
Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən Şəhidlərimizin ömür yolu örnəkdir. Şəhidlik qəhrəmanlığın ən ali məqamıdır. Bu zirvəyə ucalmaq hər kəsə nəsib olmur. Yalnız məqsədləri, amalları uğrunda vuruşan, qorxu nə olduğunu bilməyən, Vətən və xalq yolunda canını fəda etməkdən çəkinməyən, ləyaqətli, cəsarətli, vətənpərvər insanlar bu zirvəyə ucala bilərlər. Bu ali məqama, şəhidlik zirvəsinə yüksələnlər ölməzlik qazanırlar, elə Ələsgər Şükürov kimi….
Belə bir deyim var: Deyirlər torpaq su ilə qarışanda palçıq, qan ilə qarışanda vətən olur. Ürəyi, qəlbi vətən sevgisi ilə döyünən, birinci Qarabağ müharibəsində şərəfli döyüş yolu keçərkən şəhidlik zirvəsinə ucalan Şəhid Ələsgər Şükürov da döyüş meydanında qanı ilə tarix yazan qəhrəmanlarımızdan oldu.
İstəkli oxucu! Mən bu yazımda sizlərə belə bir qəhrəmanın həyat hekayəsindən söhbət açacağam:
Qəhrəmanlıq salnaməsi yazan igid qəhrəmanlarımızı, hamı tanımalı və tanıtmalıyıq.
Ələsgər Fərrux oğlu Şükürov 1965-ci il iyun ayının 28-də Azərbaycanın dilbər guşələrindən biri olan Kəlbəcər rayonunun Molla Bayramlı kəndində dünyaya göz açıb. 1972-ci ildə doğulduğu kənd natamam orta məktəbinin birinci sinfinə ilk qədəmlərini atan Ələsgər Şükürov 8-ci sinfə qədər burada təhsil aldıqdan sonra, Bakı şəhərində təmayüllü məktəbdə təhsilini davam etdirib. 1982-ci ildə o, Bakı Dövlət Universitetinin Mexanika-Riyaziyyat fakültəsinə eksperimentlə qəbul olub. Birinci kursu bitirdikdən sonra həqiqi hərbi xidmətə yollanan Ələsgər Şükürov xidməti borcunu yerinə yetirdikdən sonra elə həmin universitetdə ali təhsilini davam etdirir. Onun universitetdə qalması üçün təklif olmasına baxmayaraq o, öz doğma rayonuna qayıdır, Kəlbəcər rayon 3 nömrəli rus məktəbində ixtisası üzrə müəllim təyin olunur. Gənc müəllim Kəlbəcər rayonu işğal olunana qədər burada müəllim kimi fəaliyyət göstərir.
Kəlbəcər işğal olunduqdan sonra Bərdə rayonunun Yeni Daşkənd kəndində qaçqın və məcburi köçkün uşaqları üçün salınmış məktəbdə direktor vəzifəsinə təyin olunur. Kəlbəcər rayon təhsil şöbəsinin nəzdində olan məktəbdə çalışmağa başlayır Ələsgər müəllim. O vaxtlar keçmiş SSRİ respublikaları olan Azərbaycan və Ermənistan 1988-ci ildən başlamaqla Dağlıq Qarabağın yüksəkliklərində uzun və elan edilməmiş müharibə aparırdı. Azərbaycanın ilk vaxtlarda əsas məqsədi separatçı hərəkatı məhv etmək, Ermənistanın niyyəti isə Azərbaycanın beynəlxalq çərçivədə tanınan ərazilərinin bir hissəsini ilhaq etmək idi.
Azərbaycan SSRİ – dən müstəqilliyini elan etdikdən sonra Qarabağ ermənilərinin əksəriyyəti Azərbaycandan çəkilmək qərarına gəlmiş və qondarma Dağlıq Qarabağ Respublikasının müstəqilliyini elan etmişdirlər. Tərəflər arasında genişmiqyaslı döyüşlər 1992-ci ilin qışında başlamışdır. Ən çoxsaylı itkilər 1992-1994-cü illərdə davam edən hərbi əməliyyatlar zamanı baş verib. Erməni qüvvələrinin əsas itkiləri Azərbaycan ordusunun 1992-ci ilin yayında həyata keçirdiyi uğurlu hücum əməliyyatları zamanı qeydə alınıb. Azərbaycan ordusunun itkiləri isə əsasən Ağdam döyüşlərində, habelə 1994-cü ilin qış-yaz aylarında Kəlbəcəri geri almaq üçün təşkil edilmiş hücum əməliyyatlarında baş verib.
