
Repetitorluğun şagirdləri məktəb mühitindən uzaqlaşdırması barədə indiyədək bir çox kütləvi informasiya vasitələrindəı, eləcə də “Doğru Söz” qəzetində xeyli tənqidi məqalələr dərc olunub. Həmin səbəbdən məktəblərdə dərsə davamiyyətin çox aşağı düşməsi, şagirdlərin yalnız seçdikləri ixtisas qruplarına uyğun fənləri oxumaları, bunun isə şəxsiyyətyönümlü təhsillə ziddiyyət təşkil etməsi, məktəbin əhəmiyyətini azaltması haqda çox deyilib, çox yazılıb.
Bir çox rayon məktəblərində yuxarı siniflərdə davamiyyətin ümumiyyətlə yox dərəcəsinə enməsi, məktəbin sanki formal olaraq attestat satan quruma çevrilməsi günümüzün acı gerçəkliyidir.
Ailə büdcəsinə hiss olunacaq dərəcədə təsir göstərsə də, valideyn və şagirdlərdə repetitordan dərs almadan təhsilini davam etdirməyin mümkün olmaması haqqında fikir artıq formalaşmışdır.
Repetitor kimdir və onlar necə fəaliyyət göstərirlər? Repetitor – mürəbbi haqqı valideynin hesabına ödənmək şərti ilə şagirdə təkbətək və ya qrup halında dərs deyən müəllimdir. O, adətən, dərslərində daha yaxşı nəticə əldə etmək, müxtəlif özəl təhsil müəssisələrinə, universitetlərə qəbul imtahanlarında uğur qazanmaq istəyən şagirdlərə müəyyən fənn və ya fənlərdən dərs verir. Repetitorlar, adətən, mövcud əmək haqqının tələbatını ödəməyə kifayət etməyən, əlavə pul qazanmaq istəyən, təqaüdə çıxmış müəllimlər və ya ali təhsilini bitirib iş tapa bilməyən gənc müəllimlərdən ibarətdir. Bu gün onların sırasına kurs bitirən xarici dil “müəllimləri” də daxildirlər.
Repetitorlar dərs dedikləri məktəbdə, öz evlərində, şagirdin evində və ya müəyyən adlar altında fəaliyyət göstərən kurslarda çalışırlar.
Repetitorluğun səbəbləri də müxtəlifdir. Repetitora müraciət edənlərin əsas hissəsi obyektiv və ya subyektiv səbəblərə görə məktəbdəki tədrislə uğur qazana bilməyənlərdirlər.
Digər bir səbəb repetitor yanına getməyin günümüzün dəbinə çevrilməsidir. Repetitorun sinfindən fərqli olaraq, pərvanə kimi başına fırlandığını görən şagird, imkanları oldu-olmadı, neçə-neçə sinif yoldaşını da bu işə cəlb edir. Bu səbəb eyni zamanda məktəbə və müəllimə olan ictimai etibarın kəskin şəkildə aşağı düşməsinə səbəb olur.
Repetitorluq, digər tərəfdən də məktəbin məsuliyyətini azaldır, müəllimlərdə arxayınçıllıq yaradır. Harada və kimin yanında hazırlaşmasından asılı olmayaraq, ali məktəbə qəbul olunan şagirdin uğuru təhsil aldığı məktəbin göstəricisi, nailiyyəti hesab olunur. Ona görə də, repetitor yanına gedən şagirdlərin yaş səviyyəsi də getdikcə aşağı düşür. Özlərində hiss olunan zəifliyi aradan qaldırmaq üçün şagirdlər 8-9-cu siniflərdən başalayaraq repetitor yanına gedirlər. Hələ bu harasıdır, ibtidai sinif şagirdləri də bu təcrübədən istifadə edirlər.
Qeyd etmək lazımdır ki, bəzi ölkələrdə repetitor yanına getmək o qədər də yayğın deyil. Məsələn, Danimarka və Finlandiyada şagirdlər repetitor yanına getmədən yüksək nəticələr göstərirlər. Bu, o deməkdir ki, həmin ölkələrdə ictimai məktəblərə və müəllimə inam hələ də yaşamaqda, məktəblər və müəllimlər də ictimai etimadı doğrultmaqdadır.
Sağlamlığı, səhhəti qənaətbəxş olsa da, təqaüdə çıxan kimi öz sevimli peşəsindən ayrılmağı bacaran nadir müəllimlər var ki, sağlamlığı, səhhəti əla vəziyyətdə olsa da, bir addımı atmağa özündə cəsarət tapa biliblər. Hər bir şagirdə dərsi məhz dərsdə öyrətməyə çalışmış elə müəllimlərin təqaüdə çıxandan sonra evdə və ya tədris mərkəzlərində repetitorluqla məşğul olmaları məqsədəuyğundur. İlk növəbədə müəllim özü kamil insan, vicdanlı şəxs olmalıdır, sonra da qarşısında oxumaq, öyrənmək eşqi ilə coşub-daşan şagird oturtmalıdır. Belə şagirdin qulaqlarını tıxasan da, gözlərini qapasan da, eşidəcək və görəcək.
Seyid İsmayıl Abbasov,
“Doğru Söz” qəzetinin və “DogruSoztv.az” Milli İnformasiya Agentliyinin baş redaktoru