Azərbaycanın Baş Prokuroru bəyanat verib

Oxunma vaxtı:1 Dəqiqə, 50 Saniyə

Azərbaycan Respublikasının Baş Prokuroru Kamran Əliyev bəyanatla çıxış edib.

Baş Prokurorluqdan  daxil olan bəyanatda qeyd olunur ki, sentyabr ayının 27-dən Ermənistan Respublikası tərəfindən Azərbaycan Respublikasına qarşı başlanmış təcavüz davam edir. Azərbaycan Ordusu tərəfindən əks tərəfə tutarlı cavablar verilməklə mühüm yaşayış məntəqələri və strateji yüksəkliklər azad edilib: “Buna cavab olaraq qondarma “Dağlıq Qarabağ Respublikasının prezıdenti” Arayik Arutunyanın tapşırığı əsasında bu gün, 4 oktyabr 2020-ci il tarixdə saat 10 radələrində Cenevrə konvensiyasının tələbləri pozularaq cəbhə zonasından kənarda yerləşən Azərbaycan Respublikasının ikinci böyük şəhəri, beş yüz mindən çox dinc əhalinin yaşadığı Gəncə şəhəri raket və top mərmilərindən atəşə tutulub.

Əldə olunan məlumata əsasən Gəncə şəhər sakini Əliyev Tunar Qoşqar oğlu həlak olub, 32 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb.

Bununla yanaşı, şəhərin infrastrukturuna, yaşayış evlərinə külli miqdarda ziyan vurulub. Dəymiş ziyanın məbləği hadisə yerində fəaliyyət göstərən Baş Prokurorluğun əməliyyat-istintaq qrupu tərəfindən baxış keçirilməklə və digər zəruri istintaq hərəkətləri yerinə yetirməklə dəqiqləşdirilir.

İlkin araşdırma ilə qeyd olunan fakt üzrə qondarma “Dağlıq Qarabağ Respublikasının prezidenti” Arayik Arutunyan tərəfindən Cenevrə konvensiyasının tələbləri birbaşa pozularaq dinc əhalini qəsdən öldürmə, insanlar arasında vahimə yaradılmasına yönələn hərəkətlər etməsinə kifayət qədər sübutlar toplanmışdır. Buna görə də tərəfimdən Arayik Arutunyanın barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100.1, 100.2 (Təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və ya aparma), 116.0.1, 116.0.6, 116.0.7, 116.0.8-1 (Silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 117.2 (Silahlı münaqişə zamanı cinayətkar əmr vermə), 120.2.1, 120.2.4, 120.2.12 (Qəsdən adam öldürmə), 186.3 (Əmlakı qəsdən məhv etmə), 214.2.1, 214.2.3 (Terrorçuluq), 218.3 (Cinayətkar birlik (təşkilat) yaratma), 279.3-cü (Qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri yaratma) maddələri ilə cinayət işi başlanılmış və istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə tapşırılıb.

Bəyan edirəm ki, “Dağlıq Qarabağ Respublikasının prezidenti” Arayik Arutunyan və həmin qanunsuz qurumun digər hərbi-siyası rəhbərlərinin sülh və insanlıq əleyhinə, o cümlədən müharibə cinayətləri törətmələri ilə bağlı cinayət məsuliyyətinə cəlb olunması üçün zəruri tədbirlər görülməkdədir. Bununla bağlı bütün beynəlxalq qurumlara müraciət edilməsi təmin ediləcəkdir.

Tərəfimdən bir daha bəyan edirəm ki, təxribat xarakter daşıyan cinayət əməllərin, döyüş bölgəsinə aid olmayan yaşayış məntəqələrinin, şəhərlərin, o cümlədən mülki infrastruktur obyektlərinin Ermənistan tərəfindən atəşə tutulması dərhal dayandırılmalıdır”.

 270 total views

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Ermənistan silahlı qüvvələri senayə şəhəri olan Mingəçevirə 3 raket atmışdır.

İşğalçı ölkənin silahlı qüvvələri 04.10.2020-ci il, saat 23 radələrindən başlayaraq Ermənistanın hərbi-siyası rəhbərliyinin göstərişi ilə beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il tarixli Cenevrə Konvensiyaları və onların Əlavə Protokollarını, BMT-nin Təhlükəsizlik Şurasının qərar və qətnamələrini kobud şəkildə pozaraq, Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla döyüş əməliyyatlarının aparıldığı bölgədən 100 km-dən […]