Prokurorluq binasından özünü atdığı deyilən Turalənin valideynləri danışdı – Dəhşətli detallar

Hafiz Əliyev
Oxunma vaxtı:10 Dəqiqə, 27 Saniyə

“Hər şeyi başdan danışmaq istəyirəm. Mingəçevir polis idarəsinin maliyyə şöbəsində Kəmalə adlı qadın çalışır. Həmin Kəmalə qızım Turaləyə deyib ki, evinizdə, yaxınlarınızda pul varsa, gətir ver mənə, gömrüklə işləyirəm, mal gətirirəm, sizə də xeyir qalacaq. Qızımı bu yolla aldadıb borca salıb”.

Bu sözləri Globalinfo.az-a açıqlamasında Mingəçevir şəhər Prokurorluğunda intihar etdiyi deyilən 32 yaşlı Turalə Aslanovanın atası Natiq Aslanov deyib.

O bildirib ki, qızının külli miqdarda pulları mənimsəməsi ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir:

“Hamı qızımı günahlandırır. Əksinə, Turalə hər kəsdən borc alıb o qadına verib. Mənim balamı şirnikdirib həmin pulları da mənimsəyiblər. Sonra borc sahibləri üstümə gəlməyə başladı deyə evimizə kimi satdım ki, camaatın pulunu qaytarım. Çünki hər kəsdən pulu Turalə almışdı deyə ona görə də ondan tələb edirdilər”.

Ata qəhərdən danışa bilmədiyi üçün dəstəyi həyat yoldaşı Təranə Aslanovaya ötürür.

Ana qeyd edir ki, Turalə hər kəsdən Kəmalə üçün pul alıb, sələmə girib:

“Sonra həmin adamlar qızımdan pullarını tələb etməyə başladılar. Onu da deyim ki, Kəmalə həmin şəxslərə hər 15 gündən bir pulları ilə yanaşı yaxşı faiz də verirdi. Turalə Kəmaləyə borc sahiblərinin onu sıxışdırdığını və pulları qaytarmasını deyəndə, Kəmalə qızıma pulların bank tərəfindən dondurulduğunu, dekabrda həll olunacağını bildirib. Dekabr oldu yanvar, yanvar oldu fevral beləcə uzandı.

Fevral ayının 3-də Gəncədən Cəlal adında bir nəfər evimizə gəldi. Dedi, qayınanamdan aldığınız pulları geri verin. Halbuki o adamdan bir qəpik də alınmamışdı, heç danışıq zamanı orada olmayıb da. Onun qayınanası sələmə pul verən idi deyə, qadından 15 min manat götürmüşdülər. Turalə ona pulların Kəmalədə olduğunu dedikdən sonra, həmin bu Cəlal getdi Kəmalənin yanına. Qadın da bunu bilib acığa düşüb pulu vermədi”.

T.Aslanova deyir ki, Cəlal pulu qadından tələb etdiyi üçün Kəmalə yoldaşı Füzuli ilə birlikdə qızını təhqir və təhdid etməyə başlayıb:

“Hətta Füzuli mənim nömrəmi tapıb zəng edib ağzına gələn təhqiri etdi. Turalə subay olsa da, bacısının iki yetim balasına baxırdı (ağlayır). Qızımı nəvələrimlə hədələyiblər ki, əgər o, borclara görə onların üzərinə getsə, uşaqları öldürəcəklər. Polis şöbəsində Kəmalə ilə əlbir olan Nahid də var, hansı ki, Veyis adlı həkimin kürəkənidir. Həkim yoldaşımı çağırıb hədələmişdi. Bu azmış kimi, kürəkəni qızımı ölüm həddinə çatdırmışdı”.

Ana bildirir ki, basqılardan sonra qızı intihara cəhd edib:

“Fevral ayının 9-da bu təhdidlərdən sonra qızım 3 qutu fərqli dərmanlar içib intihara cəhd etmişdi. Həmin vaxt biz Gəncədə idik. Turalənin Tərtərdə yaşayan rəfiqəsi xəbər tutub tez onu xəstəxanaya aparmışdılar. Biz xəstəxanaya çatanda gördük ki, qızım qan qusur. Sonra sistem qoşdular ki, mədə təmizlənsin. Bizdən başqa orada çoxlu polislər vardı. Hətta Mingəçevir şəhər Polis İdarəsinin rəisi Ədalət adlı şəxsin (Ədalət Əliyev-red.) müavini Cavid də orada olub. Cavid məni otaqdan çıxarıb qızımla təklikdə danışmağa başladı. Nə danışdılar, bilmirəm, amma həmin polis həkimə tapşırdı ki, sistemi çıxarın, Turalə evə getməlidir. Dalaşdım ki, bu halda evə gedə bilməz, lakin dediklərini etdilər”.

