Xaçmaz rayonu gənc icra başçısının rəhbərliyi altında tərəqqi yolunda sürətlə addımlayır

Oxunma vaxtı:7 Dəqiqə, 26 Saniyə

Respublikamızın tərəqqi yolu ilə sürətlə inkişaf edən modern əyalətlərindən biri də Xaçmaz rayonudur. Rayon İcra Hakimiyyətinin (RİH) başçısı çox hörmətli cənab Elnur Rzayevin rəhbərliyi altında Xaçmaz rayonunda sosial və iqtisadi planda çox mühüm işlər görülür. Pandemiyanın və Vətən müharibəsinin sınaqlarına baxmayaraq, ötən iki ildə rayonun makroiqtisadi göstəriciləri qənaətbəxş olub, əhalinin məşğulluğunun təmini istiqamətində tədbirlər mütəmadi davam etdirilib, ərazidə abadlıq-quruculuq işləri qaydasında gedib, infrastruktur layihələri gerçəkləşdirilib.

Son illərdə dövlət başçısı tərəfindən ardıcıl və sistemli şəkildə aparılan məqsədyönlü və düşünülmüş islahatlar, atılan bütün addımlar, ölkəmizin bütün regionlarında, o cümlədən Xaçmaz rayonunda da hər bir sahədə böyük uğurların əldə olunmasına, iqtisadiyyatın dinamik surətdə inkişafına, insanların rifahının günü-gündən yaxşılaşmasına, sabitliyin möhkəmlənməsinə, yoxsulluğun azaldılmasına, işsizliyin aradan qaldırılmasına xidmət etmişdir.

Öz fəaliyyətini vətəndaşların hüquq və azadlıqlarının, qanuni mənafelərinin müdafiəsi, müvafiq ərazinin əhalisinin rifahını yaxşılaşdırmaq naminə iqtisadiyyatın, sosial və mədəni sahələrin inkişafının təmin edilməsi, qanunçuluq, aşkarlıq və ictimai rəyin nəzərə alınması prinsipləri əsasında quran Xaçmaz rayon İcra Hakimiyyəti rayonun sosial-iqtisadi inkişafının monitorinqini və qiymətləndirilməsini həyata keçirir, monitorinqin və qiymətləndirmənin nəticələri barədə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına, Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinə və digər aidiyyəti mərkəzi icra hakimiyyəti orqanlarına məlumat verir; rayon ərazisində sənaye potensialının inkişafı sahəsində dövlət siyasətinin həyata keçirilməsində iştirak edir; rayonun yerli sosial-iqtisadi inkişaf proqramlarının hazırlanmasını təşkil edir və onları təsdiqləyir; müvafiq icra hakimiyyəti orqanları, habelə aidiyyəti təşkilatlar və bələdiyyələr qarşısında ərazinin inkişafına dair məsələlər qaldırır, təkliflər verir; iqtisadi və sosial inkişaf üçün zəruri olan maliyyə, əmək ehtiyatları, əhalinin gəlirləri və torpaq balanslarının, habelə digər balansların hazırlanmasını təşkil edir; rayonun sosial-iqtisadi və mədəni inkişafını təmin etmək məqsədi ilə ayrılan büdcə və digər maliyyə vəsaitinin sərəncamçısı olmaq, bank hesabları açmaq, büdcə vəsaitindən və digər vəsaitdən təyinatı üzrə səmərəli istifadə olunmasına nəzarəti həyata keçirmək funksiyasını yerinə yetirir; ərazinin kompleks sosial-iqtisadi inkişafında istehsal və sosial infrastrukturun, təbiəti mühafizə tədbirlərinin (obyektlərinin) maliyyələşdirilməsi, tikintisi, təmiri və saxlanılmasında iştirak edən fiziki və hüquqi şəxslərin qarşılıqlı fəaliyyətini əlaqələndirir; ərazidə hüquqi və fiziki şəxslər tərəfindən sərmayə qoyuluşu üçün şərait yaradır; sosial və istehsal infrastruktur obyektlərinin tikintisini və təmirini təşkil edir.

