Azərbaycanın Birinci vitse-prezidentinin köməkçisi “La Tribune de Genève” qəzetinə müsahibə verib

Oxunma vaxtı:1 Dəqiqə, 47 Saniyə

Azərbaycanın Birinci vitse-prezidentinin köməkçisi Elçin Əmirbəyov İsveçrədə çıxan məşhur “La Tribune de Genève” qəzetinə müsahibə verib.

Doğrusöztv.Az Trend -ə istinadən xəbər verir ki, Azərbaycanın Birinci vitse-prezidentinin köməkçisi Elçin Əmirbəyov Azərbaycanın yaşayış məntəqələrinin hər gün Ermənistan ərazisindən raket atəşinə tutulmasını “müharibə cinayətləri” və “beynəlxalq hüququn hiddətləndirici şəkildə pozulması” kimi səciyyələndirərək, beynəlxalq birliyi Ermənistanın bu hərəkətlərini pisləməyə çağırır. O, Azərbaycanın heç bir təqsiri olmayan mülki vətəndaşlarının bundan sonra da həlak olmasının qarşısını almaq üçün konkret tədbirlər görməyə çağırıb.

E.Əmirbəyovun sözlərinə görə, döyüş meydanında çıxılmaz vəziyyətə düşdüyünü anlayan Ermənistan Azərbaycanı Ermənistan ərazisinə cavab zərbələri endirməyə təhrik etməyə çalışır ki, üçüncü ölkələrin, xüsusən Rusiyanın bu münaqişəyə Ermənistanın tərəfində qoşulması üçün “tutarlı əsas” olsun.

Azərbaycanın Birinci vitse-prezidentinin köməkçisi müsahibədə qeyd edir ki, bu günə qədər Azərbaycan ordusu 20-yə yaxın kəndi və bir şəhəri erməni işğalından azad edib.

E.Əmirbəyov Türkiyənin bu münaqişədə Azərbaycanın tərəfində iştirakı barədə sualın cavabında qəti şəkildə bildirib ki, Yerevanın yaydığı yalan məlumatlara rəğmən, Türkiyə döyüş əməliyyatlarına əsla qoşulmayıb.

Müsahibədə vurğulanır ki, Ermənistan öz qonşusunu “erməni əhaliyə qarşı soyqırımı” törətməkdə təqsirləndirir. Bakı isə bunu təkzib edir və xatırladır ki, 1980-ci illərin axırlarında 200 min azərbaycanlı Ermənistandan qaçmağa məcbur olub. Azərbaycan tərəfi Ermənistanı öz ölkəsində və işğal edilmiş ərazilərdə “etnik təmizləmə” aparmağa görə qınayır.

Yüksək vəzifəli Azərbaycan diplomatı hərbi əməliyyatların dayandırılması və danışıqların bərpa olunması perspektivlərindən söhbət açaraq bildirib ki, heç nə, o cümlədən “Bakının istəmədiyi halda” münaqişənin regional miqyas alması istisna olunmur. Bakı Minsk qrupunun həmsədrləri olan ABŞ-ı, Rusiyanı və Fransanı da təqsirləndirir ki, onlar 30 il ərzində vasitəçilik fəaliyyətini həyata keçirir, lakin bu müddətdə Ermənistanın çoxsaylı provokasiyalarına göz yumub, gözləmə mövqeyi tutub və beləliklə təcavüzkarın cəzasız qalmasına şərait yaradıblar.

E.Əmirbəyov deyib: “Atəşkəs yaxşı niyyətdir, lakin o, möhkəm sülhün bərqərar olması üçün kifayət deyil, atəşkəs konkret nəticələr əldə edilməsinə, daha dəqiq desək, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrində tələb edildiyi kimi, erməni silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərindən tamamilə çıxarılmasına yönəlmiş substantiv danışıqlarla müşayiət olunmalıdır.

Bakı sülh prosesinin bərpa olunmasına hazırdır və biz bəzi görüşlərə ev sahibliyi etmək təkliflərinə görə İsveçrə tərəfə minnətdarıq, lakin əvvəlcə bilməliyik ki, bu danışıqlardan nə gözləyirik, dəqiq gündəlik nədən ibarətdir və bizi hansı nəticələr gözləyir”.

 515 total views

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Baş Prokurorluq: Erməni işğalçılarına kömək edən iki xarici vətəndaşa qarşı cinayət işi açılıb

Ermənistan Respublikasının işğalçı mahiyyətinin beynəlxalq müstəvidə bir daha ifşa edilməsi, eləcə də ordumuza və dinc əhaliyə qarşı cinayətlər törətmiş təxribatçı erməni birləşmələrinin hərbi qulluqçularının beynəlxalq hüquq normaları çərçivəsində məsuliyyətə cəlb edilmələri üçün Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən zəruri tədbirlərin görülməsi davam etdirilir. Doğrusöztv.Az bildirir ki, Baş Prokurorluqdan Trend-ə verilən məlumata […]