Əziz və möhtərəm Prezidentimiz İlham Əliyev!

Oxunma vaxtı:3 Dəqiqə, 33 Saniyə

Ulu Öndər Heydər Əliyev Azərbaycanın inkişafında qazandığı uğur və nailiyyətlərin davamlı olmasını təmin etmək üçün böyük fədakarlıq göstərib. Bunun ən bariz nümunələrindən biri də Onun özündən sonra ölkəmizə layiqincə rəhbərlik edərək qazanılan uğurların davamlılığını təmin edəcək, xalqın alternativsiz liderinə çevriləcək davamçı-varis yetişdirməsindədir.

Ümummilli Lider Azərbaycan xalqına son müraciətində Sizi özünün siyasi varisi olduğunuzu bəyan edərək demişdir: “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.

Ermənistana qarşı hücumçu diplomatiya ilə yanaşı, müasir, yeni döyüş texnologiyaları ilə zəngin ordu quruculuğu ötən 17 ildə Sizin Ali Baş Komandan kimi fəaliyyətinizin ardıcıl, sistemli prioritet istiqamətini təşkil edib. Bunun nəticəsidir ki, bu gün Azərbaycan Ordusunun döyüş imkanları dünyanın ən güclü orduları ilə bir sırada dayanır.

Möhtərəm Prezident, Siz torpaqlarımızın güc yolu ilə azad edilməsinin mümkünlüyünü həmişə bəyan etmisiniz. Hər bir qələbəni, hər bir uğuru tarix və şərait yetişdirir. Bu qələbənin müəllifi isə düzgün və düşünülmüş qərarlar qəbul edən lider olur. Fəxarət hissi ilə qeyd etməliyik ki, Sizin uğurlu siyasətiniz sayəsində ordumuz öz missiyasını layiqincə həyata keçirdi. Torpaqlarımızı azad etmək istəməyən Ermənistan güc yolu ilə ərazilərimizdən qovuldu, darmadağın edildi. Bir sıra strateji vacib yüksəkliklər, Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı rayonları, Suqovuşan, Xocalı və Xocavəndin kəndləri və milli mədəniyyətimizin məbədlərindən olan Şuşa döyş yolu ilə düşməndən azad edildi.

Sizin 44 gün davam edən müharibə günlərində beynəlxalq təzyiqləri diplomatik peşəkarlıqla dəf etməyiniz, 30-a yaxın beynəlxalq KİV-ə verdiyi müsahibələrdə dünya erməniliyinə vurduğunuz zərbələr də bu qələbəni şərtləndirən amillərdir. Möhtərəm Prezident, Sizin həmin günlərdə xalqa müraciətləriniz hamının sevə-sevə dinlədiyi el ifadələri, şirin milli terminologiyalarla zəngin nitqlər idi. Prezidentə məhəbbət, ona sıx bağlılıq Vətən müharibəsi dövründə özünü daha bariz şəkildə göstərirdi. Bunun nəticəsi olaraq Ermənistan Sizin şərtləriniz əsasında kapitulyasiya aktına qol çəkdi və artıq üçtərəfli razılaşmaya əsasən Ağdam, Kəlbəcər və mənim üçün doğma olan Laçın rayonları da Azərbaycan Ordusunun nəzarətinə keçdi.

Artıq ərazi bütövlüyünü təmin edən Azərbaycan vətəndaşları öz torpaqlarına geri dönür. Bu dönüş möhtəşəm olacaq və işğaldan azad edilmiş ərazilərimiz ən qısa vaxtda öz inkişafları ilə yeni nümunələr yaradacaqlar.

Dekabrın 3-də Sizin mübarək sərəncamlarınızla iki tarixi gün – 27 sentyabr Anım, 8 noyabr isə Zəfər günü kimi elan edildi. Eynən həmin təqvim günləri kimi Azadlıq meydanında hərbi paradın keçirildiyi 10 dekabr da Xalq-Prezident birliyinin, milli qələbəmizin simvolu kimi tarixə düşəcək və ömürlük yaddaşlarda yaşayacaqdır.

