İdarə rəisi bu əməllərə görə həbs olunub – Rəsmi

Admintrator
Oxunma vaxtı:55 Saniyə

Xəbər verdiyimiz kimi Şəmkir Regional Mədəniyyət İdarəsinin rəisi saxlanılıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumata görə, İdarənin vəzifəli şəxslərinin qanunsuz əməlləri ilə bağlı daxil olmuş vətəndaş müraciəti əsasında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb.

İdarə rəisi Azər Rəcəbovun həmin idarənin İnsan resursları şöbəsinin rəisi Ələkbər Əliyev və məsləhətçisi Seymur Səfərov ilə qabaqcadan əlbir olaraq ümumi himayədarlıq, yəni ayrı-ayrı şəxslərdən vəzifəyə təyin edilmələri, vəzifədə qalmaqla fəaliyyətini davam etdirmələri, eləcə də idarənin balansında olan klubların ixtisar edilməməsi müqabilində 2021-ci ilin dekabr ayından başlamaqla ayrı-ayrı şəxslərdən 102 min manat rüşvət almalarına və vəzifə səlahiyyətlərindən sui-istifadə etmələrinə əsaslı şübhələr müəyyən edilib.

Azər Rəcəbov, Ələkbər Əliyev və Seymur Səfərova Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 311.3.1, 311.3.2 və 311.3.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrar külli miqdarda rüşvət alma) maddələri ilə ittiham elan edilməklə, barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Cinayət törətmiş şəxslərin dairəsinin və onların digər qanunsuz əməllərinin müəyyən olunması istiqamətində zəruri istintaq, əməliyyat-axtarış tədbirləri davam etdirilir.

 264 total views

Next Post

Bir tələbəyə xərclənən vəsait açıqlanıb

2021-ci ildə bir nəfərin təhsil almasına sərf olunan orta xərc 1767 manat təşkil edib. Bunu təhsil nazirinin müavini İdris İsayev deyib. Nazir müavini bildirib ki, ən böyük göstərici 2604 manat ilə ali təhsildədir. “Peşə təhsilində 1567 manat və ümumitəhsil pilləsində xərc 1125 manatdır”, – deyə İ.İsayev qeyd edib.  265 total views