Tərcümeyi-hal məsuliyyəti

Oxunma vaxtı:3 Dəqiqə, 10 Saniyə

Mən – Abbasov İsmayıl Asif oğlu 14 sentyabr 1972-ci ildə Laçın rayonunun Dambulaq kəndində anadan olmuşam. 1978-ci ildə Dambulaq kənd orta məktəbinin birinci sinfinə getmişəm. Səkkizinci sinfi doğma kəndimizdə bitirəndən sonra daha iki il Şəlvə kənd onillik məktəbində oxuyub orta təhsilimi başa çatdırmışam.

1990-cı ilin oktyabr ayında həqiqi hərbi xidmətə getmişəm. Sovet ordusunun Azərbaycanın Gəncə şəhərində yerləşən hərbi dairəsinin Gədəbəy rayonunun Şınıx zonasının Qaravəllilər kəndində yerləşən hərbi hissəsinbdə əsgərlik eləmişəm. Azərbaycanın öz müstəqilliyini elan etməsi ilə əlaqədar 1992-ci ilin aprel ayından sovet-rus hərbçiləri ölkəmizdən  çıxdılar, biz də tərxis edildik.

1992-ci ilin may ayının 18-də rayonumuz təcavüzkar Ermənistanın silahlı qüvvələri tərəfindən işğal olunmasına baxmayaraq, Dambulaq kəndi Kəlbəcər ərazisinə yaxın yerləşdiyinə görə kəndimizin müdafiəsində qalmışam. Ayrı-ayrı yaşayış məntəqələrimizin sakinlərinin o vaxtlar düşmənə qarşı mətinliklə mübarizə apardıqlarını təsdiqləyən həmin hadisələrin çəkildiyi video-materiallara hazırda internetdə rast gəlmək olur.

Sonra məlum hadisələr baş verdi, rayon bütünlüklə işğal olandan sonra ailəlikcə köçdüyümüz Ağcabədi rayonu ərazisində məskunlaşdıq.

İş elə gətirmişdir ki, əvvəl orta ixtisas, sonra da ali təhsil aldığım ixtisaslar üzrə deyil, çox meylli olduğum jurnalistikada özümü uğurla sınadım və o vaxtdan ta indiyə qədər  – 20 ilə yaxındır ki, mətbuatda fəaliyyət göstərirəm. İşlədiyim, müxbirlikdən baş redaktor vəzifəsinədək yüksəldiyim bütün kütləvi informasiya vasitələrində, hazırda təsisçisi və baş redaktoru olduğum “Doğru Söz” qəzetində və “DogruSoztv” Milli İnformasiya Agentliyində həmişə çalışıb, ilk növbədə həqiqiəti, sözün doğrusunu yazmışam, peşə fəaliyyətimlə Azərbaycan dövlətinə, dövlətçiliyinə xidmət etmişəm.

Sırf Heydər Əliyevçi olmuşam, Ümummili liderimizin siyasi kursunu daim dəstəkləmişəm, Ulu Öndərimizin layiqli davamçısı, möhtərəm Prezidentimiz İlham Əliyevin ətrafında bütün xalqımızın, tərəqqipərvər vətəndaşlarımızın sıx birləşməsinin tərəfdarı olmuşam. Həmkarlarımı, çiyin-çiyinə çalışdığım jurnalistləri də daim bu xətti tutmağa çağırmışam.

Titul, fəxri ad toplamağa meylim olmasa da, mətbuatda məhsuldar fəaliyyətim qiymətləndirilib – Azərbaycan Kütləvi informasiya Vasitələri İşçiləri Həmkarlar İttifaqının “Qızıl Qələm” media mükafatına layiq görülmüşəm. Mükafatın diplomunu mənə həmin qurumun mərhum sədri, görkəmli yazıçımız, ilahiyyatçı alim Oqtay Salamzadə təqdim etmişdir.