T.Aslanova vurğulayır ki, qızını gecə ilə xəstəxanadan evə göndəriblər:

“Yazıq qızımı gecə ilə ağır vəziyyətdə xəstəxanadan çıxartdırdılar. Təsəvvür edin, fevralın 10-u sübh tezdən Turaləyə zəng edib işə qayıtmağını tələb etdilər. Balam onlara halsız olduğunu, axşam vəziyyətini gördüklərini desə də, yenə işə çıxması tələb olundu. Yoldaşım da məcbur qalıb qızımı o halda işə apardı. Turalə şöbədə ərizələri qəbul edən adamı çağırıb ki, gəl axşam başıma gələnləri deyim, qeyd elə, amma o gəlməkdən imtina edib.

Qızım səhhəti ilə bağlı işdən ayrılmaq üçün ərizə yazanda, demişdilər ailə vəziyyətini yaz. Bilsələr səhhətində problem var, səni təkrar işə götürməyəcəklər”.

Ana deyir ki, qara günləri Turalə işdən ayrıldıqdan sonra başlayıb:

“Rəis qızımı işdən çıxarmaq istəmirdi ki, birdən gedib hardasa baş verənləri danışar. Halbuki qızım prokurorluqda həmin rəis olan Ədalətin adını verməmişdi, problemin Kəmalə ilə olduğunu bildirmişdi. Övladım Mingəçevir prokurorluğuna Kəmalə və Nahidlə bağlı şikayət ərizəsi təqdim etdi, onlardan şikayətçi olduğunu bildirsə də, nəticə olmadı. Əslində, nəticə var idi, sadəcə, boş verdilər. Mingəçevir prokurorluğunda Zaur adlı şəxsə şikayət etdikdən bir müddət sonra Turaləyə dedi ki, bəs işin üstü açılıb, Kəmalənin günahkar olduğu artıq ortadadır”.

Təranə Aslanova iddia edir ki, Yevlax rayon MERO-sunda çalışan Nurlan adlı şəxs də Kəmalə və Nahidlə əlbir olub:

“Həmin Nurlan Nahidin tanışı olduğu üçün onun vasitəsilə qızıma pul verib. Turalə elə Nahid və Nurlanın əli ilə də öldürüldü. Nədənsə 413 min manat pulun olduğunu deyirlər. Amma ümumilikdə 1,3 milyondan çox məbləğ idi”.

Ana bildirir ki, baş verənlərdən sonra qızı Gəncədən Zabil adlı şəxsi özünə vəkil tutub:

“Nə baş veribsə, bunu bilən Zaur qızıma deyib ki, gəl sən sənədlərə imza at, biz sənə 700 min manat verək. Turalə də vəkilinə həmin sənəddə yazılanları oxuduqda, Zabil qəti şəkildə tapşırıb ki, heç bir kağıza qol çəkməsin.

Vəkil Zaura deyib ki, 1.3 milyondan çox pulun qarşılığında qıza 700 min alması ilə bağlı qol çəkdirib pulsuz buraxmaq istəyirsiniz? Heç bilinmir imza atdıqdan sonra o pulu verəcəksiniz, ya yox. Zaur bu məsələdən sonra qızımın işinə baxmadı”.

T.Aslanova deyir ki, Zaur Turalənin işini araşdırmadığı üçün qızı Baş Prokurorluğa və nazirliyə 5 vərəq məktub yazıb:

“Nazirliyin tapşırığı ilə Tural adlı tədqiqatçı uşağımın işini araşdırmağa başladı. Həmin Tural dürüst, yaxşı adamdır. Ondan çox razıyıq. Bundan sonra artıq işi araşdırmaq üçün yoxlama gəldi və məlum oldu ki, Kəmalə dövlət büdcəsindən 5 milyon manat mənimsəyib.

