Fərid Qayıbov: “Hər şey ideal deyil, ola da bilməz” – MÜSAHİBƏ

Oxunma vaxtı:2 Dəqiqə, 30 Saniyə

Gənclər və idman naziri Fərid Qayıbov jurnalistlərə müsahibə verib. “Report”un da suallarını cavablandıran nazir 2025-ci ildə qazanılmış nailiyyətlər və qarşıdakı planlardan bəhs edib.- 2025-ci il üçün Azərbaycan idmanını necə dəyərləndirirsiniz?- Düşünürəm ki, Azərbaycan idmanı üçün uğurlu il oldu. Medal sayında rekordlarımız var. Bunu həm olimpiya, həm də qeyri-olimpiya növlərinə əsasən hesablayırıq. Paralimpiyaçılarımızın da nəticələri yaxşı olub. Bundan əlavə, deflimpiyada ilk medalımızı qazandıq. Azərbaycan Xüsusi Olimpiya Komitəsinin komandası da beynəlxalq turnirlərə qatılır. Ölkəmizdə bir sıra beynəlxalq yarışlar da keçirilib. Azərbaycan idmanında ilklər də yaşandı. Bakıda MMA idman növünün ən məşhur yarışlarından biri hesab edilən UFC turniri baş tutdu. Bu həm yerli azarkeşlərin, həm də qonşu dövlətlərin marağına səbəb olmuşdu. Bir sıra turistlər, azarkeşlər bu yarışlar üçün ölkəmizə gəlirlər. Azərbaycanda ən böyük yarış isə, təbii ki, III MDB Oyunları oldu. Bir neçə dəfə bu barədə danışmışıq. Oyunlar paytaxtdan kənarda, ölkəmizin müxtəlif şəhərlərində baş tutdu. III MDB Oyunlarının paytaxt isə Gəncə şəhəri idi. Gəncə həm də MDB-nin idman paytaxtı seçilmişdi. Açılış və bağlanış mərasimi, həmçinin bir neçə idman növü üzrə yarışlar məhz bu şəhərdə gerçəkləşdi. Oxatma yarışları Xankəndi şəhərində oldu. Gəncə şəhər stadionu III MDB Oyunları üçün yenidən quruldu, istifadəyə verildi.- 2026-cı ildə Azərbaycanda Avropa, dünya çempionatları və bir sıra beynəlxalq turnirlər keçiriləcək. Bunlardan biri də Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.1 kateqoriyalı “Bakı–Xankəndi” veloyürüşüdür. Yarışa hazırlıq prosesi nə yerdədir?- Bakı 2026-cı il üçün dünyanın idman paytaxtı seçilib. Bu, hamımız üçün yaxşı xəbərdir. Bu ad birdən-birə verilməyib. Azərbaycan idman yarışlarının təşkilatçılığında seçilən ölkələrdəndir. Ölkəmizdə bir sıra multi-idman yarışları baş tutub. Elə ilk Avropa Oyunları da Bakıda təşkil olunub. Bundan əlavə, ölkəmizdə İslam Həmrəyliyi Oyunları, Yeniyetmələrin Yay Olimpiya Festivalı, III MDB Oyunları və başqa turnirlər keçirilib. Azərbaycanda bu cür turnirlərin təşkili adi hala çevrilib. Bütün bunlar idmanımızın təbliğatı üçün lazımdır. Bu il Bakıdakı UFC yarışını xüsusi qeyd etmək istəyərdim. Hər il “Formula 1” yarışı da keçirilir. Builki yarışı əvvəlkilərlə müqayisə etsək, fərqi rahat görə bilərik. Şəhər sakinləri də fərqi hiss edirlər. Bizim daha çox əhali ilə bağlı problemlərimiz var idi. Bu il artıq gördünüz ki, yarış bitən kimi dərhal, ertəsi gün yollar açılmışdı. Burada da təşkilatçılıq baxımından irəliləyiş var. 15 min azarkeş “Formula 1” üçün Bakıya gəlmişdi. Bu da bizim üçün rekord göstəricidir. Son illər ərzində azarkeşlər üçün yeni tribunalar quraşdırırıq. İldən-ilə, ötə ilə nisbətən daha çox bilet satmışıq. Biletlər artıq yarışa bir ay qalmış bitir. Bu da onu göstərir ki, yarışa maraq var. Buna görə də beynəlxalq qurumlar Azərbaycanı yaxşı tərəfdaş kimi tanıyırlar. Azərbaycan hansısa turnir üçün namizədliyini verəndə digər ölkələr bizə güclü rəqib kimi baxırlar. Bu da illərlə görülən işin nəticəsidir. 2026-cı ildə Bakıda böyük idman bayramı olacaq. Dünyanın ən böyük idman tədbirlərindən SportAccord Dünya İdman və Biznes Sammiti də 2026-cı ildə Bakıda gerçəkləşəcək. Cüdo və sumo üzrə dünya çempionatları, voleybol üzrə Avropa çempionatının qrup oyunları Bakıda təşkil olunacaq. Bundan əlavə, aşağı yaş qruplarında da yarışlar olacaq. İlk dəfə triatlon üzrə məşhur İronman turniri keçiriləcək. Siyahını uzada da bilərik. Bu turnirləri Gənclər və İdman Nazirliyi ilə birlikdə federasiyalar təşkil edir.

Loading

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Prezident ailəsi ilə “Ağ Şəhər”də olub

Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva bu gün “Bakı Ağ Şəhər”də olublar.Dövlət başçısı, birinci xanım və qızları burada “Qarabağ atları” heykəltəraşlıq kompleksi, həmçinin Babək kvartalında həyata keçirilən işlər ilə tanış olub, Palıd meydanı parkında ilk palıd ağaclarını əkib, “Zaman” meydanının və buradakı […]