Makron Fransanı işğalçı Ermənistanın faşizm siyasətinin əsirinə çevirir – Vüqar Rəhimzadə

Oxunma vaxtı:2 Dəqiqə, 42 Saniyə

“Fransa prezidenti Emmanuel Makronun Ermənistan mətbuatında yer alan sonuncu fikirləri onun qatı ermənipərəst, islamofob, anti-Azərbaycan və anti-Türkiyə siyasətinin təzahürü kimi təsdiqidir. Azərbaycanın və Türkiyənin hədəf seçildiyi bu absurd fikirlərdən açıq-aydın görünür ki, Makron dövlət başçısı kimi fəaliyyətə başladığı ilk gündən Fransanın ATƏT-in Minsk qrupunun həmsədri mandatının mahiyyətini yalnız Ermənistanın maraqlarını müdafiə etmək kontekstində anlayıb və indiyədək məhz buna uyğun hərəkət edib. Makronun açıqlamaları və fəaliyyəti bir daha onu göstərir ki, Fransa indiyədək Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli prosesində balanslaşdırılmış, ədalətli, həmsədr mandatının tələblərinə uyğun heç bir addım atmayıb və bundan sonra da qeyri-adekvat mövqe nümayiş etdirmək niyyətini açıq-aydın ortaya qoymaqdadır. Bir daha isbatlanır ki, Fransa prezidenti bu ölkənin erməni lobbisinin, ermənipərəst dairələrinin tam təsiri altındadır və rəhbərlik etdiyi dövlətin, Fransa xalqının maraqlarının əksinə olaraq məğlub Ermənistanın vəkili kimi çıxış edir. Bunu, eyni zamanda, Fransanın dövlət başçısının son günlər Ermənistanı düşdüyü bataqlıqdan xilas etmək üçün Cənubi Qafqaz regionunda maraqları olan müxtəlif ölkələrin rəhbərləri ilə intensiv xarakter alan təmasları da bir daha sübuta yetirir.”

Doğrusöztv.Az bildirir ki, bunu Trend-ə Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə deyib.

Vüqar Rəhimzadə bildirib ki, 44 günlük İkinci Qarabağ müharibəsi dövründə və ondan sonrakı günlərdə Fransanın anti-Azərbaycan mövqeyində durması bu ölkənin bəyanatlarında və əməllərində səmimi olmadığını nümayiş etdirirdi: “Birmənalı vurğulamaq lazımdır ki, ATƏT-in Minsk qrupunun həmsədri kimi neytral mövqe tutmaq əvəzinə işğalçı Ermənistanı açıq şəkildə dəstəkləməsi, hətta bu barədə ölkə rəsmilərinin məsuliyyətsiz bəyanatlar vermələri, anti-Azərbaycan və qatı ermənipərəst fikirlər səsləndirmələri artıq Fransanın beynəlxalq etimad limitini tükətməkdədir.”

“İki sahil” qəzetinin baş redaktoru vurğulayıb ki, vasitəçi mandatı daşıyan Fransa kimi nüfuzlu bir dövlətin başçısının belə bir fikirlərlə çıxış etməsi münaqişənin həllində bu ölkənin bitərəfliyinə ciddi zərbə vurur: “Bundan sonra Fransanın ATƏT-in Minsk qrupunun həmsədri statusunu daşımağa nə mənəvi, nə də ki, hüquqi və siyasi haqqı yoxdur. Ən əsası BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvündən, ATƏT-in Minsk qrupu həmsədrlərindən biri kimi Fransanın belə ədalətsiz, təcavüzkarı dəstəkləyən mövqe tutması onun münaqişənin nizamlanması prosesindəki beynəlxalq mandatına ziddir, neytral vasitəçilik missiyasının tələblərinin kobudcasına pozulmasıdır. Çox təəssüflər olsun ki, münaqişənin davam etdiyi son 30 ildə işğalçının adı ilə çağırılması bir qayda olaraq ATƏT-in Minsk qrupu həmsədrləri tərəfindən birtərəfli mövqe tutmaq kimi dəyərləndirilir, amma fürsət düşən kimi həmsədrlər tərəfindən işğalçı Ermənistana açıq-aşkar dəstək ifadə olunur. Görünür, ATƏT-in Minsk qrupu həmsədrlərinin, o cümləıdən bu məsələlərdə daha çox canfəşanlıq edən Fransanın “özünəməxsus” prinsipləri mövcuddur.»

“Fransanın Ermənistana dost ölkə olduğu da məlum faktlardandır” deyən Vüqar Rəhimzadə əlavə edib ki, məhz dünyanın ən sivil dövlətlərindən biri sayılan müasir Fransanın hakim dairələrində kök salmış erməni sevgisi bu ölkənin heç bir araşdırma aparmadan qondarma “erməni soyqırımı”nı tanımasını şərtləndirib, hətta o, bu tələblə digər dövlətlərə də müraciət edib.

Vüqar Rəhimzadə əlavə edib ki, artıq danılmaz faktdır ki, bu gün Makron Fransanı işğalçı Ermənistanın faşizm siyasətinin əsirinə çevirmək istiqamətində addımlar atmaqdadır: “Makronun faşizm idelogiyasını dövlət siyasətinə çevirmiş Ermənistana belə məhəbbətlə qucaq açması bu gün dünya miqyasında demokratiya, insan hüquq və azadlıqlarının təminatçısı olduğunu iddia edən Fransanı sürətlə uçuruma doğru aparır. Görünür, Makron növbəti seçkidə qalib gəlmək üçün Fransanın “kiçik bacısı” adlandırılan Ermənistana, daha doğrusu, erməni lobbisinin, diasporunun maliyyəsinə, dəstəyinə arxalanır. Bununla da Makron Fransanı işğalçı Ermənistanın faşizm siyasətinin əsirinə çevirir.”

 706 total views

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Mövlud Çavuşoğlu Rusiyaya gedir - Türkiyə XİN

Türkiyənin xarici işlər naziri dekabrın 29-da Rusiyaya səfər edəcək. Doğrusöztv.Az bu barədə Türkiyə Xarici İşlər Nazirliyinə istinadən məlumat verir. Qeyd olunur ki, nazir Soçi şəhərində rusiyalı həmkarı Sergey Lavrovla Rusiya-Türkiyə Birgə Strateji Planlama Qrupunun 8-ci iclasında iştirak edəcək. İclas zamanı iki ölkə arasında münasibətlər, eyni zamanda regional və beynəlxalq məsələlər […]