Şəhid ailələri, övladları qayğı və diqqət ilə əhatələnib

Torpaqlarımızın 30 illik işğaldan qurtulması ilə nəticələnən Vətən müharibəsində canlarını fəda etmiş şəhidlərimizin ailələri, qazilər, onların qayğı və problemləri rayon rəhbərliyinin diqqət mərkəzindədir. Şəhidlik zirvəsinə ucalan qəhrəman Vətən oğullarının ailələri Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev tərəfindən mütəmadi olaraq ziyarət olunur.

Ötən ay Rayon İcra Hakimiyyətinin başçısı və qurumun məsul əməkdaşları Çarxı kəndində şəhid Cəlal İslamovun atası Ağahüseyn İslamovu müalicədən qayıtdıqdan sonra evində ziyarət edib, səhhəti ilə maraqlanıblar. Belə görüşlərdə Prezident, Ali Baş Komandan İlham Əliyevin müdrik siyasəti sayəsində xalqımızın Vətən müharibəsində qazandığı qələbədən danışılır, bu qələbə sayəsində 30 illik Vətən həsrətinə son qoyulduğu qeyd olunur. Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev 44 günlük Vətən müharibəsində düşmən üzərində qazanılan tarixi Qələbəyə görə şəhidlərə borclu olduğumuzu, onlarla daim qürur duyduğumuzu xüsusi vurğulayır. Ölkəmizdə şəhid və qazi ailələrinə böyük diqqət və qayğı göstərildiyini, bunun dövlət siyasətinin tərkib hissəsi olduğunu qeyd edən icra başçısı Xaçmaz rayonunda bu qayğının bundan sonra da daimi olaraq davam etdiriləcəyini diqqətə çatdırır.

İyunun 1-də Xaçmaz rayonunda Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə bayram tədbiri keçirilib. Zəfər parkında təşkil edilən bayram şənliyində şəhidlərimizin övladları, uşaq bağçalarında tərbiyə alan balaca fidanlar və ibtidai sinif şagirdləri iştirak edib. Xaçmaz Rayon İcra Hakimiyətinin başçısı Elnur Rzayev Zəfər parkını gəzərək uşaqları təbrik edib, onlara xoş arzularını çatdırıb. Rayon ərazisində fəaliyyət göstərən uşaq bağçalarından gələn balacalar bir-birindən maraqlı səhnələrlə diqqət mərkəzində olublar. Məzmunlu şeirlər və xorla ifa edilən mahnılar iştirakçılarda xoş ovqat yaradıb.

İdmançıların nümünəvi çıxışları, məktəblilərin müxtəlif mövzularda çəkdikləri rəsm əsərləri sakinlər tərəfindən maraqla izlənilib.

Şəhid anaları uşaqların inkişafı istqiamətində Heydər Əliyev Fondunun prezidenti, Mehriban xanım Əliyevanın irəli sürdüyü təşəbbüsləri, görülən işləri yüksək qiymətləndiriblər. Qeyd edilib ki, Heydər Əliyev Fondu uşaqların problemlərinə böyük diqqətlə yanaşır, onların hərtərəfli inkişafı, keyfiyyətli təhsil və yüksək standartlara cavab verən tibbi xidmətlərlə təmin olunmaları istiqamətində önəmli layihələr həyata keçirir.

Tədbirdə şəhid övladlarına Xaçmaz Rayon İcra Hakimiyyətinin qiymətli xatirə hədiyyələri təqdim olunub. Eyni zamanda müxtəlif idman yarışlarında və müsabiqələrdə qalib olan uşaqlar fəxri fərmanla mükafatlandırılıb.

Bayram şənliyi Zəfər parkında gəzinti, maraqlı konsert proqramı ilə davam etdirilib. Bayramla əlaqədər olaraq Zəfər parkında olan bütün atraksionlar gün ərzində ödənişsiz xidmət göstərib.

Böyüklərə hörmət ruhunda

Xaçmaz RİH-nin başçısı cənab Elnur Rzayev Xaçmaz rayonunda mövcud olan böyüyə – ağsaqqala, ağbirçəyə hörmət ənənəsini ictimai münasibətlər müstəvisində yeni mərhələyə gətirmişdir desək, yanılmarıq. RİH aparatına müraciət edən ahıl yaşlı vətəndaşlara çox həssas yanaşılır.

