Əhali nə Səhiyyə Nazirliyindən, nə TƏBİB-dən, nə də İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən yarıdı

Oxunma vaxtı:5 Dəqiqə, 1 Saniyə

Bu il aprelin 1-dən etibarən Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda da icbari tibbi sığortanın tətbiqinə başlanılıb. Tibb müəssisələrində icbari tibbi sığortanın tətbiqi ilə bağlı bir sıra müvafiq dəyişikliklər edilir. Yeniliklərdən biri Ailə Sağlamlıq Mərkəzlərinin yaradılmasıdır. Bununla yanaşı icbari tibbi sığortaya keçidlə bağlı vətəndaşlara içərisində 2550 tibbi xidmət olan xidmətlər zərfi təqdim edilir.

Gəlin xatırlayaq görək, icbari tibbi sığorta mexanizmi necə işə düşür:

İcbari Tibbi Sığorta Agentliyinin Təcili və təxirəsalınmaz tibbi yardım istisna olmaqla, vətəndaş səhhətində yaranan narahatlıqla bağlı ilk növbədə ilkin səhiyyə xidməti göstərən dövlət tibb müəssisəsinə (poliklinika/Ailə Sağlamlıq Mərkəzi/kənd həkim məntəqəsi) müraciət edir. Burada o ailə həkimi (sahə terapevti, sahə pediatrı) tərəfindən müayinə/müalicə olunduqdan sonra ixtisaslı tibbi yardıma ehtiyac olarsa, ixtisaslı həkimə göndəriş verilir. Bu zaman göndəriş Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində olan dövlət tibb müəssisələrinə verilir. İxtisaslı həkimin baxışından sonra isə vətəndaşa lazım olan tibbi xidmətin göstərilməsi həmin dövlət tibb müəssisəsində mümkün olmursa, müqaviləli tibb müəssisələrində (dövlət və ya özəl tibb müəssisələri) göndəriş əsasında tibbi xidmətlər göstərilir. Tibbi xidmətlərə göndəriş vərəqəsi TƏBİB-in tabeliyindəki tibb müəssisəsi tərəfindən verilir. Göndəriş vərəqəsinin verilməsi şərtlərinə gəldikdə isə bildirək ki, ailə həkimi və ya dar ixtisaslı həkim ilk növbədə aid olduqları inzibati ərazi vahidində (rayon, şəhər rayonu və ya şəhər) yerləşən dövlət tibb müəssisəsinə göndəriş verməlidir. Tibbi xidmətlərin burada göstərilməsi mümkün deyilsə, ailə həkimi və ya dar ixtisaslı həkim aid olduqları tibbi ərazi bölməsinə daxil olan dövlət tibb müəssisəsinə göndəriş verməlidir. Tibbi xidmətlərin burada da göstərilməsi mümkün deyilsə, vətəndaşın istəyini, məsafə və yol infrastrukturunu nəzərə almaqla digər tibbi ərazi bölmələrinə daxil olan dövlət tibb müəssisəsinə göndəriş verilməsi təmin edilməlidir. Stasionarda tibbi xidmətin dövlət tibb müəssisələrində göstərilməsi mümkün olmadığı təqdirdə, dövlət tibb müəssisəsinin rəhbərliyi tərəfindən özəl tibb müəssisəsinə göndəriş vərəqəsi verilir.

Qeyd edək ki, bütün hallarda vətəndaş həm TƏBİB-in tabeliyində olan dövlət tibb müəssisələri, həm də müqaviləli tibb müəssisələri arasında seçim etməkdə sərbəstdir. Xidmətlər zərfi və icbari tibbi sığortanın tətbiqi ilə bağlı bütün qaydalar dövlət tibb müəssisələrinə təqdim edilib.

Məlumat üçün bildirək ki, “İcbari tibbi sığorta çərçivəsində tibbi xidmətlərin göstərilməsi üçün göndəriş vərəqəsinin verilməsi Qaydası” İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi internet səhifəsində (//its.gov.az/) yerləşdirilib, həmçinin sənəd tibb heyətinə təqdim olunub.

Bütün bunlar öz-özlüyündə kifayət qədər faydalı proseslərdir. Lakin, yeni tətbiq edilən sistem paralel olaraq çaşqınlıqlar da yaradır. İcbari tibbi sığortaya keçidlə bağlı həkimlərlə xəstələr arasında narazılıq doğuran məqamlara da çox rast gəlinir. Tez-tez sosial şəbəkələrdə də icbari tibbi sığorta ilə müayinə və müalicə olunmaq istəyən şəxslərin həkimlərlə ciddi mübahisələr yaşadığı ilə bağlı məlumatlar paylaşılır. Son aylarda Səhiyyə naziri, TƏBİB rəhbəri dəyişilsə də, icbari tibbi sığortanın hamıya əlçatanlığı təmin olunmayıb. Məsələn, bu günlərdə adının hələlik açıqlanmasını istəməyən bir vətəndaş redaksiyamıza müraciət edərək bildirib ki, az öncə ona yüngül cərrahiyyə əməliyyatına məruz qalması tövsiyə olunub və bildirilib ki, alacağı tibbi xidmət sığorta təminatı altına alınandır. Yuxarıda göstərilən bütün qaydaları gözləməklə rayon mərkəzi xəstəxanasından paytaxta – seçim etdiyi akademik Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinə göndəriş alıb. Dediklərindən: “Mən getdim Elmi Cərrahiyyə Mərkəzinə, aidiyyəti üzrə həkimə yaxınlaşdım. Sığortalı tibbi xidmət almaq istədiyimi deyəndə gah dedi ki, “istəyirsən hələ əməliyyat olunma, hələ gözlə”, gah dedi “birdən bəlkə bu başqa fəsad verə bilər”. Bir sözlə, əvvəlcə məni fikrimdən yayındırmaq istədi. Mən fikrimdə qəti olduğumu bildirəndə məni Cərrahiyyə Mərkəzinin daxilində yoxlamaya göndərdi. Təkcə ultrasəs müayinəsinə 35 manat pul ödədim. Gördüm ki, burda hər şey pulludur, yəni, pul ödəmədən müayinə olunmaq mümkün deyil. Ümumi gedişatı müşahidə edib bu qənaətə gəldim ki, mənə təkcə yoxlama xərclərini qarşılamaq üçün xeyli pul lazımdır. Əməliyyat həkimi nə alacaq, nə qədər dərman aldıracaqlar – bu, sonranın işidir. Odur ki, məcbur olub özəl klinikaya üz tutdum. Birbaşa 700 manat pul keçirib əməliyyat olundum. Şükür ki, əməliyyat uğurlu keçdi”.