Siz noyabrın 8-də Şuşanın azad olunması xəbərini verdiyi gün xalqa müraciətində demişsiniz: “Əziz bacılar və qardaşlar, bu gün bu müjdəni mən burada – Şəhidlər xiyabanında doğma xalqıma verirəm. Bu, təsadüfi deyil. Bu, təbiidir. Bu gün şəhidlərimizin ruhu qarşısında bir daha baş əyirəm… Mən bu gün, eyni zamanda, ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim”. Bununla da sübuta yetdi ki, Ulu Öndərimizin layiqli davamçısı kimi Siz həm ata vəsiyyətini yerinə yetirən övlad, həm də onun memarı olduğu dövlətin rəhbəri, qurduğu qüdrətli ordunun Ali Baş Komandanı kimi Heydər Əliyev ucalığını parlaq təcəssüm etdirmisiniz.

Əminəm ki, bu gün daim azərbaycanlı olması ilə fəxr edən Heydər Əliyevin ruhu şaddır – xilaskarı olduğu müstəqil Azərbaycanın ərazi bütövlüyü onun ideya və əməllərini davam etdirən, yarımçıq qalmış arzuları ilə bağlı vəsiyyətlərini gerçəkləşdirən Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında bərpa edilmiş, 30 ildən bəri düşmən nəsarətində olan Qarabağ əbədi azadlığına qovuşmuşdir.

Bütün dünya həm də onun şahidi oldu ki, ağır maliyyə məsrəfləri tələb edən müharibənin gedişində Azərbaycan dövləti sınaqlara duruş gətirdi, öz vətəndaşlarının sosial rifahı ilə də qayğılandı. Pensiyaların, müavinətlərin, təqaüdlərin, maaşların ödənişi gecikdirilmədi. Hər şey öz axarınca getdi, ərzaq və digər malların qıtlığı yaşanmadı, qiymətlərdə təbəddülat baş vermədi, milli valyutamız manat ucuzlaşmadı, iqtisadiyyatda tənəzzül baş vermədi. Bu, bir daha Ümummilli liderimiz heydər Əliyevin dediyi “iqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” sözlərinin doğruluğunu, Azərbaycanda həyata keçirilmiş və sosial proqrmlarla müşayiət olunan iqtisadi islahatların dürüstlüyünü sübut etdi.   

Möhtərəm Prezident, Sizi doğma yurdu işğaldan azad olunmuş bir keçmiş (!) məcburi köçkün kimi, Heydər Əliyev siyasi kursunu daim dəstəkləyən bir tərəqqipərvər Azərbaycan vətəndaşı kimi, nəcabətli seyid nəslinin dili dualı övladı kimi, eləcə də bir qələm adamı, jurnalist kimi Ali Baş Komandanlığınız altında müzəffər Azərbaycan ordusunun Vətən müharibəsində qazandığı möhtəşəm Qələbə münasibətilə təbrik edir, bizə yaşatdığınız bu sevincli, fəxarətli hisslərə görə dərin minnətdarlığımı bildirirəm.

Seyid İsmayıl Abbasov,

“Doğru Söz” Milli İnformasiya Agentliyinin baş redaktoru 

 1,151 total views

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Tərcümeyi-hal məsuliyyəti

Mən – Abbasov İsmayıl Asif oğlu 14 sentyabr 1972-ci ildə Laçın rayonunun Dambulaq kəndində anadan olmuşam. 1978-ci ildə Dambulaq kənd orta məktəbinin birinci sinfinə getmişəm. Səkkizinci sinfi doğma kəndimizdə bitirəndən sonra daha iki il Şəlvə kənd onillik məktəbində oxuyub orta təhsilimi başa çatdırmışam. 1990-cı ilin oktyabr ayında həqiqi hərbi xidmətə […]