Fətəli xan Xoyskinin 150 illik yubileyi keçiriləcək – SƏRƏNCAM

DogruSozTv Az
Oxunma vaxtı:58 Saniyə

Prezident İlham Əliyev Fətəli xan Xoyskinin 150 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncamda deyilir ki, 2025-ci ildə Azərbaycanın görkəmli siyasi və dövlət xadimi, Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri və ilk Baş naziri Fətəli xan İsgəndər xan oğlu Xoyskinin 150 illiyi tamam olur.

“Fətəli xan Xoyski XX əsrin əvvəllərindən milli-mədəni intibahını yaşayan Azərbaycan xalqının azadlığı və istiqlaliyyəti naminə hərəkatda üzərinə götürdüyü çətin vəzifəni şərəflə yerinə yetirmiş fədakar ziyalılar nəslinin parlaq nümayəndəsidir. Geniş dünyagörüşlü, cəsarətli, vətənpərvər şəxsiyyət və böyük siyasi xadim kimi o, daim Azərbaycanın müstəqilliyi uğrunda mübarizənin ön cərgələrində mövqe tutmuş, tarixi İstiqlal Bəyannaməsini imzalayanlardan biri olmuşdur.

Fətəli xan Xoyskinin rəhbərlik etdiyi hökumət kabinetləri Azərbaycan Xalq Cümhuriyyətinin ilk addımlarını atdığı vaxtdan etibarən demokratik dövlət idarəçiliyinin təşkili istiqamətində ardıcıl tədbirlər həyata keçirmiş, iqtisadiyyat, mədəniyyət, təhsil, səhiyyə və hərbi quruculuq sahələrində mühüm nailiyyətlər qazanmış, Azərbaycanın müstəqilliyinin xarici dövlətlər tərəfindən tanınması və diplomatik münasibətlərinin yaradılması işinə layiqli töhfələr vermişdir”, – Sərəncamda qeyd olunub.

Sərəncama əsasən, Azərbaycan Milli Elmlər Akademiyası Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə birlikdə Fətəli xan Xoyskinin 150 illik yubileyinə həsr olunmuş tədbirlər planı hazırlayıb həyata keçirməli, Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

Loading

Next Post

Milli Məclisin sədri Malayziyada forumda çıxış edib

Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasının Parlamentlərarası Assambleyasının 46-cı Baş Assambleyasının (AİPA) sessiyasında iştirak etmək məqsədilə Malayziyanın Kuala Lumpur şəhərində səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova bu gün AİPA-nın 2-ci Qadın Siyasi Liderlər Forumunda çıxış edib. Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən xəbər verilib. Sahibə Qafarova Qadın Siyasi […]