Vətəndaş bildirir ki, səhhətində başqa problem də var, həm özü üçün, həm də xəstə qohumlarını müşayiət edərək getdiyi xəstəxanalarda tibbi sığorta ilə bağlı vəziyyətin bərbad olduğunu görüb: “Tibbi sığortanın adı var, özü yoxdur. Xəstəxanalara gedib əgər sığorta adı çəkdinsə, pul vermədinsə, bol ki, sən orada nə müalicə olunası deyilsən, nə sağalası deyilsən. Səni aldadıb ora-bura göndərəcəklər. Xatırlayıram, akademik Mirqasımov adına Respublika klinik xəstəxanasında 4 ay cəhd edib KT müayinəsindən keçməyə çalışdım, hər dəfə dedilər KT hələ təmirdədir, işlək deyildir. Belə yəqin hasil etmişəm ki, tibbi sığortadan faydalanmaq istəyən pasientdən bu aparatları ya gizlədirlər, yaxud da, əlbir işlədikləri özəl tibb müəssisələrinə göndərirlər. Birmənalı demək istəyirəm ki, korrupsiya səbəbindən icbari tibbi sığorta məsələsi baş tutmayıb. Rüşvətxorluq ucbatından vətəndaşlar bu çoxdan gözlədiyimiz yenilikdən faydalana bilmirlər. “Respublikanski” kimi tanıdığımız xəstəxanada məni yatmağa belə qəbul eləmədilər. Sözlərindən belə çıxdı ki, bura gələn ancaq ağır vəziyyətdə olmalıdır. Mən onlara sual verdim: “Ağır vəziyyət nəyə deyirsiniz? Bura morqdurmu, gələn ölməyə gəlməlidirmi?” Dedilər: “Biz yalnız təcili yardım maşını ilə, xərəkdə gələni qəbul edirik”. Yəni, ayaq üstə gələn xəstəni qəbul etmirlər. Bəs elə isə xəstəxanalar insanların müalicə alıb sağalması üçün deyilmi? Xəstəxana onun üçün deyil ki, ora diri gedəsən, ölü qayıdasan. Belə çıxır ki, kimin iki-üç gün ömrü qalıb, ölüm faktını rəsmiləşdirmək üçün xəstəxanaya aparılmalıdır? Axı adam xəstəxanaya axsaya-axsaya gedir ki, bəlkə yerişi düzəlsin, ayaq üstə qayıtsın. Öləcəyi bilinən adamın xəstəxanada nə işi var?! Ölən elə evində rahat ölər də. Mən “nüfüzlu” dövlət xəstəxanalarında gördüklərimdən həqiqətən dəhşətə gəldim. Paytaxt Bakıda vəziyyət belədirsə, regiondakılar gör nə gündə olmalıdır. Odur ki, aidiyyati qurumlar bu vəziyyətə ciddi nəzarət etməlidirlər. Əgər xəstəxana tibbi sığorta ilə təminat altına alınan xəstələri qəbul və müalicə etməyəcəkdisə, o halda insanlardan icbari tibbi sığorta haqqı niyə tutulur?

Vətəndaşlar tibbi sığortanın imkanlarından faydalana bilmirlər, yenə ağxalatlıların cibinə pul basmaq, yenə “hörmət” qüvvədədir. O zaman tibbi sığorta kimlər üçün tətbiq olunub? Əgər vətəndaş həkimə yenə pul verirsə, xəstəxananın girişində qoyulan qeydiyyat yerində iki nümayəndə formal olaraq pasientlərin ad-soyadını sistemə salıb yola verirsə, bunun harası tibbi sığorta oldu?

Baş nazirin müavini Əli Əhmədov bildirmişdi ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin maliyyələşməsinin əsas yükü büdcənin üzərinə düşəcək. İndi vətəndaşlar bu imkandan istifadə edə bilmirsə, yenə həkimə rüşvət verilirsə, onda büdcə pulları hara axır, bu, talan, korrupsiya deyilmi?

Ümumiyyətlə, səhiyyənin pərən-pərən salınması, üç strukturun bacarıqsızlığı vətəndaşları boğaza yığıb: əhali nə Səhiyyə Nazirliyindən, nə TƏBİB-dən, nə də İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən yarıdı.

“Doğru Söz”

 1,126 total views

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

DİQQƏT DİQQƏT

Atasi Birinci Qarabağ savaşi zamani gözləri qarşisinda şəhid olmuş, dörd ay gizli dağda-daşda yaşamiş, nəhayət, keşməkeşli yollarla nəzarətimizdəki əraziyə gəlib çixmağa müvəffəq olmuş şəhid övladinin vəziyyəti ilə indiyədək niyə maraqlanan olmayib? Ötən 30 il ərzində nə bayramlarda və əlamətdar günlərdə, nə də pandemiya ilə bağli haminin evlərə qapandiği sixintili dönəmdə […]