Ceyhun Bayramov: “Azərbaycan azad edilmiş ərazilərində bərpa və yenidənqurmaya başlayıb”

Hafiz Əliyev
Oxunma vaxtı:1 Dəqiqə, 25 Saniyə

İndi Azərbaycan işğaldan azad edilmiş ərazilərində misli görünməmiş bərpa və yenidənqurma fəaliyyətlərinə başlayıb və onların tam reinteqrasiyası prioritet təşkil edir.

“Report” xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Nyu-Yorkda BMT Baş Assambleyasının 77-ci sessiyasının ümumi müzakirələrində çıxışı zamanı deyib.

Nazir bildirib ki, bu cür fəaliyyətlərin məqsədi nəhayət, yüz minlərlə məcburi köçkünün təhlükəsiz və ləyaqətlə öz evlərinə qayıtmasına və münaqişənin təsirinə məruz qalmış ərazilərdə dinc həyatı təmin etməyə imkan yaratmaqdır. Bu günlərdə Azərbaycanın işğaldan azad edilmiş Zəngilan rayonunun Ağalı kəndinə ilk ailələr qayıdıb.

“Azərbaycan etnik, dini və ya hər hansı digər mənsubiyyətindən asılı olmayaraq bütün Azərbaycan vətəndaşları ilə eyni hüquq və azadlıqları təmin etməklə, münaqişənin təsirinə məruz qalmış ərazilərdə yaşayan erməni əsilli vətəndaşlarını da öz siyasi, sosial, iqtisadi məkanına yenidən inteqrasiya etməkdə qətiyyətlidir. Azərbaycan Respublikasının Konstitusiyası bununla bağlı möhkəm hüquqi bazanı təmin edir.

Davam edən bərpa və yenidənqurma işlərinə və məcburi köçkünlərin təhlükəsiz geri qayıtmasına əsas maneələrdən biri işğaldan azad edilmiş ərazilərin mina və digər partlayıcı qurğularla kütləvi şəkildə çirklənməsi və Ermənistanın minalanmış ərazilər haqqında dəqiq və dolğun məlumat verməkdən davamlı imtina etməsidir. Ermənistan işğalın davam etdiyi illər ərzində və Azərbaycan ərazilərindən öz qüvvələrini çıxararkən həmin əraziləri ağır və fərq qoymadan mina və digər partlayıcı maddələr ilə çirkləndirmişdir. Üçtərəfli Bəyanatın imzalanmasından indiyədək mina partlayışları nəticəsində 240-dan çox Azərbaycan vətəndaşı və hərbçisi həlak olub və ya ağır yaralanıb”, – Ceyhun Bayramov vurğulayıb.

“Azərbaycanın minalarla mübarizədə milli imkanlarını və səylərini daha da gücləndirmək və artırmaq üçün məqsədyönlü və davamlı beynəlxalq texniki və maliyyə yardımı ilə yanaşı, mina sahələrinin xəritələrinin əldə edilməsi də insanların həyatını xilas etmək və sülhü möhkəmləndirmək baxımından çox vacibdir. Bu xüsusda, BMT-nin davamlı dəstəyi, adekvat və proqnozlaşdırıla bilən mina fəaliyyətinin maliyyələşdirilməsi zəruridir”, – nazir əlavə edib.

Loading

Next Post

Nazir: "Son zamanlar Laçında Ermənistanda istehsal edilmiş çoxlu sayda mina aşkarlanıb"

Son zamanlar Azərbaycanın Laçın rayonunda 2021-ci ildə Ermənistanda istehsal edilmiş çoxlu sayda piyada əleyhinə minalar aşkar edilib. “Report” xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Nyu-Yorkda BMT Baş Assambleyasının 77-ci sessiyasının ümumi müzakirələrində çıxışı zamanı deyib. “10 noyabr tarixli Üçtərəfli Bəyanatda nəzərdə tutulduğu kimi, Ermənistan silahlı qüvvələrini Azərbaycan ərazilərindən […]