Kəmalə artıq biləndən sonra ki, Turalənin bu yeyintidən xəbəri var, qızımla danışmaq istədiyini bildirdi. Demişdi ki, ərizəsini geri götürsün, pulları qaytarıram. Vəkilimiz onlara razı olduğumuzu bildirəndə, qarşı tərəf nədənsə fikrini dəyişdi”.

Ana bildirir ki, Turalə bir müddət öncə Bakıdan Emin Kiçikbəyov adlı vəkil tutub:

“Vəkil bizdən bu işə görə 25 min manat pul istədi və əmin etdi ki, həmin pulu alıb Kəmaləni də, Zauru da öz ayağına gətirəcək. Turalənin baş prokurora çatdıracağı sənədlər var idi ki, Zaurla bərabər daha bir nəfər onları vermirdilər. Emin də dedi ki, hamısı onluqdur artıq, özü həll edəcək”.

Ana deyir ki, Emin Kiçikbəyova 25 min pulları olmadığını bildiriblər:

“O da dedi ki, pulu tam aldıqdan sonra işə başlayacaq. Axırı məcbur qalıb 20 gün əvvəl kreditlə, qohumlardan borc almaqla 10 min manat tapıb Eminə pul verdik. İndi Emin yalandan saytlara açıqlama verir ki, guya iki aydır bizimlə müqavilə imzalayıb.

Nə isə, biz 10 mini verdikdən sonra müqavilə bağladıq. Ondan qızıma hansı səbəbdən pul almadan yardım etmədiyini soruşduqda, cavab verdi ki, “mən yevrey” kimi adamam. Pulumun qalan 15 minini də verin, sonra gəlim”. And içdim ki, tapa bilmirik. Yenə razı olmadı. Balam ölən günü gedib qaynımın oğlunun qızıllarını girov qoyub 4 min manat pul götürdük, 1000 manat da qardaşımın oğlundan aldıq, ümumi 5 min düzəltdik. Onu məhkəmə bitəndən sonra, yerdə qalan 10 mini isə iyulun 25-də verməli idik. Qızım ölən günü Kəmalə ilə üzləşməsi idi və vəkil ora gələcəkdi. Ona görə də həmin 5 mini götürüb getdik prokurorluğa”.

Ana qeyd edir ki, saat 11:30-da Eminlə qızı daxil olub Mingəçevir prokurorluğuna, sonra Gəncədən olan vəkil Zabil gəlib, təxmini iki saat sonra isə Kəmalə, vəkili və yoldaşı gəliblər:

“Maraqlısı odur ki, qarşı tərəf 2 saat sonra prokurorluqdan çıxdı, ardınca Zabil də gəldi. Yoldaşım ondan nəticə barədə soruşduqda, dedi ki, iş sənin qızının xeyrinə bitdi, Kəmalənin günahkar olduğu sübuta yetirildi. Biz də şükr elədik. Vəkil oradan getdikdən sonra, MERO-da işləyən Nurlan gəldi və prokurorluğun binasına daxil oldu. Adam içəri keçdiyi 10 dəqiqə deyildi ki, əlində açıq mavi rəngdə “pinqvin” torba, içində də narıncı rəng parça, ya geyim, çölə çıxdı. Nurlan paltarın içində nəsə axtarırdı. Toyuğun başını kəsəndə necə çabalayar? Nurlan da o vəziyyətdə idi. Həyəcanından vurnuxurdu. Sonra təkrar qayıdıb prokurorluğa girmək istəyəndə pilləkəndə olan polis ona əli ilə geri qayıtmaq işarəsi göstərdi. Nurlan kiməsə zəng etdikdən sonra qaça-qaça içəri keçdi və tərsinə qayıtdı”.

T.Aslanova Nurlanın davranışını görüb, yoldaşına qızının ölə biləcəyini düşündüyünü deyib:

“Yoldaşıma o an dedim ki, ay Natiq, birdən bizim uşağımızı öldürərlər, başıma daş düşər. Çünki artıq axşam idi, hər kəs getmişdi. Yoldaşım dedi, narahat olma, vəkil də ordadır. Amma Nurlanın özünü aparması məni narahat etdi. Sonra əraziyə Təcili Tibbi Yardım briqadası gəldi. Yenə ürəyimə gəldi ki, bəlkə qızım ac olduğu üçün özündən gedib. Biz bir az kənara keçəndə gördük vəkil Emin əlində çanta arxa qapıdan içəri daxil oldu. Orada olan polislərdən biri gəlib mənə dedi ki, Emin deyir biz gedək, orada onu gözləyək. Mən dərhal qaçıb içəri keçdim ki, görüm həkimlər niyə və kimə görə gəlib.