Bu məqam Xaçmaz Rayon Ağsaqqallar Şurasının iyunun 3-də keçirilən illik hesabat iclasında da vurğulanmışdır. Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin Xaçmaz şəhərinin mərkəzindəki abidəsi önünə gül dəstələri düzərək, dahi rəhbərin xatirəsinə ehtiramlarını bildiriblər.

Rayon Ağsaqqallar şurasının sədri Məhərrəm Abbasov illik fəaliyyətlərindən və gələcəkdə görüləcək işlərdən danışıb. Xaçmaz rayonunda şəhid ailələrinin, qazilərin daim diqqət mərkəzində saxlanıldığını və ağsaqqalların da bu nəcib işlərdə yaxından iştirak etdiyini vurğulayıb.

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev ağsaqqalların ölkəmizin ictimai-mədəni həyatında rolundan, yaşlı nəslin nümayəndələrinə göstərilən dövlət qayğısından danışıb, gənclərin dövlətə, xalqa sədaqət ruhunda, zərərli təsirlərdən uzaq və sağlam əsaslar üzərində tərbiyəsi işində ağsaqqallara hər zaman böyük ehtiyac olduğunu diqqətə çatdırıb.

Respublika Ağsaqqallar Şurasının sədr müavini Tahir Süleymanov dövlətimizin bugünkü inkişafında ağsaqqal və ziyalılarımızın rolundan söz açıb. Xaçmaz Rayon Ağsaqqallar Şurasının bir illik fəaliyyəti qənaətbəxş qiymətləndirilib.

Çıxış edən rayon ağsaqqalları ölkəmizdə həyata keçirilən ictimai işlərdə bundan sonra da yaxından iştirak edəcəklərini vurğulayıblar. Ağsaqqallar onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.

Sonda Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev həmin ərəfədə 75 yaşı tamam olan Veteranlar Şurasının Xaçmaz Rayon Təşkilatının sədri Fərhad Şeydayevi fəxri fərman və qiymətli xatirə hədiyyəsi ilə mükafatlandırıb.

Sahibkarlığın inkişafı prioritet məsələdir

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayevin yerli sahibkarlarla aprel ayında keçirilən görüşündə iş adamları ilə yanaşı yerli hüquq mühafizə orqanlarının rəhbərləri, müxtəlif dövlət təşkilatlarının rəsmiləri, icra nümayədələri və bələdiyyələr iştirak edib. Elnur Rzayev son illər Xaçmaz rayonunda həyata keçirilən sosial layihələr barədə ətraflı məlumat verib. Görüşdə çıxış edən sahibkarlar fəaliyyət dairələrinin genişləndirilməsi, yeni iş yerlərinin açılması ilə bağlı görüləcək işlərdən danışıb, bu istiqamətdə öz təkliflərini irəli sürüb, onlara göstərilən dövlət qayğısından razı olduqlarını və buna görə də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Bu ilin fevralın ayında “Xaçmaz KOB evi”nin fəaliyyətə başlamasından 2 il ötdü. Ötən müddət ərzində “Xaçmaz KOB evi” tərəfindən sahibkarlara 49931 xidmət göstərilib. Bunlardan 47973-ü (96%) “G2B”, 1958-i (4%) isə “B2B” xidmətlərdir.

“Xaçmaz KOB evi” tərəfindən sahibkarlara göstərilən xidmətlərin əhatə dairəsi genişlənməkdədir. Belə ki, 2022-ci ilin yanvar ayında “Xaçmaz KOB evi”ndə daha 2 yeni “G2B” xidmət sahibkarların istifadəsinə verilib.

Hazırda “Xaçmaz KOB evi”ndə sahibkarlara 10 dövlət qurumu tərəfindən 150-dək “G2B”, 6 özəl şirkət tərəfindən 100-dək zəruri “B2B” xidmətlər göstərilir. Sahibkarlar biznes fəaliyyəti ilə bağlı lazım olan biznesin qeydiyyatı, vergi məsələləri, sahibkarlıq fəaliyyəti üçün lisenziyalar və mənşə sertifikatı, əmlakın dövlət reyestrindən çıxarışı, aqrar sahə üzrə subsidiyalar, açıq məkanda reklamın yerləşdirilməsinə icazə, qida təhlükəsizliyi sertifikatı, kommunal xidmətlər, bank və s. xidmətlər üçün “Xaçmaz KOB evi”nə müraciət edə bilərlər.

