

Mən – İsmayıl Abbasov öz şəcərəm haqqında bildiklərimi oxucularla bölüşmək istəyirəm. Ağır seyid nəslindən olan ulu babalarım Laçın rayonunun qışlaqdakı Böyük Seyidlər kəndində dörd qardaş olublar. Onlar həmişə sonradan Dambulaq adlanacaq kəndin ərazisinə yaylağa gələrmişlər.
Bir dəfə qardaşlardan Seyid Alı Xəlifə digər üç qardaşına deyir ki, daha Böyük Seyidlərə qayıtmaq fikri yoxdur, qalıb yaylaqda yurd salacaq. Digərləri israrlarının nəticə vermədiyini görüb onsuz qayıdırlar. Dövrünün imkanlı adamlarından olan Seyid Alı Xəlifə yaylaqda özünə ev-eşik tikir, dam-daş salır.
Mənsubu olduğum Laçın rayonunun Dambulaq kəndinin yaranması (adı və tarixi) məhz ulu babam Seyid Alı Xəlifənin adı ilə bağlıdır. İnsanlar üçün gərəkli möcüzələrə qadir kəramətə malik olan Seyid Alı Xəlifənin möcüzə əməlləri dillər əzbəridir. Məsələn, onun zamanında fəqir-füqəra damda (daxma) yaşayırmış. Su qıtlığı çəkirmişlər. Ailə-uşağının su sarıdan korluq çəkdiyini görən Seyid Alı Xəlifə cəddini çağırıb əlindəki çəliklə damın içindəki daşa vurur. Və… möcüzə baş verir – daşdan su çıxır. Hadisə oralarda məskunlaşan başqa sakinlərə heyrətamiz təsir bağışlayır. O vaxtdan kəndin adı qalır Dambulaq.
Bizim kənddə Böyük Bulaq deyilən bulaq var idi. Əgər başqa kənddən, başqa rayondan kimsə nabələd adamın yolu o bulaqdan düşərdisə və o şəxs bilməzdən spirtli içki qəbul etmiş halda bulağın suyundan istifadə edərdisə, bulağın suyu quruyardı. Bunu müşahidə edən kənd sakinlərində birmənalı olaraq inam yaranmışdır ki, Böyük Bulaq pakdır, müqəddəsdir, murdarlıq götürmür. Yalnız bizim seyidlər nəslindən olan mötəbər dindarlar gəlib bulağın başında Quran oxuyandan, rövzə deyəndən sonra bulaq yenidən qaynayıb-daşar, suyu gələrmiş. Mənim yaşım çatan dövrlərədək, yəni, köçkünlük düşənə qədər bulaq elə də qalırdı.
Zəngin mülkədar, böyük imkanlara malik şəxs olan Seyid Alı Xəlifə həm də səxavətli, alicənab insan kimi tanınıb, ona pənah gətirənlərə köməkliyini heç vaxt əsirgəməyib, bir çox fəqir-füqəranın güzəranına köməklik edib, dolanışığına şərait yaradıb. Onun ocağında aşıb-daşan sərvəti olan övladları, nəvə-nəticələri də xeyriyyəçilik ənənəsinə sadiq qalmışlar. Kiməsə maddi köməklik etmək imkanları xaricində olanda da cəddlərini çağırıb dua edirmişlər.
Seyid Alı Xəlifənin oğulları Hacı Həsən və Seyid Ələsgər olublar. Hacı Həsənin oğlu Məşədi Şəvəndə göstərdiyi möcüzələrinə görə “Yanıq Yüyrük (beşik) Seyid” adını qazanıb. Belə ki, döşəmədən tavanadək tamamilə yanan evdən Məşədi Şəvəndənin cəddinin çağırılması hesabına beşikdəki körpə salamat qurtulub.
Məşədi Şəvəndənin oğlu Seyid Abbas, Seyid Abbasın oğlu babam Seyid Balaca, Seyid Balacanın oğlu atam Seyid Asif də kəramət sahibləri, çoxsaylı savab işlərin yiyələri olublar. Bu seyidlər şəcərəsinin davamçıları olaraq mən İsmayıl Asif oğlu Abbasov, qardaşlarım Abbasov Mədət, Abbasov Fəzail, Abbasov Məzahir və mənim oğlum Abbasov İsgəndər İsmayıl oğlu nəslimizin gözəl ənənələrini davam etdirməyə, seyid adını uca tutmağa. cəmiyyətdə məhz ata-babalarımızın adlarına, nüfuzlarına uyğun davranış sərgiləməyə çalışırıq.
İndi Dambulağı doğma kəndi hesab edənlərin əksəriyyəti bizim nəslin iki budağının – şəcərəmizin Hacı Həsən və Seyid Ələsgər qollarının övladları, nəticə və kötücələridirlər. Hərçənd, bizim kənddə yaşamış olduqlarına görə bəzi “dambulaqlılar” cəmiyyətin məlumatsızlığından istifadə edib özlərini seyid kimi təqdim etməyə çalışırlar. Biz bunu mübahisə predmetinə çevirməyə lüzum görmürük. Yenə də sağ olsunlar ki, yaxşı ad qazanmağa can atırlar, seyidliyin fəzilətini anladıqlarına görə “seyid” titulunu daşımağa iddia edirlər.
Şükür, möhtərəm Prezidentimiz İlham Əliyevin Ali Baş Komandanlığı altında müzəffər Azərbaycan Ordusu torpaqlarımızı 30 il sürən işğaldan azad etdi. Laçın rayonu nəzarətimizə keçəndən sonra təsərrüfatlarını Dambulaq kəndinə yaylağa köçürən ilk iki nəfər fermer də məhz rəhmətlik Hacı Həsən ağanın və Seyid Ələsgər ağanın nəvələri oldular. Bu fakt bir daha təsdiqləyir ki, Dambulağı doğma bilən, işğal dövründə hamıdan çox həsrətini çəkmiş, baba yurdundan ötrü sözün əsl mənasında burnunun ucu göynəyən adamlar, kəndin əsl sahibləri məhz bizim seyid nəslinin övladlarıdır. Seyid Alı Xəlifənin oğlu Seyid Ələsgər Ağanın nəvələrindən olan Seyid İdri Ağanın oğlu Seyid Əliqulu Ağa və Seyid Tahir Ağa da bu gün öz kəndindədirlər. Seyid Alı Xəlifənin övladlarından olan çox böyük nüfuza malik ağsaqqallardan Seyid Səlim Ağanın oğlu Seyid Ədalət Ağa da bu gün ata-baba yurdundadı. Bu adlarını çəkdiyim şəxslər kəndin əsl sahiblərindəndirlər.
Odur ki, Həzrət Əlinin (ə.s.) əshabələri olaraq biz bir daha kənd camaatı adından, kəndimizin əsl seyidləri adından cənab Prezidentimizi – Qalib Sərkərdəmizi alqışlayırıq, “Allah qorusun!” – deyirik.
Seyid İsmayıl Abbasov,
“Doğru Söz” Milli İnformasiya Agentliyinin baş redaktoru
![]()
