İcbari tibbi sığorta Azərbaycana çoxcibli xalatını tərsinə geyinmiş təzə baş həkim kimi gəldi

Oxunma vaxtı:1 Dəqiqə, 40 Saniyə

Bu mövzuda bir dəfə qəzetimizdə “Əhali nə Səhiyyə Nazirliyindən, nə TƏBİB-dən, nə də İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən yarıdı” sərlövhəli məqalə dərc olunub. Həmin məqalədə icbari tibbi sığortaya keçidlə bağlı vətəndaşlara təqdim olunan ilkin xidmətlər zərfinin “kasadlığından”, icbari tibbi sığorta ilə müayinə və müalicə olunmaq istəyən şəxslərin həkimlərlə ciddi mübahisələr yaşamasından, Səhiyyə naziri, TƏBİB rəhbəri dəyişilsə də, icbari tibbi sığortanın hamıya əlçatanlığının təmin olunmamasından, dövlət tibb müəssisələrində rüşvət amilinin hələ də öndə olmasından, ixtisaslı tibb müəssisələrinəı göndəriş almanın uzun çəkməsindən, icbari tibbi sığorta hesabına cərrahi əməliyyata məruz qalmalı xəstələrin həkimlər tərəfindən fikirlərindən yayındırılmaq cəhdlərindən və s. yazmışdıq. Xatırlatmağa dəyər ki, icbari tibbi sığorta tətbiq olunmazdan əvvəlki dönəmdə həkim xəstəni ehtiyacı olmadığı halda belə cərrahi əməliyyata məruz qalmağının vacibliyinə inandırmağa çalışırdı. Çünki dinməz-söyləməz hamıya aydın idi ki, dövlət xəstəxanalarında tibbi xidmət kağız üzərində pulsuz olsa da, cərraha mütləq rüşvət verməlisən. Başqa sözlə, pul vermədiyin həkimə canını etibar edə bilməzsən.

KT, MRT müayinələri ilə bağlı vəziyyət də eynidir. Şəxsən bu sətirlərin müəllifi kimi xatırlayıram ki, səhhətimdəki problemlə əlaqədar göndərişlə getdiyim akademik Mirqasımov adına Respublika klinik xəstəxanasında düz 1 il cəhd edib KT müayinəsindən keçməyə çalışdım, hər dəfə dedilər KT hələ təmirdədir, işlək deyildir. Bu boyda ölkədə 1 il ərzində kompyuter tomoqrafiyası aparatını təmir edə biləcək bir usta tapılmırmı? O ustaya verməyə, cihazın hansısa nasaz detalını dəyişməyə  dövlətin pulu yoxmu? Xeyr, usta da var, pul da var. Belə yəqin hasil etmişəm ki, tibbi sığortadan faydalanmaq istəyən pasientdən bu aparatları ya gizlədirlər, yaxud da, əlbir işlədikləri özəl tibb müəssisələrinə göndərirlər. Birmənalı demək istəyirəm ki, korrupsiya səbəbindən icbari tibbi sığorta məsələsi baş tutmayıb. Rüşvətxorluq ucbatından vətəndaşlar bu çoxdan gözlədiyimiz yenilikdən faydalana bilmirlər.

Haqlı olaraq sual doğur: Əgər xəstəxana tibbi sığorta ilə təminat altına alınan xəstələri qəbul və müalicə etməyəcəkdisə, o halda insanlardan icbari tibbi sığorta haqqı niyə tutulur?

Qısası, dünyanın inkişaf etmiş ölkələrində uğurla tətbiq olunan və sosial həyatın vacib elementinə çevrilən icbari tibbi sığorta Azərbaycana “Mozalan” satirik kino-jurnalının epizodlarından birində ekranlaşdırıldığı kimi, çoxcibli xalatını tərsinə geyinmiş baş həkim kimi gəldi.

“Doğru Söz”

 459 total views

Next Post

Bəzi orta məktəblərdə qanunsuzluga yol verilir

Sirr deyil ki, bu gün hətta bir çox valideynlər 1-ci sinif şagirdi olan övladını repetitorun yanına göndərir. Bu gün müəllimlər məktəblərdə dərs keçmək marağında deyillər. Müəllimlər dərsdən kənar repetitorluqla daha çox gəlir əldə edirlər. Xüsusilə savadlı hesab edilən və repetitorluğu yaxşı bacaranlar bir şagirddən qrup şəklində hazırlığa görə ən azı 100 manat […]