Vətənin taleyinin təhlükə altında olduğu, onun bütövlüyü uğrunda ölüm-dirim mübarizəsinin getdiyi bir zamanda Ələsgər müəllimin vətənpərvərlik hissi, torpağa, vətənə, doğulduğu Kəlbəcərə olan sevgisi onu rahat yaşamağa qoymur və o, könüllü olaraq 1994-cü il yanvar ayının 26-da Kəlbəcər rayonunun xilas olunması üçün 701 saylı hərbi hissənin 3-cü taboruna ( Kəlbəcər taboru) vətənin müdafiəsinə qoşulur. Vətən müharibəsində, torpaqlarımızın işğaldan azad olunması uğrunda, doğulduğu Kəlbəcərin azad olunması uğrunda, dağ demədən, sıldırım qaya demədən, çətin maneələri aşaraq və sonda çiyinlərində leytenant rütbəsini daşıyan Ələsgər Şükürov birinci Qarabağ müharibəsində 29 yaşında Murovdağ əməliyyatında Yanşaq kəndi uğrunda gedən döyüşlərdə cəngavərlik nümayiş etdirərkən şəhidlik zirvəsinə ucaldı.
Şəhidlik şərəf, qeyrət, ucalıq zirvəsidir. Vətənimiz Azərbaycanın bütövlüyü uğrunda şəhadət kəfəninə bürünüb şəhidlik zirvəsinə ucalan oğullarımıza borcluyuq. Şəhid qanları ilə suvarılan vətənin hər qarışı müqəddəsdir, hər birinin döyüş yolu bir tarixdir. Vətən müharibəsində qəhrəmanlıq tarixinin yazılmasında Ələsgər Şükürovun imzasının olmasi da məhz bu sevgiyə bağlıdır. Vətən sevgisi, torpaq sevgisi.
Adı Azərbaycan xalqının yaddaşına əbədi həkk olan Şəhid Ələsgər Fərrux oğlu Şükürov ölümü ilə əbədilik qazanan şəhidlərimizdən oldu. Şəhidlik zirvəsi hər kəsə nəsib olmur. Bu zirvəyə çatmaq qəhrəmanlıq, igidlik, qorxmazlıq tələb edir. Hamının sevimlisi olan Ələsgər müəllim öz mərdliyi, vətənpərvərliyi, ana torpağa olan sevdası ilə seçilirdi. Bu sevgi onu Vətən müharibəsinin qəhrəmanlıq salnaməsi yazan bir igidinə çevirdi. Birinci Qarabağ müharibəsi zamanı erməni silahlı qüvvələri tərəfindən atılan atəş nəticəsində şəhidlik zirvəsinə ucalan Ələsgər Şükürov səmimiliyi, mərdliyi, vətənpərvərliyi ilə tək ailəsinin, doğmalarının, çalışdığı müəllim kollektivinin yox, bütün xalqın yaddaşında özünə əbədi yer elədi. Döyüş meydanında göstərdiyi sücaəti ilə on milyonun urəyində taxt quran şəhidimizin ən böyük arzusu torpaqlarımızı, Kəlbəcərin işğaldan azad olunmasını gormək idi.
Amma qismətinə Vətən yolunda Şəhid olmaq yazıldı. Şəhidlik müqəddəs amal uğrunda həyatını qurban verməkdir. Vətən üçün canını hər an qurban verməyə hazır olan gənclər üçün vətən, torpaq, el-oba, şərəf, ləyaqət kimi anlayışlar müqəddəsdir, toxunulmazdır.
Müqəddəs dinimizə görə də insanın ucala biləcəyi ən yüksək mərtəbələrdən biridir şəhidlik. Bu gün bizim hər birimiz şəhidlərimizin qanı ilə yuyulan torpaqda yaşayırıq. Bu gün bu torpaqlarda sərbəst şəkildə hərəkət edib, xoşbəxt, firavan yaşayırıqsa, bunun üçün ölümün gözünə dik baxan, vətənin bütövlüyü və xoş gələcəyi üçün canından, qanından keçmiş şəhidlərimizə borcluyuq.
Ələsgər Şükürov döyüş tapşırıqlarının öhdəsindən layiqincə gəlməsi ilə yanaşı, həmdə qorxmazlığı, cəsurluğu ilə xatırlanacaq. Şəhidlik zirvəsinə ucalan Ələsgər Fərrux oğlu Şükürov fevral ayının 26-da Bərdə rayonunun Yeni Daşkənd kənd qəbiristanlığında torpağa tapşırılıb.
Şəhidlərimiz daim bizim qəlbimizdə əbədi yaşayır, yaşayacaq. Allah bütün Şəhidlərimizə rəhmət eləsin.
Hörmətlə: Qənifə Teymurqızı, AJB-nın üzvü