Paşinyanın Fransa səfəri – Paris Moskvanın İrəvana təsirini neytrallaşdıra biləcəkmi? – ŞƏRH

DogruSozTv Az
Oxunma vaxtı:3 Dəqiqə, 52 Saniyə

Ermənistanın Baş naziri Nikol Paşinyan Birinci Beynəlxalq Kosmik Sammitdə iştirak məqsədilə Parisdə ikigünlük işgüzar səfərdədir. Səfər Yelisey sarayının dəvəti ilə reallaşıb.

Baş nazir Prezident Emmanuel Makronla görüşdə bildirib ki, ölkəsi Fransa ilə kosmik sahədə əməli tərəfdaşlıqda maraqlıdır.

Yelisey sarayının indiki sahibi ölkələr arasında strateji əməkdaşlıq haqqında ikitərəfli bəyannaməyə uyğun olaraq Ermənistan-Fransa münasibətlərinin bütün istiqamətlərdə inkişaf etdirilməsinin vacibliyini qeyd edib.

Tərəflər iqtisadi əməkdaşlığın Ermənistan və Fransa arasında strateji tərəfdaşlığın prioritet istiqamətlərindən biri olduğunu vurğulayıblar. Bu baxımdan, liderlər Ermənistan hökumətinin iqtisadiyyatın şaxələnməsi üzrə ardıcıl addımlarını qeyd ediblər.

Belə güman etmək olar ki, Paşinyanın kosmik sammitdə iştirakı əsas məqsədi ört-basdır etmək üçün bəhanədir. Çünki bu ziyarət İrəvanla Moskva arasında, xüsusən Çində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə toplantısından sonra artan gərginlik fonunda reallaşır.

Bu sammit ABŞ-nin iştirakı olmadan keçirilir. Ötən gün Emmanuel Makron bildirmişdi ki, ikigünlük forum çərçivəsində 50-dən çox layihənin imzalanması planlaşdırılır. O, “Avropa və kosmik tədqiqatları gücləndirmək” zərurətini vurğulayaraq, həmçinin dünyanın digər ölkələri ilə tərəfdaşlıqların dərinləşdirilməsini qeyd edib.

Bundan başqa, Makron Avropa Kosmik Agentliyinin (AKA) 2027-ci ilə planlaşdırılan Beynəlxalq Kosmik Stansiyaya (BKS) növbəti özəl astronavtik missiyası PAM-6 haqqında da məlumat verib.

Belə qənaətə gəlmək olar ki, Yelisey sarayı Avropada kosmik sahədə liderliyi ələ almağa və ABŞ-nin layihələrinə alternativlər hazırlamağa çalışır.

İndiki vəziyyətdə bu istiqamətdə Fransanın təşəbbüsünü, Ağ Evin dəstəkləmədiyi planı İrəvanın əməli müdafiəsi mümkünsüzdür. Bunun da çoxsaylı səbəbləri var. Ona görə də Paşinyanın Parisə işgüzar səfəri çərçivəsində daha çox qarşılaşdığı problemlərlə bağlı məsləhətləşmə aparacağı daha məntiqi görünür.

Bu baxımdan, Baş nazirin Fransaya aşağıdakı məsələlərlə bağlı məsləhət almağa getdiyini ehtimal etmək olar:

– Rusiya ilə münasibətlərin yaxın perspektivi;

– Ermənistanın Avrasiya İqtisadi İttifaqına (Aİİ) üzvlükdə qalıb-qalmaması;

– Ermənistan vətəndaşlarının Avropa İttifaqına (Aİ) vizasız səyahəti;

– Ermənistanın təhlükəsizliyi və müdafiəsi;

– Bərgüşad tunelinin tikintisi;

– Avropa İttifaqının mülki müşahidə missiyasının gələcək fəaliyyəti;

– Azərbaycanla danışıqlar, normallaşma prosesinin vəziyyəti;

– Ermənistanda mövcud siyasi müxalifətin, II Qaregin kilsəsinin perspektivi və s.

Ermənistan əvvəllər Avrasiya İqtisadi İttifaqında qalmaqla Avropa İttifaqı ilə münasibətləri qurmağı iqtisadiyyatının şaxələndirləndirilməsi ilə əlaqələndirirdi. Elə bu görüşdə diversifikasiya məsələsinin vurğulanması da onun davamı sayıla bilər. Çünki son zamanlar Ermənistan Avropa İttifaqına meyillənməsi, Aİİ-dən uzaqlaşmasına görə Rusiya ilə ciddi problemlər yaşayır.