 “Xaçmaz KOB evi”nin xidmətlərindən daha çox istifadə edən rayonlar arasında Xaçmaz, Quba və Qusardan olan sahibkarlar üstünlük təşkil edir.

Qeyd edək ki, KOB evləri Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) struktur bölməsidir. Hazırda Xaçmaz və Yevlax şəhərlərində olmaqla iki KOB evi fəaliyyət göstərir. KOB evlərinin əsas üstünlüyü sahibkarların biznes xidmətlərini vahid məkanda alması, bununla da vaxtına və əməliyyat xərclərinə qənaət etməsi, sahibkarlara göstərilən xidmət səviyyəsinin ölçülə bilən olmasıdır. KOB evləri həmçinin, fəaliyyət göstərdiyi regionda kiçik və orta biznesin inkişafını, yeni KOB subyektlərinin yaranmasını stimullaşdırır, rayonun iqtisadi potensialının daha dolğun reallaşdırılmasına dəstək olur.

Xaçmaz rayonunda vətəndaşların mövcud problemlərini yerindəcə öyrənib həllini sürətləndirmək məqsədilə səyyar qəbullar davam etdirilir

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, yerli hüquq mühafizə orqanlarının rəhbərləri, təhsil, səhiyyə, mədəniyyət və digər təşkilat nümayədələrinin qatıldığı səyyar qəbullarda qəbulda əvvəlcə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilir, sonra sakinlərin təklif və müraciətləri fərdi qaydada dinlənilir.

Sakinlər kəndləri magistralla birləşdirən yolların təmirini, elektrik təsərrüfatının yenilənməsini, suvarma kanalların təmizlənməsini, yeni sosial obyektlərin tikintisini, rabitə və internet kimi məsələləri gündəmə gətirirlər.

Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev kənd sakinlərinin arzu və təkliflərini həssaslıqla dinləyərək, onları narahat edən problemlərin aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlarını verir. Bir çox müraciətlər yerindəcə həll edilir.

Sakinlər əhalinin problemlərinin həll edilməsi məqsədilə yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə edirlər.

İcra hakimiyyətinin başçısı cənab Elnur Rzayevə rayonun tərəqqipərvər vətəndaşları bir gənc, perspektivli rəhbər kadr kimi inanır, hörmət bəsləyirlər. Ona işi düşən, qəbulunda heç kəs naümid qayıtmır. Elnur müəllimin işlədiyi vəzifələr onu deyil, o, tutduğu vəzifələri hörmətə mindirib.

Əminik ki, onun rəhbərliyi altında rayonun əmək kollektivləri və sakinləri qəbul edilmiş Dövlət Proqramlarında müəyyən olunmuş  iqtisadi inkişaf hədəflərinin təmin olunması, nəzərdə tutulmuş bütün işlərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsi, qazanılmış uğurların daha da artırılması üçün əzmlə çalışacaq, rayonun inkişaf etdirilməsi və abadlaşdırılması naminə  üzərlərinə düşən vəzifələri bundan sonra da məsuliyyətlə yerinə yetirəcəklər.

Tünzalə Abdullayeva

Loading

Next Post

Azərbaycan əhalisinin sayı AÇIQLANDI

Azərbaycan əhalisinin sayı açıqlanıb. Dövlət Statistika Komitəsindən BiG.AZ-a bildirilib ki, ölkə əhalisinin sayı ilin əvvəlindən 16812 nəfər və ya 0,2 faiz artaraq 2022-ci il may ayının 1-i vəziyyətinə 10173178 nəfərə çatıb. Əhalinin ümumi sayının 52,9 faizini şəhər, 47,1 faizini kənd sakinləri təşkil etmiş, kişi və qadınların xüsusi çəkiləri isə eyni olub.