Prezident İlham Əliyev Qəbələdə Ersin Tatarla görüşüb

DogruSozTv Az
Oxunma vaxtı:40 Saniyə

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 6-da Qəbələdə Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar ilə görüşüb.

Ersin Tatar Prezident İlham Əliyevlə ölkəmizdə və beynəlxalq tədbirlər çərçivəsində görüşlərini, həmçinin Şuşada Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət başçılarının qeyri-rəsmi Zirvə toplantısında iştirakını məmnunluqla xatırladı, Şimali Kipr Türk Cümhuriyyətinə göstərdiyi dəstəyə görə dövlətimizin başçısına minnətdarlığını bildirdi.

Prezident İlham Əliyev ölkəmiz tərəfindən Şimali Kipr Türk Cümhuriyyətinə dəstəyin bundan sonra da davam etdiriləcəyini dedi.

Qonaq Ermənistanla Azərbaycan arasında sülh gündəliyinin irəliyə aparılması istiqamətində Vaşinqtonda Amerika Birləşmiş Ştatları Prezidentinin şahidliyi ilə əldə edilmiş nəticələrlə bağlı təbriklərini çatdırdı.

Dövlətimizin başçısı təbriklərə görə minnətdarlığını bildirdi.

Söhbət zamanı Şimali Kipr Türk Cümhuriyyətinin Türk Dövlətləri Təşkilatına müşahidəçi qismində qatılmasının önəmi qeyd edildi.

Qəbələdə keçirilən Zirvə Görüşünün TDT çərçivəsində ölkələrarası tərəfdaşlığın daha da genişlənməsində rolu vurğulandı.

Görüşdə bir sıra sahələrdə əməkdaşlıq məsələlərinə toxunuldu.

Loading

Next Post

Özbəkistan Prezidenti Azərbaycanda səfərdədir

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə iştirak etmək üçün oktyabrın 6-da Azərbaycana səfərə gəlib. Qəbələ Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Özbəkistan Prezidenti Şavkat Mirziyoyevi hava limanında Azərbaycanın mədəniyyət naziri Adil Kərimli və digər rəsmi şəxslər qarşılayıblar.