Moskva isə ondan iki qurum arasında seçim edərək mövqeyini müəyyənləşdirməsini istəyir. İrəvan hələ konkret mövqe bildirmir. O gah Rusiyanın Ermənistan məhsullarının idxalına tətbiq etdiyi məhdudiyyətlərdən Avrasiya İqtisadi İttifaqına şikayət edir, gah da bu qurumun əhəmiyyətsizliyini qeyd edir.

Görüşdə, həmçinin Bərgüşad tunelinin tikintisinin praktik mərhələyə keçdiyi də qeyd olunub. Tərəflər tikinti işlərinin ən qısa zamanda başlanmasının vacibliyini vurğulayıblar.

Yeri gəlmişkən, bu layihə müəyyən mənada ABŞ-nin Ermənistanla bağlı dəhliz layihəsinə (TRIPP) alternativ də sayıla bilər. Təsadüfi deyil ki, Fransa Ermənistanın İranla əsas avtomobil əlaqəsini təmin edən “Şimal–Cənub” dəhlizinin bu hissəsinin tikintisinə maliyyə dəstəyi verir. Yəni Bərgüşad tuneli Fransanın bu layihədə dəstəklədiyi əsas hissələrdəndir.

Tunelin uzunluğu 8,6 kilometrə yaxın olacaq. O, Zəngəzurda – Qarakilsə (Sisian) – Qacaran avtomobil yolunun üzərindən, Bərgüşad dağ massivinin altından keçəcək. Layihə çərçivəsində Bərgüşad tuneli ilə yanaşı, ümumi uzunluğu 4,7 kilometr olan 27 körpünün və ümumi uzunluğu 12,5 kilometr təşkil edən daha 9 tunelin tikintisi də nəzərdə tutulur.

Fransa bununla Ermənistanın həm də nəqliyyat habı, qovşağı olmasına, bu istiqamətdə onun rolunun artmasına çalışır. O da sirr deyil ki, rəsmi Paris Ermənistan vasitəsilə Cənubi Qafqazda üstünlüklərini artırmağa cəhd göstərir.

Paşinyan və Makron regional prosesləri müzakirə edərək sülhün möhkəmləndirilməsinə yönəlmiş addımların ardıcıl həyata keçirilməsinin zəruriliyini də vurğulayıblar.

İqtisadiyyatın şaxələnməsi adı altında atılan bu kimi addımları Moskva qəbuledilməz hesab edir. Paris səfərindən sonra Nikol Paşinyanın Rusiyanı ziyarət edəcəyi də Ermənistanın gələcəyini müəyyənləşdirməsi yolunda atılacaq addımlardandır.

Kremldən bildirilib ki, Vladimir Putin və Nikol Paşinyan Moskvada “Ermənistanın Avropa və Avrasiya istiqamətinin məsələsi”ni müzakirə edəcək. Rusiya rəsmisi Dmitri Peskovun fikrincə, iki ölkənin rəhbərləri əsas mövzunu bir daha əhatəli müzakirə etmək imkanına malik olacaqlar: “Bu, yenə də inkişaf istiqamətinin seçimi, Ermənistanın istiqaməti və uyğun referendumun keçirilməsi mövzusudur”.

Onun sözlərinə görə, həmin görüşün nəticələrinə əsasən, iqtisadi-ticarət əlaqələrinə dair sənədlər hazırlanacaq.

Ehtimal var ki, Nikol Paşinyan Emmanuel Makronla Rusiya səfəri və onun nəticələrinə dair mövzunu da müzakirə edib.

Fransanın Cənubi Qafqazda mövcudluğu Avropa İttifaqının Ermənistandakı mülki monitorinq missiyasıdır. Bu missiya 2023-cü il fevralın 23-də fəaliyyətə başlayıb, onun mandatı 2027-ci il fevralın 19-dək uzadılıb. Bu müddət bitəndən sonra mülki müşahidəçilərin Ermənistanda qalması perspektivi də bu görüşdə müzakirə edilə bilər. Bu missiyanı Fransanın regiondakı əsas (hərbi, kəşfiyyat) bazası da hesab etmək olar.

Ermənistan Qərblə Şimalın yolayrıcındadır. O, bir zamanlar ona yardım etmiş, hətta Cənubi Qafqazda dövlət kimi təşkil etmiş, iki əsrə yaxındır, ona himayədarlıq etmiş Şimal barədə qərar verməlidir. Bu zaman ona dəstəklə yanaşı, təzyiqlər də var. Paşinyan Parisə səfəri ilə bu istiqamətdə dəstəyin artmasına, basqıların təsirini azaltmağa, neytrallaşdırmağa çalışacaq.

Nikol Paşinyanın Fransa səfərinin bəzi məqamlarını onun Moskvanı ziyarətindən sonra daha dəqiq müşahidə etmək olar…(Report)

Loading

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Bir cavab yazın