Birinci Qarabağ savaşının qanlı-qadalı günlərində qəhrəmanlıq göstərmək qismətim olmasa da, hər halda düşmənlə üz-üzə durmağın, döyüşdə iştirakın nə olduğunu bilirəm, həyatımın tükdən asılı olduğu günlər olub.

Laçın rayonunun Dambulaq kəndinin əhalisinin demək olar ki, yarısı Seyidlər tayfasından ibarətdi. O kəndin yaranma tarixi kəndin təməlini qoyan şəxsin – ulu babam Seyid Alı Xəlifənin adı ilə bağlıdır.  Mən Seyid Alı Xəlifənin nəslinin davamçılarındanam. Seyid Alı Xəlifənin oğlu Hacı Həsən, onun oğlu Məşədi Şəvəndə, onun oğulları Seyid Abbas və Hacı Həsən, Seyid Abbasın oğlu Seyid Balaca, Seyid Balacanın oğlu – mənim atam Seyid Asif cəmiyyət içində sayılıb-seçilən kəramət sahibləri olublar.  

Mənim  ulu babam Seyid Alı Xəlifə öz dövrünün imkanlı şəxslərindən olduğundan, bir çox fəqir-füqəranın güzəranına köməklik edib, dolanışığına şərait yaradıb. Ulu babamı fərqləndirən əsas cəhəti cəddini çağıraraq göstərdiyi möcüzələr olub. Onları sadalamaqla qurtaran deyil. Bizim kənddə Böyük Bulaq deyilən bulaq var idi. Əgər başqa kənddən, başqa rayondan kimsə nabələd adamın yolu o bulaqdan düşərdisə və o şəxs bilməzdən spirtli içki qəbul etmiş halda bulağın suyundan istifadə edərdisə, bulağın suyu quruyardı. Bunu müşahidə edən kənd sakinlərində birmənalı olaraq inam yaranmışdır ki, Böyük Bulaq pakdır, müqəddəsdir, murdarlıq götürmür. Yalnız bizim seyidlər nəslindən olan mötəbər dindarlar gəlib bulağın başında Quran oxuyandan, rövzə deyəndən sonra bulaq yenidən qaynayıb-daşar, suyu gələrmiş.

Mənim ulu babam Seyid Alı Xəlifə ona pənah gətirən insanlara əlindən gələn yardımı göstərər, ona rast gələn köməksiz adamları dardan qurtarar, yetim-yesiri, əlsiz-ayaqsızı himayəsinə götürərmiş. Onun ocağında aşıb-daşan sərvəti olan övladları, nəvə-nəticələri də xeyriyyəçilik ənənəsinə sadiq qalmışlar. Kiməsə maddi köməklik etmək imkanları xaricində olanda da cəddlərini çağırıb dua edirmişlər.

İndiyədək təmsil etdiyim Seyidlər nəslinin şəcərəsi haqqında mətbuatda xeyli məqalələr dərc olunub. Belə bir nəcabətli irsin davamçısı olmaq məni həmişə məsuliyyətli olmağa sövq edib, dediyim hər sözdə, yazdığım hər məqalədə haqq-ədalət adlı ölçü-nizam gözləməyə vadar edib. Mən fəxr edirəm ki, belə bir nəcabətli nəslin övladıyam və davamçısıyam.

Seyid İsmayıl Abbasov,

“Doğru Söz” Milli İnformasiya Agentliyinin baş redaktoru 

 1,184 total views

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

İlham Əliyevdən komendant rejimi ilə bağlı SƏRƏNCAM

Prezident İlham Əliyev “Hərbi vəziyyət dövründə komendant saatının tətbiq edildiyi ərazilərin komendantının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 28 sentyabr tarixli 2281 nömrəli sərəncamının ləğv edilməsi barədə sərəncam imzalayıb. Dogrusoztv.az xəbər verir ki, sərəncamla “Hərbi vəziyyət dövründə komendant saatının tətbiq edildiyi ərazilərin komendantının təyin edilməsi haqqında” Azərbaycan Respublikası […]