Möhtərəm Prezidentimiz İlham Əliyevin Ali Baş Komandanlığı altında Azərbaycan Ordusu bir nömrəli vəzifəsini – torpaqlarımızın işğaldan azad edilməsini uğurla yerinə yetirdi. İndi qarşıda duran əsas məsələ yağı tapdağından qurtulan rayonlarda dinc abadlıq-quruculuq işlərini həyata keçirmək, infrastrukturu yaratmaqdır. Nəzərdə tutulan nəhəng layihələri həyata keçirmək üçün isə xalqımızda və dövlətimizdə böyük potensial vardır. Elə həmin rayonların indiyədək məcburi köçkün kimi ölkəmizin başqa bölgələrində yaşayan sakinlərinin özləri də doğma ellərdə quruculuq işlərini görməyə tələsirlər və bu xoşbəxtlik yükünü çiynində daşımağa hazır olan yerli kadrlar, o cümlədən, İlham Əliyevin prezidentliyi dövründə yetişmiş perspektivli gənclər kifayət qədərdir. Onlardan birini oxucularımıza təqdim edirik:
Əsədov Mütalib Maarif oğlu 15 dekabr 1990-cı ildə Laçın rayonunun Dambulaq kəndində ziyalı ailəsində anadan olmuşdur.
1997-ci ilin sentyabrın 1-də Laçın rayon Dambulaq kənd orta məktəbinin I sinfinə daxil olub, 2008-ci il iyun ayının 24-də həmin məktəbin XI sinfini başa vurmuşdur. 6 mart 2008-ci il tarixdə Bakı Slavyan Universitetində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 85 illiyinə həsr edilmiş tələbə və şagird Elmi Konfransında iştirak edərək, “Müstəqil Azərbaycan Respublikası Heydər Əliyevin şah əsəridir” mövzusunda yüksək yer tutduğuna görə Bakı Slavyan Universitetinin rektoru, Əməkdar elm xadimi, AMEA-nın müxbir üzvü Kamal Abdullayevin İmzası ilə Sertifikatla təmin olunmuşdur.
12 yanvar 2009-cu il tarixdə Laçın rayon hərbi komissarlığından hərbi xidmətə yollanaraq, Azərbaycan Respublikasının Daxili Qoşunlarında xidmət etmiş, 5 iyul 2010-cu il tarixdə hərbi xidmətini başa vuraraq tərxis olunmuşdur.
23 sentyabr 2014-cü il tarixdə Laçın rayonu üzrə Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə keçirilən “Gəlin gəncliyimizi qoruyaq, narkomaniyaya yox deyək!” adlı tədbirdə iştirak etmişdir. “Yaradıcı Gənclərə Dəstək” İctimai Birliyinin sədri D.Vəliyeva tərəfindən sertifikatla təmin edilmişdir.
4 dekabr 2017-ci il tarixdə Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin əmri ilə Laçın rayon Mərkəzi Poçt Şöbəsinin mühafizəçisi təyin olunmuşdur və hal-hazırda həmin vəzifədə çalışır.
Mütalib Əsədov öz vəzifəsinin öhdəsindən layiqincə gəlir, şöbənin mühafizəsi işini etibarlı təmin edir. O, əlbəttə ki həm də yüksək mədəniyyəti ilə, nəzakəti ilə seçilir. Bildiyimiz kimi, poçt şöbələrinə bir çox hallarda cəmiyyətin həssas zümrələrinin nümayəndələri – ahıl yaşlı insanlar, şəhid ailələri üzvləri, əlillər, səhhət durumu qeyri-qənaətbəxş olan adamlar və digər sosial müdafiəyə və mənəvi dəstəyə ehtiyacı olan insanlar gəlirlər. Onların birinci qarşılaşdıqları şəxs isə məhz mühafizəçi olur. Poçta təşrif buyuran vətəndaş Mütalib Əsədovla rastlaşan kimi onun xoş auarasından, çöhrəsindəki təbəssümündən, mülayim rəftarından, verdiyi izahlardan o qədər məmnun qalır ki, həmin şəxsdə poçtun bütün kollektivi barədə yaxşı təəssürat formalaşır. İşlədiyi müddət ərzində qüsursuz xidməti ilə seçilən Mütalib daha məsuliyyətli vəzifələri yerinə yetirmək iqtidarındadır. İnanırıq ki, böyük perspektiv vəd edən, qəlbi işğaldan azad edilmiş Laçında qurub-yaratmaq eşqi ilə döyünən bu gəncin gələcəyi parlaqdır.
İsmayıl Abbasov
261 total views