Yeniyetmə kikboksçu Əli Mayılzadə bu dəfə Azərbaycana Dünya Kubokunu qazandırdı

DogruSozTv Az
Oxunma vaxtı:2 Dəqiqə, 17 Saniyə

15-20 may 2024-cü il tarixlərində Türkiyənin İstanbul şəhərində kikboksinq idman növünün WAKO versiyası üzrə Dünya Kuboku keçirilmişdir. Bu yarışda 87 ölkədən 3700 idmançı iştirak etmişdir. Azərbaycan Kikboksinq Federasiyasının Milli Yığma Komandasının üzvü, Avropa çempionu Mayılzadə Əli bu yarşda öz gücünü sınamışdır və yeniyetmələr arasında 54 kq çəki dərəcəsində K1 versiyası üzrə 3 döyüş keçirib, bütün rəqiblərinə qalib gələrək Dünya Kubokunun çempionu olmuşdur.

Qeyd edək ki, Əlini bu yarışa Gənclər və Yeniyetmələrdən ibarət Milli Yığma Komandanın baş məşqçisi, Respublikanın əməkdar məşqçisi, Prezident mükafatçısı, Avropanın ən yaxşı məşqçisi Hakim Hacıyev hazırlamışdır. Köməkçi məşqçilər isə Mehman Quliyev və Rəsul Hacıyevdir. Hər birinə təşəkkür edir və gələcək yarışlarda uğurlar arzulayırıq.

Xatırladaq ki, Əli Mayılzadə 2023-cü il avqustun 25-dən sentyabrın 3-dək Türkiyənin İstanbul şəhərində keçirilən kikboksinqin WAKO versiyası üzrə yeniyetmə və gənclərin Avropa çempionatında 48 kq çəki dərəcəsində rəqiblərinə qalib gələrək fəxri kürsünün birinci pilləsinə yüksəlmişdi. Vətənə Avropa Çempionu Kuboku, medalı, diplomu ilə təltif olunaraq qayıtmışdı.

Mayılzadə Əli Raul oğlu 13 yanvar 2009-cü il tarixdə Bərdə şəhərində anadan olub. Əlaçı şagird kimi şəkli şərəf lövhəsinə vurulan Əli 8 yaşından etibarən idmanla, kikboksinqlə məşğul olmağa başlayıb. Birinci yarışında Mingəçevirdə iki nəfərlə döyüşmüş, ikisinə də qalib gəlmişdi. İkinci dəfə Naftalanda qələbə qazanmış, nailiyyətlərinə görə medal və fəxri fərmanlarla mükafatlandırılmışdı. Dəfələrlə birinci yerə görə qızıl və gümüş medallara layiq görülmüşdür. O, hər dəfə medal, diplom alanda bütün məktəbdə bayramsayağı qeyd olunurmuş. Mükafatları kollektivə nümayiş etdirilirmiş, uşaqlar isə Əlini alqışlayırmışlar. Bütün bunlar Əliyə yeni qələbələr qazanmaq üçün ruh verir, stimul yaradırmış. Hələ 6 il əvvəl Bərdə şəhər 3 saylı tam orta məktəbin 4-cü sinfində oxuyanda Əlinin uğurlarından bəhs edən məqalə dərc olunmuşdu. O vaxt hələ yeniyetmə ikən bir çox yarışların qalibi olmuş Əli müxbirə demişdi ki, ən çox sevdiyi idmançı Zabit Səmədovdur, onun kimi olmaq istəyir. Arzusu Dünya, Avropa çempionatında birinci yerə çıxmaq, bayrağımızı yüksəkliklərə qaldırmaqdır.

Əli Mayılzadə daha əvvəlki müəllimləri Tural Bayramova və Rəvan Şahbazova da minnətdardır. Amma idmanla peşəkarcasına məşğul olmağı Əliyə ilk dəfə atası, Bərdənin sayılıb-seçilən ziyalılarından olan Raul Mayılov təklif edib. Aparıb dostunun yanına ki, hazırlaşdırsın. Əlinin uğurları ilə fəxr edən babası Məmməd Mayılov da təcrübəli idmançıdır. Gənc nəslin fiziki hazırlığının möhkəmləndirilməsində müəllim kimi daim çalışıb. Bərdə şəhər 3 saylı tam orta məktəbdə idman dərsini tədris edib. Hazırda təqaüddədir. Rayonda böyük hörmətə-izzətə sahib el ağsaqqalıdır.

Hazırda Bakıda yaşayan Əli Mayılzadə Yasamal rayon 21 saylı tam orta məktəbin X sinfində oxuyur. Daxili İşlər Nazirliyinin “Dinamo” İdman Cəmiyyətində sevdiyi idman növü ilə məşğuldur. Uğurlarının sırasını artırıb və babasının yolunu davam etdirməklə, atasının, müəllimlərinin, onu sevən qohumlarının, dostlarının, idman azarkeşlərinin ümidlərini doğrultmaqdadır.

Şübhə etmirik ki, gənc və perspektivli idmançı Əli Mayılzadə Azərbaycanın idman şərəfini daha da ucaldacaq. Gəlin, bu yolda ona nailiyyətlər arzulayaq.

Seyid İsmayıl Abbasov

Loading

Next Post

Ali Məhkəmə AzTV-nin keçmiş sədrinə və ailə üzvlərinə sui-qəsd cəhdində təqsirləndirilənlər barəsində qərar verib

Ali Məhkəmə AzTV-nin keçmiş sədri Arif Alışanov və onun ailə üzvlərinə qarşı sui-qəsdə cəhd etməkdə təqsirləndirilən Şücaət Əkbərov və Zöhrab Şirinov barəsində qərar verib. “Report” xəbər verir ki, Ali Məhkəmədə hakim Nazim Mövsümovun sədrliyi ilə keçirilən iclasda onların hökmdən verdikləri kassasiya şikayəti təmin olunmayıb. Qeyd edək ki, sui-qəsd cəhdi ilə […]