Tovuz döyüşləri Azərbaycan Ordusunun qüdrətini göstərdi – QURUM RƏHBƏRİ MÜNASİBƏT BİLDİRDİ

Oxunma vaxtı:2 Dəqiqə, 27 Saniyə

“Bu gün Azərbaycan Ordusunun qələbəsi ilə yekunlaşan Tovuz döyüşlərindən bir il ötür. 2020-ci ilin iyulun 12-dən günorta saatlarından başlayaraq Ermənistan silahlı qüvvələri Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində atəşkəsi kobud şəkildə pozaraq Azərbaycan Ordusunun mövqelərini atəşə tutub. Düşmən daha sonra mövqelərimizi iriçaplı silahlardan və ağır artilleriyadan atəşə tutmaqda davam edib. Bu zaman Azərbaycan ordusu düşmənə lazımı cavabı verməklə yerinə oturdub”. Bunu SİA-ya açıqlamasında “Big MEDİA” MMC-nin direktoru Emil Əkbərov Azərbaycan tarixinin şanlı səhifələrindən hesab olunan Tovuz döyüşləri ilə bağlı fikir bildirərkən deyib.

Onun sözlərinə görə, Tovuz döyüşləri Dağlıq Qarabağ münaqişəsinin həllində mühüm rol oynayan bir faktor olub: “Aprel döyüşlərində bünövrəsi qoyulan, Tovuz döyüşləri ilə pik həddə çatan ərazi bütövlüyümüzün bərpası uğrunda mübarizə sentyabrın 27-də başlan 44 gün davam edən Vətən müharibəsi zamanı Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan ordusunun şanlı qələbəsi ilə nəticələnib. Əslində, Tovuz döyüşləri Azərbaycan Ordusunun qüdrətini, hərbçilərimizdə yüksək döyüş əhval-ruhiyyəsinin olduğunu göstərdi. Tovuz döyüşləri Azərbaycan xalqının torpaqlarımızın bütövlüyünü qorumaq əzmində olduğunu və Ermənistanın istənilən provakasiyasına cavab vermək gücünün mövcudluğunu göstərib. Tovuz döyüşlərində ermənilərin cavabı çox ağır formada verilib. Həmçinin Tovuz döyüşləri zamanı on minlərlə Azərbaycan gəncin paytaxtda və regionlarda küçəyə çıxaraq Azərbaycan Ordusu ilə həmrəylik nümayiş etdirməsi bir daha göstərdi ki, ordu ilə xalq birdir və Ali Baş Komandanın apardığı siyasət cəmiyyət tərəfindən dəstəklənir. Əslində, diqqət etsək görərik ki, Ermənistan silahlı qüvvələrinin Tovuz istiqamətindəki həmləsi yalnız təxribat deyil, həm də məqsədli şəkildə həyata keçirilən növbəti hərbi təcavüzkarlıq idi. Döyüşlər gedən zaman mərd və qorxmaz xalqımızın bu cəsarəti məni qürurlandırıb. Kəndin erməni əsgərləri tərəfindən atəşə tutulmasına rəğmən sakinlərin əhval-ruhiyyəsi yüksək idi və həyatları təhlükədə olsa yenə öz doğma yurd-yuvalarına qoyub qaçmadılar. Başda Azərbaycan Ordusunun general-mayoru Polad Həşimov, polkovnik İlqar Mirzəyev və digər şəhid olan hərbi qulluqçularımız son damla qanlarına qəhrəmancasına vuruşaraq Ermənistan ordusu tərəfindən bir qarış torpağımızın yenidən işğal olunmasına icazə vermədilər. Allah şəhidlərimizə rəhmət eləsin. Hesab edirəm ki, Tovuz döyüşləri Azərbaycan tarixinin şanlı qəhrəmanlıq səhifəsi olaraq xalqımızın yaddaşına həkk olunub”.

Emil Əkbərov vurğulayıb, bu gün hər şey geridə qalıb: “30 il davam edən işğal ötən ilin sentyabrın 27-də başlayan 44 günlük Vətən müharibəsi zamanı əldə edilən möhtəşəm qələbə ilə sonlandırıldı. Qısa müddət ərzində Ermənistan silahlı qüvvələrini darmadağın edən Azərbaycan ordusu bu illər ərzində yerinə yetirilməyən BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini öz gücü ilə icra elədi. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusu bütün dünyaya öz gücünü göstərərək qısa müddət ərzində nələrə qadir olduğunu sübut etdi. 44 günlük Vətən müharibəsində əldə edilən şanlı qələbənin banisi Ali Baş Komandan İlham Əliyevdir. Dövlət başçısı seçildiyi gündən etibarən cənab prezidentin ordu quruculuğu sahəsində gördüyü işlər sayəsində bu gün müasir silah-sursat, hərbi texnika və yüksək döyüş qabiliyyətinə malik olan Azərbaycan Silahlı Qüvvələri dünyanın ən güclü 50 ordusu sırasındadır. Ali Baş Komandan ərazi bütövlüyümüzü bərpa edən qalib sərkərdə kimi adını Azərbaycan tarixinə qızıl hərflərlə yazdırdı.Bu gün artıq işğaldan azad olunmuş ərazilərdə bərpa və yenidənqurma işləri davam edir. Əminəm ki, qısa müddət ərzində yenidən Qarabağımızı Qafqazın cənnətinə çevirəcəyik”.
Tovuz döyüşləri Azərbaycan Ordusunun qüdrətini göstərdi - QURUM RƏHBƏRİ MÜNASİBƏT BİLDİRDİ

 198 total views

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı Gəncəyə səfər edib.

Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı Gəncəyə səfər edib. C. Bağçı Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovla birgə şəhərin baş meydanında yerləşən ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyublar. Daha sonra səfirlə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov arasında görüş keçiriləcək. Səfir Şəhidlər Xiyabanı və […]