Nurlana əli ilə işarə göstərən oğlan mənə dedi ki, işçilərdən xəstə olan var, onun üçün gəlib. Elə arxa tərəfə düşürdüm ki, təcili yardımın yanına gedim, o oğlan mənə “sənin qızın ikinci mərtəbədə prokurorun yanındadır” dedi. Qaçaraq ora çıxan zaman yenə həmin polis dedi ki, ay xanım, sənin qızını xəstəxanaya apardılar”.

Ana bildirir ki, onlar xəstəxanaya gedən zaman vəkil Bakıya qaçıb:

“And ola Allaha, elə bilirdim uşağım ac-susuz qalıb deyə, özündən gedib. Məni içəri keçməyə qoymurdular. Dedilər, atası gəlsin, razı olmadım ki, anayam, balamın dilini mən daha yaxşı bilirəm. İçəri girən kimi, qapını açdılar, gördüm balamı taxta çarpayının üzərinə uzadıblar, üzünü də örtüblər kinolardakı kimi (ağlayır). Üzünü açanda gördüm balam gülür. Həkimə yalvardım ki, axı bu gülür, ölməyib, niyə üzünü bağlamısınız?! O da qayıdıb dedi ki, qızının ölüsünü bizə gətiriblər”.

Təranə Aslanova deyir ki, qızının heç bir zədəsi yox idi:

“Turalənin üzünün bir tərəfində balaca qan vardı. Orada dedilər ki, sizin qızınız özünü pəncərədən atıb. Prokurorluqda bildiyiniz pəncərə deyil, ciftdir. Necə ola bilər ki, uşağım hamının gözü qarşısında cifti açıb sürüşüb onun üstünə çıxıb və özünü oradan atanda heç kim yardım etməyib?! Siz niyə imkan verirdiniz bəs?! Həm biz həyətdə olmuşuq. Necə ola bilər ki, heç kimin xəbəri olmayıb?!

Məsələni aydınlaşdırmağa gedəndə məni orada rəisi Ədalət Əliyev qarşıladı. Dedi, nədi, sənin uşağın özünü atıb da. Sual verdim ki, bəs niyə heç bir yerində zədəsi yox, başı sağlam idi. Qayıtdı ki, qızın özünü atanda başı üstə gəlib, düşənə yaxın salto vurub deyə böyrü üstə düşüb. Yalandır! Morqda şəkilləri var və orada da görünür ki, uşağımın bədəninin heç bir nahiyəsində adi cızıq da yoxdur, nəinki partlamaq. Bundan başqa, Emin bilirdi ki, mən ana ölmüş ordayam. Amma yenə də vəkil olaraq xəbər vermədən qaçıb”.

Ana vurğulayır ki, hadisə yerinə ekspertlər gəlməyib:

“Niyə ora heç bir ekspert gəlmədi? Niyə qızım özünü atanda məni çağırıb demədilər ki, bax, sənin qızın özünü pəncərədən atdı? Onun hadisə yerində şəkilləri çəkilməli idi. Deməli, bunlar mənim uşağımı öldürüb, hazır şəkildə xəstəxanaya göndəriblər. Əminliklə sizə deyirəm ki, qızımı orada adı çəkilənlərin göstərişi ilə Nurlan öldürdü.

Adi mən Nurlana əl işarəsi göstərən polisə sual verəndə ki, sən niyə onu geri çevirdin? Dedi, çünki Nurlan hələ lazım deyildi. Nurlan sellofan torbada nə zəhəri idisə onunla da qızımı öldürdü, ad da qoydular ki, “Turalə Aslanova özünü öldürdü”. Kamera görüntülərini qoysunlar ortaya. Niyə hadisədən dərhal sonra Emin Kiçikbəyov qaçıb getdi? Hamısını edən, bu işdə əli olan Kəmalə, Zaur, Qalib, Nahid, Nurlan, Füzuli və başqalarıdır”.

