D-r Atəş Daşdəmirov: “Daxili İşlər Nazirliyinin hospitalında işləmək hər bir əməkdaşın qarşısında böyük məsuliyyət hissi, peşə və vəzifə borcunun yüksək səviyyədə yerinə yetirilməsi məsələsini qoyur”

Oxunma vaxtı:7 Dəqiqə, 11 Saniyə

Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin A.Heydərov adına Respublika Hospitalı 1 dekabr 1964-cü ildə yaradılıb. Hospital 1988-1994-cü illərdə Respublikanın ağır günlərində cəbhə bölgələrində xəsarət almış minlərlə DİO əməkdaşlarına, Daxili Qoşunların hərbi qulluqçularına və mülki vətəndaşlara yüksək səviyyədə tibbi xidmətin göstərilməsini, onların reabilitasiyasını, onlarla həkim zabitin cəbhə zonasında fəaliyyətini, bir qrup yaralıların Almaniyada, Türkiyədə, İranda, Bolqarıstanda müalicəsinin davam etdirilməsini təşkil edib. 1993-cü ilin oktyabrında Azərbaycan Respublikasının Prezidenti, ulu öndərimiz Heydər Əliyevin hospitalda Qarabağ müharibəsinin yaralıları ilə görüşü baş tutub. 1993-1994-cü illərdə Daxili İşlər Nazirliyinin ikinci hospitalı da (Daxili Qoşunların) açılıb. 1996-cı il iyun ayının 29-da Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin sərəncamı ilə görkəmli dövlət xadimi, Azərbaycanın sabiq Daxili İşlər Naziri, general-leytenant Arif Nəzər oğlu Heydərovun xatirəsi əbədiləşdirilərək Daxili İşlər Nazirliyinin Respublika Hospitalına A.N.Heydərovun adı verilib.

2007-ci il martın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının və Daxili İşlər Naziri, general-polkovnik Ramil Usubovun iştirakı ilə hospitalın yeni binasının təməli qoyulub. 2009-cu il fevralın 25-də Azərbaycan Respublikası Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı  İlham Əliyev cənablarının xeyir-duası ilə beynəlxalq standartlara cavab verən, ən inkişaf etmiş ölkələrdə mövcüd olan xəstəxanalardan geri qalmayan, bəlkə də onları qabaqlayan, ən müasir avadanlıqlarla təchiz olunmuş DİN-nin Respublika Hospitalının yeni binasının açılışı olub.

Hal-hazırda hospitalda çarpayı fondu 360-a çatdırılmış (o cümlədən Şamaxı Müalicə-Bərpa Mərkəzində 40 çarpayı), 100-dən artıq həkim, 20 şöbə; 2 mərkəz, 1 bölmə və 6 yardımçı xidmət sahəsi fəaliyyət göstərir; 2 tibb elmlər doktoru, onlardan,  biri professor; 10 tibbi elmləri namizədi, onlardan biri dossent, 7 dissertant; 20-dən artıq ali dərəcəli həkim, 25-ə yaxın ali dərəcəli tibb bacısı öz vəzifə və peşə bacarıqlarını layiqincə yerinə yetirirlər. Hospitalda xidmət edən 4 həkim Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə “Respublikanın Əməkdar Həkimi” fəxri adına layiq görülmüş, bir həkim Azərbaycan Respublikası Səhiyyə Nazirinin əmrilə “Səhiyyə Əlaçısı” medalı ilə təltif edilmişdir. Əməkdaşların bir qismi Avropanın, Turkiyənin, Rusiyanın qabaqcıl klinikalarında təcrübi kurslar keçmiş və fəaliyyət göstərmişlər.

Hospitalın bacarıqlı, öz ixtisası üzrə sayılıbh-seçilən həkimlərindən biri də radioloq-doppler-ultrasəs müayinə həkimi, tibb xidməti kapitanı, doktor Daşdəmirov Atəş Daşdəmir oğludur.

Daşdəmirovun işlədiyi şöbədə pasientlərə şüa diaqnostikasi xidməti göstərilir, Maqnit Rezonans Tomoqrafiyası edilir. Bu xidmətlərin özəllikləri, üstün cəhətləri barədə Atəş həkimin dediklərini maraqlı hesab edib oxucularımızla bölüşürük.

