
Son zamanlar Ermənistanda siyasi erməni müşahidəçiləri Azərbaycan-Ermənistan arasında sülh müqaviləsinin imzalanması ilə bağlı danışıqlara toxunub. Bununla yanaşı,Nikol Paşinyan sülh müqaviləsinin yenilənən variantını Azərbaycana təqdim etdiyini deyib. Bu siyasi prosesdə Ermənistana etibar etmək nə dərəcədə doğrudur? Məsələ ilə bağlı BiG.AZ-a danışan Sosial Tədqiqatlar Mərkəzinin baş məsləhətçisi, politoloq Tural İsmayılov bildirib ki, heç bir halda Ermənistana güvənə bilmərik. Politoloq Ermənistanla ən yüksək formada yekun sülh müqaviləsi imzalansa belə, bu ölkənin Azərbaycan əleyhinə fəaliyyət göstərməyi gözlənilən bir hadisə olduğunu qeyd edib:
“Bu gün əslində Ermənistanın sülhlə bağlı atacaqları addımları Azərbaycan qalib və güclü tərəf kimi onlara məcbur elətdirir. Ermənistanın öz xoşuna qalsa, bu gün xarici güc faktorlarının əlində oyuncağa çevrilən bu ölkə dayanmadan müharibəyə hazırlaşdırılır. Son dövrlər Ermənistanın ciddi formada silahlandırlması, Azərbaycanla şərti sərhədlərdə hərbi aktivliyini gücləndirməsi prosesin nə qədər aqressiv həyata keçirildiyini göstərir. Eyni zamanda rus sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərindən hələ də qanunsuz erməni silahlı birləşmələrinin çıxarılmaması, müxtəlif dərəcələrdə “hərbi təlim”lərə cəlb edilməsi sülh müqaviləsinin yubanmasına şərait yaradır. Təbii ki, Ermənistanda xalqın arasında bir yekdillik mövcud deyil. Siyasi qüvvələr balansı itib. Mərkəzi dövlət aparatı demək olar ki, çox kövrəkdi. Belə olan vəziyyətdə, Ermənistanın əslində qurtuluş yolu Azərbaycanla sülh müqaviləsi imzalamaqdır. Artıq Ermənistanda həm siyasi qüvvələr, həm də ictimaiyyət uzun müddət Azərbaycan və Türkiyə düşmənçiliyi ilə zəhərlənib. Bu saxta faşist-fiziolji təbliğat imkan vermir ki, xalqın arasında sülhlə bağlı Ermənistan hakimiyyəti normal maarifləndirmə aparsın. Burada hazırki hakimiyyətində çox böyük günahı var. Onlar hakimiyyətə gəldikdən sonra özündən əvvəlki Köçəryan, Sarkisyan dövründəki nifrət leksikonunu siyasətindən qaldırmadı. Eyni zamanda, Ermənistanın tədris-təbliğat vasitələrində hələ də Azərbaycan əleyhinə etnik, düşmənçilik tezisləri yayılıb. Bütün bunlara baxmayaraq, Azərbaycan Ermənistana sülh üçün vaxt qoyub. Bu gedişlə ya Ermənistan öz xoşluğu ilə bu sülh müqaviləsini imzalayacaq, ya da Azərbaycan Ermənistanı sülh müqaviləsi imzalamağa məcbur edəcək”.
Sevda Səfərova
BiG.Az