“Hippokrat andını unutmusunuzsa, barı Fatihə surəsini öyrənin” – Morqdan bedtər xəstəxanalar

Oxunma vaxtı:2 Dəqiqə, 0 Saniyə

Hakim Yeni Azərbaycan Partiyasının qurucularından biri, təşkilatın Siyasi Şurasının üzvü Musa Musayev Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) bəzi səlahiyyətlərinin Səhiyyə Nazirliyinə qaytarılmasına münasibət bildirərkən haqlı demişdi ki, “Vətəndaşların ən çox narazılıq etdiyi sahələrdən biri səhiyyədir. Bütün səhiyyə ocaqlarında, o cümlədən özəl klinikalarda müalicə və müayinə baha, keyfiyyət isə aşağıdır. Dövlətin bu sahəyə yüksək məbləğdə vəsaitlər ayırmasına, yeni səhiyyə ocaqlarının tikilməsinə, ən müasir avadanlıqların alınmasına baxmayaraq xidmət aşağı səviyyədədir. Sanki Azərbaycan səhiyyəsi dəllalların əlindədir”.

Doğrudan da səhiyyə özünün birbaşa vəzifəsi olan insanların sağlamlığının keşiyində durmaq vəzifəsinin öhdəsindən gəlmirsə, istedadlı yerli həkimlər dolanışıq sarıdan korluq çəkdiklərinə, qarşılarına qoyulan rüşvət tələblərindən bezdiklərinə görə xaricə üz tuturlarsa, qonşu ölkələrdən gətirib televiziya kanalllarında reklam edilməsinə şərait yaradılan tanınmamış, savadsız həkimlər vətəndaşlarımızı qətlə yetirirlərsə, yerdə başqa nə iş qalır ki? – Dəllallıq!

Bu gün səhiyyədəki acınacaqlı vəziyyət hamını çaş-baş qoyub. Səhiyyə Nazirliyi ilə TƏBİB “öter-öter” oynayırlar. Oyunun təpiklənən topu isə insanların həyatıdır. Bir nəfər tanıyıram, şəhid qızıdır. Uzun müddətdir xəstəlikdən əziyyət çəkir. Üz tutduğu dövlət tibb müəssisələrindən heç bir köməklik görməyib. İcbarti tibbi sığorta məsələsi gündəmə gələndən sonra ona yalnız elə ucuz, əz əhəmiyyətli, az qiymətli preparat və ləvazimatlar (yod, B6, pambıq, tənzif və s.) verilib ki, səhhətinə faydası yoxdur. Sığorta zərfinə daxil olan dərman və tibb xidmətinin dəyəri bu olacaqdısa, heç ondan ötrü “İcbari tibbi sığorta” haqda qanunu qəbulu etməyə dəyməzdi. Sözün həqiqi mənasında müayinə və müalicə almaq üçün, cərrahi əməliyyata məruz qalmaq üçün mütləq ciblərini geniş açmalısan. Bütün rentgen, USM müayinələri, analizlər pulludur və orta statistik Azərbaycan vətəndaşının gəlirlərinə uyğun deyil.

Bəzi həkimlər adamla “qanuni oğru” kimi danışırlar. Bir çox qismi də rəhbərlik etdikləri dövlət tibb müəssisələrini özlərinin şəxsi şirkətləri kimi idarə edir, yalnız gəlir mənbəyi, alverxanaları kimi baxırlar.

Stasionar müalicə almaq məqsədilə üz tutduğun tibb müəssisələrində “yer yoxdur, götürə bilmərik” deyib adamı qəbul eləmirlər. Sanki bu xəstəxanalar yalnız ölüm ayağında, can üstə olanları, təcili yardım maşınında gətirilənləri  götürmək üçündü ki, bir-iki gün, ya bir neçə saat reanimasiyada qalandan sonra meyiti təhvil versinlər. Baş həkimlər elə bil, xəstəxananın deyil, morqun rəhbəridirlər. Başa düşmürlər ki, insanlar xəstəxanaya ölmək üçün deyil, şəfa tapmaq, ölümün pəncəsindən qurtarmaq üçün qabaqlayıcı tədbirlər almaq üçün üz tuturlar. Ölüm ayağında olanın xəstəxanada nə işi var axı?! Eləsinin yaxınlarının yeganə qayğısı molla çağırıb cənazə namazına durmaqdır.

Morqdan çox da fərqlənməyən belə xəstəxanaların həkimlərinin adlarını növbəti sayımızda  açıqlayacağıq. Hələliksə, söhbətimizi onlara belə bir tövsiyə ilə yekunlaşdırırıq: “İçdiyiniz Hippokrat andını unutmusunuzsa, barı öldürdüyünüz və öldürəcəyiniz insanların ruhuna Fatihə oxumağı öyrənin”.

 1,054 total views

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

BİR DAHA HÜQUQUN ÖZÜNÜ TƏNZİMETMƏ FUNKSİYASI BARƏDƏ

Ülfan Əhmədov: Əməliyyat-axtarış fəaliyyəti zamanı hansısa şəxsin (şəxslərin) hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırlması digər şəxslərin, bütünlüklə сəmiyyətin сinayətkar qəsdlərdən müdafiəsi məqsədilə edilir” Əməliyyat-axtarış fəaliyyəti hüquqi fəaliyyətin bir növü olmaqla, insanların, cəmiyyətin və dövlətin cinayətkar qəsdlərdən müdafiəsinə, həmcinin əməliyyat-axtarış orqanlarının üzərinə qoyulmuş müəyyən vəzifələrin həllinə yönəlmişdir. Əməliyyat-axtarış fəaliyyəti çox vaxt qeyri aşkar metodlar, […]