– Maqnit rezonans üsulu sabit maqnit sahəsində toxumada yerləşən hidrogen nüvələrinin yüksək tezlikli impulslara verdiyi cavab reaksiyasının ölçülməsinə əsaslanmışdır. MR-insan bədəninin bütün daxili orqanlarını müayinə etməyə imkan verir. Maqnit Rezonans Tomoqrafiyası zamanı xəstə elektromaqnetik sahəsi olan bir silindrin içərisinə uzadılır. Bədəndəki hidrogen atomlarına enerji verilməsinə yol açan radiodalğalar göndərilir, alınan təsvir kompüter ekranında canlanır və onu rentgen plyonkasına, ya da fotokağızına köçürmək mümkündür. MR müayinəsi 20-40 dəqiqə arasında tamamlanır. MR sinir sistemi, sümük iliyi, əzələ-oynaq sistemi və yumşaq toxumaların dəyərləndirilməsində istifadə olunur. Bu üsulun üstün cəhəti ondan ibarətdir ki, xəstə şüalanmaya məruz qalmır. Alınan təsvir daha aydın və diaqnostik cəhətdən əlverişli sayılır. MR vasitəsilə baş beyin, hipofiz, göz almaları, boyun orqanları, fəqərə sütunu, onurğa beyni, döş qəfəsi orqanları, qarın boşluğu orqanları, çanaq orqanları, sümük-oynaq sistemi və yumşaq toxumalarda meydana gəlmiş dəyişiklikləri aşkar etmək olar.

Kompüter tomoqrafiyası (KT)-orqanizmin toxumalarının rentgen şüalarını müxtəlif dərəcədə udmasına əsaslanan müayinə üsuludur. Kompüter tomoqrafiyası zamanı şüa mənbəyi xəstənin uzandığı stolun ətrafında fırlanır, istiqamətlənmiş nazik şüa dəsti obyektdən keçir və bir neçə rentgen detektoru vasitəsilə tutulur. Tomoqrafiya prosesində şüalar insan orqanizmini bir neçə istiqamətdə “dəlib keçir“ və detektorlarda toplanır. Həmin detektorlar alınan məlumatı kompüterə ötürür, kompüter isə öz növbəsində, şüaların toxumalar tərəfindən udulma dərəcəsindən asılı olaraq laylar üzrə təsvirlər yaradır və onları monitora çıxarır. Beləliklə şüaların udulması prosesində ən kiçik dəyişikliklər belə qeydə alınaraq monitorda əks olunur, bu da kiçik patoloji prosesləri aşkar etməyə imkan verir.

Kompüter tomoqrafiyası masadan və onun daxil olduğu dairəvi pəncərədən (gantry) ibarətdir. Pəncərənin halqasının səthində bir tərəfdən şüa mənbəyi (rentgen borusu), əks tərəfdə isə həssas detektorlar yerləşir. Pasiyent masanın üstündə uzanır və masa aramla fırlanan pəncərənin içinə daxil olur. Pəncərə bir dəfə dövr etdikdə kompüterin monitorunda müayinə olunan orqanın millimetrlərlə ölçülən kəsiyi görünür. Beləliklə, həmin orqanın laylı təsviri alınır. Layların qalınlığı 0.3 mm-ə qədər olur və kəsiklərin alınmasına 7-12 saniyə vaxt sərf olunur.

Bəzi hallarda: damar strukturlarının, şişlərin və onların metastazlarının müayinəsi zamanı təsvirləri daha dəqiq almaq üçün, həmçinin orqan (qaraciyər, böyrək və s.) funksiyalarının qiymətləndirilməsi zamanı kontrast maddələrdən istifadə oluna bilər.