Ana deyir ki, Kəmaləgil çölə çıxan kimi prokurorluğun əməkdaşı Qabil də gəlib onlarla pıçıltı ilə nəsə danışıb:

“Elə ki, bunlar getdilər, dərhal Nurlan gəldi və mənim uşağımı öldürdü. O, boş yerə həyəcanlanmamışdı. Siz həmin an Nurlanı görsəniz mənə haqq qazandırardınız. Bəlkə öldürüb, pəncərədən atıblar, ya necəsə. Amma olan oldu.

Bir ana kimi yalvarıram, xahiş edirəm, bu işə hər kəs ədalətli yanaşsın. Sosial şəbəkələr, xəbər saytları yazırlar ki, guya qızım pulları mənimsəyib. Vallah yalandır! Bir ana kimi yalvarıram, ədalətli olsunlar! (ağlayır). Mənim gül kimi 32 yaşlı balam öldürülüb, hərə bir söz yazır. Saytlar bildi-bilmədi, araşdırmadan hər sözü yazırlar. Ay vicdansızlar, niyə axı yalan yazırsınız?!”

Ana iddia edir ki, Turalə ayrı-ayrı şəxslərdən aldığı pulu Kəmaləyə verib:

“İnsanlar özləri o pulu faizlə veriblər. Balamı Kəmalə aldadıb bu vəziyyətə gətirdi. Hətta Kəmalə Turalənin əli ilə borc aldığı pulları qaytarandan sonra, büdcəni taladığına görə 9 ildən 15 ilə qədər həbs olunacaqdı. Qızım ölməmişdən əvvəl dedi, “bunlar mənə kömək etməsələr, həqiqəti gizlətsələr, ölkə başçına müraciət edəcəyəm”. Onu da öldürdülər, imkan vermədilər heç məktubu göndərsin. Hamı bir-birindən pul alıb, işi gizlədir. Zaur əvvəl bizə qarşı yaxşı idi, Kəmalənin dayısı oğlu Arif var, o da polis bölməsində çalışır. Bu işdə Kəmalə onun da adını hallandırırdı. Amma Arif demişdi ki, bütün qara işləri Kəmalə özü görüb, onu bada verir”.

Təranə Aslanova deyir ki, adıçəkilən Cəlal sonradan Kəmalə ilə əlbir olub:

“Deməli, Cəlalın yoldaşı qızımla Gəncədə yerləşən ASAN xidmətdə iş yoldaşı olmuşdular. Onlar Camalla ayrılmışdılar. Oğlanın maşını ustada idi və tək bunun üçün elə 6 min manat tələb olunurdu, qızıllar lombardda, digər borcları N qədər. Amma bir həftə ərzində Kəmaləgil onun bütün borcunu da bağladı, maşını da düzəltdi.

Bu azmış kimi, bunlar birləşib gediblər Turalənin köhnə iş yoldaşlarına deyiblər ki, Turalənin üzünə durun. Onlar razı olmamışdılar. Amma bizdə Vüsalə adlı qızla olan səs yazısı var. Cəlal orada deyir ki, “get, Turalədən şikayət elə, üzünə dur, Kəmaləgil sənə 50 minlik avtomobil verəcəklər”. Qız razı olmayıb. Qızımı aidiyyəti qurumlar dinləmədi”.

Qeyd edək ki, iyulun 19-da Mingəçevir şəhər Prokurorluğunda intihar hadisəsi baş verib. 1991-ci il təvəllüdlü Turalə Natiq qızı Aslanovanın özünü həmin binanın ikinci mərtəbəsindən atdığı iddia edilir.

Yazıda adları çəkilən şəxslərin mövqeyini dərc etməyə hazırıq.

Loading

Next Post

"Nəvələrim, övladlarım sosial mediada gördüklərini mənə deyir" - Prezident

“Sosial mediadan ölkəmizin həyatı ilə bağlı bir çox mühüm məsələləri öyrənirəm”. “Qafqazinfo” xəbər verir ki, bu fikri iyulun 21-də Azərbaycan Prezidenti İlham Əliyev “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunda çıxışında deyib. Dövlət başçısı çıxışında sosial medianın və KİV-in əhəmiyyətindən danışıb: “Media ilə təməslarımda həmişə deyirdim ki, siz […]