Azərbaycand rəsmi nikah olmadan dini kəbin kəsilmir – AÇIQLAMA

DogruSozTv Az
Oxunma vaxtı:1 Dəqiqə, 19 Saniyə

Artıq 15 ildən çoxdur ki, rəsmi nikah olmadan dini kəbin kəsilmir. Rəsmi nikahın qeydiyyat nömrəsi mütləq şəkildə nikahnaməyə qeyd olunur.

Bunu Qafqaz Müsəlmanları İdarəsinin qazisi, Əjdərbəy məscidinin axundu Hacı İlham Səlimov söyləyib.

İlham Səlimov deyib ki, Bakıda din xadimləri bu qaydalara əməl edirlər. Rəsmi nikah şəhadətnaməsi təqdim olunmadığı halda kəbin kəsilmir.

“Cütlük rəsmi nikaha daxil olduqdan, həmin sənədi din xadiminə təqdim etdikdən sonra onlara nikahnamə təqdim olunur” – İlham Səlimov söyləyib.

O qeyd edib ki, Qafqaz Müsəlmanları Ruhani İdarəsi bununla bağlı din xadimlərinə daim tapşırıqlar verir, nəzarət edir.

“İmam nikahı adlanan kəbin odur ki, iki gəncin arasında halallıq duası oxunur. Valideynlər bu izdivaca öz xeyir-dualarını verirlər. Məscidlər bağlı olduğu dövrdə də bu belə icra edilib. Kəbini kəsmək hər yoldan keçən insanın işi deyil. Kəbini savadlı insan kəsməlidir. Təsadüfi deyil ki, insanlar kəbin kəsdirəndə məscidin ən savadlı şəxsinə, axunda müraciət edirlər. Halallıq duası düzgün oxunmalıdır. Burada hər sözün öz mənası var. Kəbin Allahın əmridir. Peyğəmbərimizin oxuduğu xeyir duasıdır. Allahın əmri, peyğəmbərin xeyri ilə din xadimləri kəbin kəsir. Bu iş dövlətimizin qoyduğu qayda-qanuna uyğun icra edilir. Paytaxtda din xadimləri buna əməl edirlər. Ola bilər ki, belə hallar rayon yerlərində baş verir”, – İlham Səlimov “Sputnik”ə açıqlamasında deyib.

Qeyd edək ki, bu günlərdə Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsində Ailə Məcəlləsinə təklif olunan dəyişikliklərin müzakirəsi zamanı deputat Sədaqət Vəliyeva Rəsmi nikah olmadan molla kəbini kəsənlərin cəzalandırılmasını təklif edib. Sədaqət Vəliyeva bildirib ki, əvvəl bu məsələdə mollalar, din xadimləri ciddi riayət edirdilər:

“Rəsmi nikah olmadan kəbin kəsilmirdi, amma indi bu hallar yaşanır. Rəsmi nikah olmadan kəbin kəsən din xadimləri cəzalandırılsın. Bu məsələyə nəzarət artırılmalıdır”.

Loading

Next Post

Gələn aydan Gürcüstana sərnişin qatarı açılır? - İDDİA

Cari ilin iyulun 1-dən etibarən Bakı-Tbilisi-Bakı sərnişin qatarının fəaliyyətini bərpa edəcəyi iddia edilir. Bununla bağlı artıq hazırlıqlara başlandığı deyilir. Bildirilir ki, “Azərbaycan Dəmir Yolları” QSC-yə müvafiq işlərin görülməsi ilə bağlı tapşırıqlar verilib. “Azərbaycan Dəmir Yolları” QSC-dən “Ölkə.Az”ın sorğusuna cavab olaraq bildirildi ki, quru sərhədlərin açılması ilə bağlı qərar verilməyənə qədər […]