Bu yüksək texnologiyalı avadanlığın köməyi ilə mərkəzi sinir sistemi, döş qəfəsi orqanları, ürək-damar sistemi, mədə-bağırsaq traktı, sidik-cinsiyyət sistemi, ginekoloji xəstəliklərin, damarların, onurğa sütunu, çanaq sümükərinin və bütövlükdə dayaq-hərəkət aparatının degenerativ-destruktiv dəyişikliklərinin vaxtında və dəqiq diaqnostikası həyata keçirilir. KT orqanizmin toxuma və sahə mühitlərinin sıxlığının müəyyənləşdirilməsi imkanı, hansı ki, tədqiq olunan substratı, məsələn duru və qatılaşmış qanı, maye ilə dolmuş kistanı və şişi, toxumaların şişinin sərhədlərini və b. incə şəkildə diferensiasiya etməyə şərait yaradır. KT orqanizmin orqan və müxtəlif toxumalarında patoloji prosesin lokallaşma və yayılma dərəcəsini müəyyənləşdirməyə, müxtəlif patofizioloji proseslərin dinamikasını izləməyə, operativ müdaxilənin yanaşma və həcmini seçməyə, şişlərin biopsiyasını həyata keçirməyə, müalicənin nəticələrini qiymətləndirməyə imkan verir.

2009-cu ilin əvvəlində «Philips» şirkətinin istehsalı olan dünyada ən müasir kompüter tomoqraf (64 kəsikli MDKT-multidetektorlu və ya multispirallı Kompüter Tomoqrafiya) DİN-nin Respublika Hospitalında quraşdırılmışdır. Bu cihazın üstünlüyü ondadır ki, o ürəyin tədqiqinin aparılmasına imkan verir. Əvvəllər ürəyin tac damarlarının vəziyyətinin vizuallaşdırılması üçün klassik angioqrafiya-bud arteriyası vasitəsilə kateterin yeridilməsi üsulu (invaziv üsul) tətbiq edilirdi. İnformativ olmasına baxmayaraq, bu metod pasient üçün müəyyən risk və ağırlaşmalar (hematoma-qançırlar, fibrilyasiyalar və s.) daşıyır. Klassik angioqrafiyanın aparılması zamanı kardioəməliyyatxana hazır vəziyyətdə saxlanılmalıdır ki, zərurət yarandıqda təcili cərrahi müdaxilə həyata keçirmək mümkün olsun. Sonra, bu tədqiqatın aparılması üçün pasiyenti stasionara köçürmək, tədqiqata hazırlamaq və tədqiqatdan sonra bir neçə gün də stasionarda saxlamaq məcburiyyəti yaranırdı. İndi isə bu proses cəmi 30 dəq. çəkir və ambulator şəraitdə aparılır. Yeni tomoqraf ürəyin və tac damarlarının tədqiqi üçün nəzərdə tutulmuş «Heart View paket» proqramı ilə təchiz edilib. Bu, necə baş verir: ürəyin tomoqrafla sinxronlaşdırılan ritm tezliklərini müəyyənləşdirmək məqsədilə pasiyentin bədəninə xüsusi elektrodlar bərkidilir.

Bu minvalla ürəyin yığılmasından yaranan artefaktlardan qaçmaq üçün optimal skanerləmə rejimi seçilir. Dirsək venasına xüsusi avtomatik injektor vasitəsilə kontrast maddəsi vurulmasına başlanılır və proqram, pasiyentin fərdi hemodinamikasını müəyyənləşdirərək, skanerləmənin lazımi protokolunu düzənləyir. Bundan sonra nəfəsin 10-12 saniyə saxlanılması komandası verilir və tomoqrafın multispiral sistemi ürəyi skanerləməyə başlayır, özü də bu zaman kəsik qalınlığı 1mm-dən də az olur. Beləliklə, tədqiqat prosedurunun özü 10-15 dəqiqəyə başa çatır. Skanerləmə dövrü ərzində emal üçün külli miqdarda məlumat əldə edilir. Bu tomoqrafın güclü, ən müasir proqram təminatı ürəyin və tac damarlarının 3D (üç ölçülü) təsvirini əldə etməyə, stenoz və okklüziyaların olub-olmamasını müəyyənləşdirməyə, damarlardakı kiçik kalsium qomlarını saymağa (kalsium skorlama), ürəyin anatomik özəlliklərini təhlil etməyə imkan verir.

