Biznes sektorunda çalışan qadınların sayı 3 dəfəyədək artıb – Dövlət Komitəsi

Oxunma vaxtı:1 Dəqiqə, 33 Saniyə

Azərbaycanda gender bərabərliyinin təmini, onların cəmiyyətin işində fəal iştirakı, idarəetmə sistemində təmsilçilyinin artırılması üçün addımlar davam etdiriləcək.

Doğrusöztv.Az bildirir ki, bunu Trend-ə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri, hüquq üzrə fəlsəfə doktoru Elgün Səfərov deyib.

Onun sözlərinə görə, Azərbaycan qadınları elmin və təhsilin inkişafına həm çar Rusiyası, həm sovet, həm də müstəqillik illərində öz töhfəsini veriblər:

“Biz bunu bütün elm sahələrində görə bilərik. Bizim texniki, humanitar elmlər sahəsinin inkişafında ilklərə imza atan qadın alimlərimiz var. Gənc qadınlarımız innovasiyaların inkişafına öz xidmətlərini veriblər. Azərbaycanda digər sahələrdə də – iqtisadiyyatın, bələdiyyə orqanlarının inkişafında da qadınların rolu var”.

E.Səfərov bildirib ki, 2004-cü ildə bələdiyyə sistemində təmsil olunanların 4 faizini qadınlar, 96 faizini kişilər təşkil edirdisə, 2019-cu ildə keçirilən son seçkilərdə qadınların bələdiyyə sistemində təmsil olunma faizi 39-a yaxın olub. Onlardan 30 faizindən çoxu bələdiyyə sədri vəzifəsində çalışır ki, bu da Avropada ən yüksək rəqəmlərdən biridir.

Yerli idarəetmə səviyyəsində çalışan qadınların sayının gündən-günə artdığını deyən komitə rəsmisi bunun gender bərabərliyinin təmini sahəsində vacib addımlardan biri olduğunu söyləyib.

Onun sözlərinə görə, bu gün Azərbaycanda 80 qadın rayon icra hakimiyyəti başçısının müavini vəzifəsində çalışır:

“Bu da böyük dəyişiklikdir. 2013-cü ildən rayon icra hakimiyyəti başçısının müavini vəzifəsində çalışan qadınların sayı 26 nəfərdən 80 nəfərədək artıb. Bu gün hətta Azərbaycanın Birinci vitse-prezidenti, Milli Məclisin spikeri, dövlət komitəsinin sədri, nazir, nazir müavini vəzifəsində olan qadınlar var”.

Komitə nümayəndəsi son illər ərzində ölkədə sahibkarlıq sahəsində fəaliyyət göstərən qadınların sayının artdığını da açıqlayıb.

E.Səfərov deyib ki, 2011-2012-ci illərdə 71 min qadın sahibkarlıqla məşğul olurdusa, son illərdə aparılan islahatlar, dəstək proqramları, qəbul edilən imtiyazlar nəticəsində sahibkar qadınların sayı 198 min nəfərə (bu il yanvarın 1-ə olan məlumatlara əsasən) çatıb.

“Bu da o deməkdir ki, biznes sektorunda çalışan qadınların sayı 3 dəfəyədək artıb. Bu gün qadınlar istehsalatın bütün sahələrində demək olar ki, çalışırlar”.

 306 total views

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bəsitçaya balıq buraxıblar (FOTO)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva fevralın 14-də Füzuli, Zəngilan, Laçın və Cəbrayıl rayonlarına səfərləri çərçivəsində Bəsitçaya balıq buraxıblar. Doğrusöztv.Az xəbər verir ki, Prezident İlham Əliyev deyib: “Bəsitçay Dövlət Təbiət Qoruğunda çinar ağacları əkdik. Bəsitçay qoruğu 1974-cü ildə ulu öndər Heydər Əliyevin tapşırığı […]