
Vətən müharibəsindən sonra Azərbaycan prezidentinin təşəbbüsü ilə başlanan və səyləri ilə davam edən sülh prosesi bu günə qədər yalnız Ermənistanın qeyri-konstruktiv davranışları, qərbin regionda sülh və sabitlik əleyhinə fəaliyyətləri ilə ləngiyir. Cənab Prezident bu günə qədər bütün dialoqlara açıq olub. İstər Moskva prosesi, istər Brüssel və Vaşinqton proseslərində müzakirə mövzusu, həm Azərbaycanın, həmdə Ermənistanın milli maraqlarının təmin olunmasına, beynəlxalq hüququn aliliyinin təsbitlənməsinə yönəlib.
Bunu BiG.AZ-a açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov bildirib.
Bəhruz Məhərrəmov deyib ki, nə Ermənistan, nə də onun havadarları mövcud sülh və sabitlik istiqamətində irəliləyən status-kvonu qəbul etmək istəmir: “Burada əsas məqsəd, regionda Ermənistanın işğal və təcavüzkar niyyətlərinin realizə olunmasıdır. Vətən müharibəsindən sonra gücünü artıran qalib Azərbaycanın bu proseslərə nə rəvac verilməsinə, nə də bu prosesdə istiqamətlərin inkişaf etdirilməsinə icazə vermək niyyəti yoxdur. Azərbaycan bütün fürsətlərdə, bütün imkanlarda, bölgədə sülhə və sabitliyə xidmət edən davamlı jestlərdən çəkinmir. Milli nifrət aşılayan və Azərbaycanın dövlət bayrağı ilə bağlı təhqiramiz hərəkətlər etdiyinə görə saxlanılan erməni futbolçularına münasibətdə hüququn kifayət qədər humanist yanaşmasını nümayiş etdirdik. Məhkəmə səmimi peşmançılığı, o cümlədən həmin futbolçuların yaşını nəzərə alaraq onlara kifayət qədər humanist yanaşma nümayiş etdirdi. Cinayət təbiqinə xitam verildi və şəxslər barəsində inzibati tənbeh tətbiq olundu. Eyni zamanda, Azərbaycanın Qızıl Aypara Cəmiyyəti Qarabağın erməni əsilli sakinlərinə humanitar yardım dolu yük maşını göndərdi. Bütün bunlar Azərbaycanın xoş niyyətinin ifadəsidir. Azərbaycan reinteqrasiyanın mümkün qədər tez başa çatmasını, eyni zamanda bölgədə Ermənistan və Azərbaycan arasında sağlam ümumbəşəri dəyərlərə sadiq münasibətlərin qurulmasını arzu edir”.
Qeyd edək ki, Ermənistan tərəfi məkrli siyasətlərini davam etdirmək məqsədilə, saxta və yalan bəyanatlar yaymağa davam edir. Ermənistan hakimiyyətti və havadarları regionda ədalətli və dayanıqlı sülhün bərqərar olması üçün ciddi manealər yaradır. Deputat nəzərə çatdırıb ki, istər Azərbaycanla Ermənistan arasında şərti sərhədlərdə, Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə artmaqda olan təxribatlar göstərir ki, bölgədə Ermənistanın sabitlik niyyəti yoxdur: Azərbaycanın da özünün planları, prioritetləri var. Əgər cənab Prezident dediyi kimi sülh olacaqsa biz bunu arzu edirik. Əgər sülh olmayacaqsa, Ermənistan artıq bizim sülh niyyətlərimizə mane olmaqda, təxribat törətmək də davam edəcəklərsə, o zaman, sərhədlərin delimitaiya və demarkasiya prosesini, istər kommunikasiya xəttləri məsələsini öz gücümüz hesabına edəcəyik. Necə ki Vətən müharibəsində beynəlxalq hüququn aliliyini biz özümüz möhtərəm cənab Prezidentin rəhbərliyi altında təmin etdik. Eləcə də sonrakı prosesləri həyata keçirməyə Azərbaycanın gücü, imkanları və siyasi nüfuzu kifayət qədər imkan yaradır”.