Ən əsası isə odur ki, bu tədqiqat heç bir risk faktoru və ağırlaşmaya səbəb olmadığından pasiyenti stasionara yerləşdirməyə və hazırlıq işləri aparmağa ehtiyac qalmır.

Bu üsul Ürəyin İşemik Xəstəliklərinin hərtərəfli skrininqi almağa qadirdir. O, kateterləşdirmənin böyük riskə bağlı olduğu uşaq patologiyaları zamanı əvəzedilməzdir. Başlıca amil isə odur ki, indi hər kəs uzun çəkən yorucu hazırlıq prosesi, qorxu olmadan ürəyini tədqiq etdirə bilər. Bu qorxu hissi pasiyentin vaxtında həkimə müraciət etməsinə mane olur ki, bu da müalicənin sonrakı mərhələlərində ağırlaşmaların ortaya çıxması ilə nəticələnir.

Yuxarıda sadaladıqlarımdan əlavə olaraq, bu tomoqraf bir sıra unikal proqramlarla da təchiz edilmişdir ki, bunlar insanın bütün anatomik strukturlarının həcmli, 3D (üçölçülü) təsvirlərin alınmasına, stomotologiya və implantologiyada əvəzsiz olan xüsusi «Dental» proqramına, ciyər toxumasının sıxlığı və qaraciyər transplantasiyasında çox informativ müayinə üsulu olan qaraciyər volumunun (həcminin) hesablanmasına, həmçinin orqanların 3 fazalı (arterial, venoz və parenximatoz) dinamik müayinəsinə, virtual traxeobronxoskopiya və virtual kolonoskopiyaya imkan verir.

Rentgenoloji müayinələr digital “DuoDiognost Philips” aparatı ilə aparılır. Döş qəfəsi üzvlərinin rentgenoskopiya və rentgenoqrafiyası; Qarın boşluğu: mədə, 12 barmaq bağırsaq və yoğun bağırsağın rentgenoskopiya və rentgenoqrafiyası; Kəllənin, burnun əlavə ciblərinin, boyun fəqərələrin rentgenoskopiya və rentgenoqrafiyası; Ətrafların rentgen müayinəsi (skopiya və qrafiya); Onurğa sümüklərinin, oma-büzdüm sümüklərinin rentgenoskopiya və rentgenoqrafiyası; Çiyin, dirsək, mil-bilək, bud-çanaq, oma-qalça, diz, topuq, gicgah-çənə oynaqlarının rentgenoskopiyası;  Sidik ifrazı sisteminin rentgen tədqiqatı; Fistuloqrafiya və s.

Çox gözəl, təmənnasız, dürüst insandı doktor Daşdəmirov. Onun gülər üzü, mehriban aurası pasientlərə xoş təəssürat bağışlayır, mütləq sağalacaqlarına inam hissi aşılayır.

Doktor Daşdəmirov deyir: “Bu gün müasir tibb müəssisələrindən biri sayılan, zəngin maddi texniki bazaya malik olan hospital polis əməkdaşlarının, onların ailə üzvlərinin, təqaüdçülərinin, mülki işçilərinin sağlamlığının qorunması isiqamətində Azərbaycan Respublikasının Prezidentinin və DİN-nin rəhbərliyinin diqqət və qayğısının parlaq təzahürüdür. Belə bir hospitalda işləmək hər bir əməkdaşın qarşısında böyük məsuliyyət hissi, peşə və vəzifə borcunun yüksək səviyyədə yerinə yetirilməsi məsələsini qoyur”.

Doktor Daşdəmirova və hospitalın kollektivinə uğurlar arzulayırıq. DİN-nin hər bir əməkdaşına, onun ailə üzvlərinə, təqaüdçüsünə və mülki işçisinə yüksək qayğı və tibbi kömək göstərən təcrübəli, elmli və qayğıkeş tibb ailəsi hər bir vətəndaşa öz köməyini əsirgəmir.

 346 total views

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Bir cavab yazın

Next Post

Prezident SƏRƏNCAM İMZALADI

Zaur Rauf oğlu Mikayılov Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri təyin edilib. DOĞRUSÖZTV.AZ xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.  347 total views