İlham Əliyev “Bakı Ürək Günləri” IX Beynəlxalq Konqresinin iştirakçılarına müraciət ünvanlayıb

Oxunma vaxtı:1 Dəqiqə, 1 Saniyə

Azərbaycan Prezidenti İlham Əliyev “Bakı Ürək Günləri” IX Beynəlxalq Konqresinin iştirakçılarına müraciət ünvanlayıb.

Müraciətdə deyilir:

“Hörmətli Konqres iştirakçıları!

Sizi – Azərbaycan kardioloqlarını, kardiocərrahlarını və müxtəlif ölkələrdən respublikamızın paytaxtına gəlmiş alimləri “Bakı Ürək Günləri” IX Beynəlxalq Konqresinin öz işinə başlaması münasibətilə salamlayır, hər birinizə insanların sağlamlığı naminə nəcib fəaliyyətinizdə müvəffəqiyyətlər arzu edirəm.

Artıq ənənəvi şəkil almış Konqresin Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunması xüsusi məna daşıyır. Ulu Öndər bütün fəaliyyəti boyu ölkəmizin səhiyyə sisteminin davamlı təkmilləşdirilməsi və yüksək standartlar səviyyəsində qurulması işinə dəyərli töhfələr verib. Ötən müddətdə atılan mütərəqqi addımlar sayəsində Azərbaycan səhiyyəsi nailiyyətlərlə dolu bir yol keçib.

İndi ölkədə təbabətin müxtəlif sahələrinin inkişafı, o cümlədən kardiologiya elminin son yeniliklərindən bəhrələnməklə ürək-damar xəstəliklərinin ən müasir cərrahi üsullarla müalicəsi üçün lazımi şərait var. Dünyanın məşhur ürək mərkəzlərində aparılan mürəkkəb əməliyyatların yerli mütəxəssislərimiz tərəfindən uğurla gerçəkləşdirilməsi sevindirici haldır.

Təbabətin yeni müalicə üsulları və texnologiyalarının Azərbaycanda tətbiqi baxımından bu Konqres özünəməxsus rolu ilə seçilir. Mötəbər beynəlxalq tibb qurumlarını təmsil edən tanınmış kardioloq alim və cərrahların iştirakı mühüm elmi və praktiki əhəmiyyətə malik tədbirinizin böyük nüfuzunun göstəricisidir.

Ümidvaram ki, kardiologiyanın və ürək-damar cərrahiyyəsinin aktual məsələlərinin Konqresdə geniş müzakirəsi həkimlərimizin öz xarici həmkarları ilə əlaqələrini daha da möhkəmləndirəcək, beynəlxalq təcrübədən qarşılıqlı faydalanmaqla bütövlükdə tibb elminin inkişafına xidmət edəcək”.

Loading

Next Post

Kreml Putinlə Zelenski arasında görüşün mümkünlüyünə aydınlıq gətirib

Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Volodimir Zelenskinin görüşü mümkündür.Bu barədə bu gün ölkə prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. “İki tərəfin nümayəndə heyətlərinin işinin nəticəsi olaraq müəyyən razılaşmalara nail olunacağı halda belə bir görüş mümkündür. Bunu mümkün hesab edirik – lakin məhz iki tərəfin işinin nəticəsi olaraq və […]