Səhiyyə komitəsinin iclası keçirilib – FOTO

Oxunma vaxtı:2 Dəqiqə, 28 Saniyə

Yanvarın 21-də Milli Məclisin Səhiyyə komitəsinin cari ilin yaz sessiyasında videokonfrans formatında ilk iclası keçirilib. Komitə sədri Əhliman Əmiraslanov iclası açaraq diqqətə çatdırıb ki, iclasın gündəliyinə 2020-ci ilin payız sessiyası dövründə Səhiyyə komitəsində görülən işlər barədə hesabat və komitənin 2021-ci ilin yaz sessiyası üçün iş planı ilə bağlı məsələlər daxil edilib.

Unikal.org xəbər verir ki, 2020-ci ilin payız sessiyası barədə hesabatı təqdim edən komitə sədri bildirib ki, bu müddətdə komitənin 10 iclası keçirilib, 14 məsələyə baxılıb. Belə ki, ötən sessiya ərzində “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” qanun layihəsi, “Tibbi sığorta haqqında” , “Əhalinin sağlamlığının qorunması haqqında”, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”, “Özəl tibb fəaliyyəti haqqında” və digər  qanunlarda dəyişiklik edilməsi barədə qanun layihələri müzakirə edilib. Qeyd olunub ki, “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirələrində Səhiyyə komitəsi tərəfindən bir sıra məsələlərə toxunulub.  Səhiyyə sahəsinə ayrılan vəsait kifayət qədər artırılıb. 

İclasda qeyd edilib ki, bu il icbari tibbi sığortanın bütün ölkə ərazisində həyata keçirilməsi gələcəkdə əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətinin yüksəlməsinə səbəb olacaq. Komitə sədri vurğulayıb ki, pandemiyanın dünyada tüğyan etdiyi vaxtda, Vətən müharibəsi şəraitində büdcədə səhiyyə üçün nəzərdə tutulan vəsaitin artırılması ölkə Prezidentinin bu sahəyə olan böyük diqqət və qayğısının nəticəsidir. 

Məlumat verilib ki, hesabat dövründə komitəyə 238 ərizə və şikayət daxil olub.  Daxil olan müraciətlərlə bağlı 211 məktub baxılması və lazımi tədbirlərin görülməsi üçün aidiyyəti qurumlara göndərilib. Vətəndaşlardan gələn müraciətlərdə müalicə və əməliyyatlarla bağlı yaranan maddi çətinliklər, ev və işlə təminat, əfv məsələləri qeyd olunub. 
Onlayn iclasda çıxış edən deputatlar Soltan Məmmədov, Kamaləddin Qafarov, Müşfiq Məmmədli, İlham Məmmədov təqdim olunan hesabata öz münasibətlərini bildiriblər, səhiyyə sistemindəki hazırki durum barədə fikirlərini açıqlayıblar. Çıxışlarda icbari tibbi sığortanın həyata keçirilməsi, koronovirusla mübarizə, səhiyyə sahəsində professional birliklərin yaradılması, uşaqların sağlamlığının qorunması və digər önəmli məsələlər qeyd olunub. Millət vəkilləri payız sessiyasının gərgin bir vaxta təsadüf etdiyini, eyni zamanda, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Ordumuzun Zəfər qələbəsinin şahidi olduğumuzu vurğulayıblar, bu münasibətlə Azərbaycan xalqına təbriklərini çatdıraraq, şəhidlərimizi yad ediblər, qazilərimizin tezliklə sağalmalarını diləyiblər.

İclasda komitənin 2020-ci ilin payız sessiyasında fəaliyyəti məqbul hesab edilib. Sonra Əhliman Əmiraslanov komitənin 2021-ci il yaz sessiyası üçün iş planını diqqətə çatdırıb. Bildirilib ki, sessiya ərzində Azərbaycan Respublikası Prezidentinin qanunvericilik təşəbbüsü qaydasında təqdim etdiyi qanun layihələrinin, Milli Məclis deputatlarının, Ali Məhkəmənin, Baş Prokurorluğun,  Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qanunvericilik təşəbbüsü qaydasında təqdim etdiyi layihələrin müzakirəsi, “Reproduktiv sağlamlıq haqqında” qanun layihəsinin hazırlanması nəzərdə tutulub. 

Yaz sessiyasında koronavirus (COVİD-19) infeksiyası ilə bağlı  ölkədəki vəziyyət və görülən tədbirlər barədə, icbari tibbi sığortanın tətbiqi ilə əlaqədar normativ-hüquqi aktlara dəyişikliklərin edilməsinə dair, optika və optikaçılıq, ürək-damar sistemi xəstəlikləri ilə bağlı  dinləmələrin keçirilməsi planlaşdırılıb.
Onlayn tədbirdə komitənin sədr müavini Rəşad Mahmudov, üzvləri Kamaləddin Qafarov, Məlahət İbrahimqızı, Soltan Məmmədov, Sədaqət Vəliyeva yaz sessiyasının iş planı barədə öz fikirlərini açıqlayıblar, bəzi təkliflər səsləndiriblər.

Deputatlar komitənin 2021-ci il yaz sessiyasının iş planını təsdiqləyiblər.
 

Səhiyyə komitəsinin iclası keçirilib -FOTO
Səhiyyə komitəsinin iclası keçirilib -FOTO

 454 total views

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Məktəblərdə qış tətili BU TARİXDƏ olacaq - Rəsmi

Yanvarın 27-də qış tətili başlayacaq. BiG.AZ-ın məlumatına görə, bunu “Xüsusi karantin rejimi dövründə məktəbdaxili qiymətləndirmənin müvəqqəti qaydaları” barədə məlumat verən Təhsil Nazirliyinin təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqubova bildirib. Onun sözlərinə görə, 1 fevralda ikinci yarımillik başlayır.  455 total views