onlara bələdçilik edir, yoxsa onlar da tuneldə düşmənin mühasirəsinə düşəcəkmişlər. Başqa yol seçərək Başlıbel ərazisindəki böyük kahalara doğru gedirlər. Burda 30-40 nəfər Kəlbəcər sakini daldalanıbmış. Dayımgil də onlara qatılırlar. Bir neçə həftə kahalarda qalandan sonra erməni yaraqlıları onların yerini müəyyənləşdirirlər.

Aralarında qeyri-bərabər döyüş olur. Bizimkilərdən xeyli insan girov düşür, yaralanır, öldürülür. Düşmən də xeyli itki verir.

Ertəsi gün səhəri dayım çıxıb kəşfiyyat aparanda onu da pulemyotla vururlar, şəhid düşür.  Dayımın qızı Əsgərova Laləzar (hazırda mənim soyadımı daşıyan həyat yoldaşım Abbasova Laləzar) girovları çıxarıb qayanın başına yığarkən özünü qayadan uçuruma atır, fikirləşir ki, erməni əlinə keçməkdənsə intihar yaxşıdır. Lakin tale elə gətirir ki, sağ qalır.  Dayım uşaqları və sağ qalan digərləri daha 4 ay dağlarda keçirməli olurlar.

Nəhayət, Daşkəsən yolu ilə gəlirlər Tərtər rayonuna. Dayım uşaqları qohum evində bir neçə gün qalandan sonra Ağcabədiyə – əmilərigilə gəlib yetişirlər.

Keçirdikləri dəhşətli sarsıntılar, iztirablar dayımın övladlarının səhhətinə təsirsiz ötüşməmişdir. Həcər uzun sürən məşəqqətlərdən, ağrı-acıdan dünyasını erkən dəyişmişdir. Dayım oğlu Vəkil o vaxt başlarına gələn hadisədən keçirdiyi qorxu hissindən anlaqsız vəziyyətə düşüb, ailə belə qurmaq iqtidarında olmamışdır. Abbasova Laləzar xanım da səhhətindən şikayətlidir. Əmək qabiliyyəti qismən olsa da, hazırda işsizdir, təəssüf ki, şəhid qızının öz məşğuliyyətini təmin etmək üçün aidiyyəti qurumlara müraciətinə həssas yanaşılmır.    

Beləliklə, əzizi oxucular, Birinci Qarabağ savaşında film kimi rəşadət nümunəsi göstərmiş, silahlı düşməni əliyalın məhv eləmiş, Vətənini və ailəsini qorumaq üçün canını fəda etmiş şəhid dayım Əsgərov Əhliman Əvəz oğlunun qəhrəmanlıq tarixçəsi  ilə tanış oldunuz. Nə yaxşı ki, müzəffər Ordumuz İkinci Qüarabağ savaşında qalib gələrək torpaqlarımızı yağı tapdağından azad etdi. Biz indi Əhliman Əsgərovun keçdiyi cığırlarla gedib bir qərinə əvvəl baş vermiş o müdhiş hadisələr  barədə təsəvvürlərimizi daha da dəqiqləşdirə, hətta film də çəkə bilərik. Bu qələbə sevincini bizə yaşadan, şəhidlərimizin qanını yerdə qoymayan Şanlı Azərbaycan Ordusuna, onun Qalib Sərkərdəsinə eşq olsun!       

Seyid İsmayıl Abbasov,

“Doğru Söz” Milli İnformasiya Agentliyinin baş redaktoru

Loading

Next Post

FHN hava ilə bağlı əhaliyə müraciət etdi

FHN qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib. BiG.AZ xəbər verir ki, müraciətdə deyilir: “Əvvəlcədən xəbərdarlıq edildiyi kimi, bu gün gündüz saatlarından başlayaraq respublikanın bir sıra ərazilərində hava şəraiti dəyişib, yağıntılı hava müşahidə olunub. Bəzi yerlərdə yağış xüsusilə intensiv xarakter alıb və müəyyən fəsadlar törədib. Belə ki, FHN-in “112” qaynar telefon xəttinə daxil […]