Prezident İlham Əliyev: Ölkəmizin elektroenergetika sahəsi öz sürətli inkişaf dövrünü yaşayır və bu, bizim inkişafımızın əsas şərtidir

Oxunma vaxtı:2 Dəqiqə, 22 Saniyə

Ölkəmizin elektroenergetika sahəsi öz sürətli inkişaf dövrünü yaşayır və bu, bizim inkişafımızın əsas şərtidir.

Doğrusöztv.Az Trend-ə istinadən bildirir ki, bunu Prezident İlham Əliyev avqustun 21-də 1000 meqavat yükötürmə gücü olan 330/220/110 kilovoltluq “Qobu” yarımstansiyasının tikintisi ilə tanışlıq, həmçinin 385 meqavatlıq “Qobu” Elektrik Stansiyasının təməlini qoyarkən energetiklərlə görüşü zamanı çıxışında deyib.

Dövlət başçısı bildirib:

“Yerli və xarici şirkətlərə bildirmək istərdim ki, biz ənənəvi enerji növlərinin istehsalı ilə əlaqədar işlərimizi davam etdirmək əzmindəyik. Biz xarici və yerli investorları istilik elektrik stansiyalarının tikintisinə dəvət edirik. O cümlədən onları su elektrik stansiyalarının və digər bərpaolunan enerji stansiyalarının tikintisinə cəlb etmək istəyirik. Əgər belə maraq olarsa, hesab edirəm ki, qısa müddət ərzində bu məsələ öz həllini tapa bilər. Çünki bu gün Azərbaycanda investisiya qoyuluşu sayəsində çox böyük işlər görülür, Azərbaycanda biznes mühiti yaxşılaşır. “Doing Business” proqramında biz tarixi nailiyyətlərə çata bilmişik. Dünya Bankı tərəfindən hazırlanan bu reytinq cədvəlində Azərbaycan artıq qabaqcıl yerlərdədir. Eyni zamanda, biz dayanıqlı inkişaf baxımından çox böyük irəliləyişə nail ola bilmişik. BMT-nin Dayanıqlı İnkişaf İndeksinə görə, biz ildən-ilə mövqeyimizi yaxşılaşdırırıq. Ona görə Azərbaycan bu gün xarici sərmayələr üçün çox cəlbedici ölkə olaraq qalır və bu sahə – elektroenergetika sahəsi hesab edirəm ki, çox böyük maraq doğurur və artıq həyat bunu təsdiqləyir.

Bir sözlə, bu gün tam əminliklə deyə bilərəm ki, ölkəmizin elektroenergetika sahəsi öz sürətli inkişaf dövrünü yaşayır və bu, bizim inkişafımızın əsas şərtidir. Çünki hər bir ölkənin iqtisadiyyatı üçün elektroenergetika sahəsi başlıca rol oynayır. Bu sahə inkişaf etməsə, heç bir başqa sahə inkişaf edə bilməz. Ona görə kompleks tədbirlər nəticəsində elektrik stansiyalarının inşası, xarici investorların Azərbaycana gəlişi, yarımstansiyalarda aparılan təmir-bərpa işləri və yeni yarımstansiyaların tikintisi, ötürücü xətlərin təmiri və yeni xətlərin çəkilişi, qonşu ölkələrlə yüksəkgərginlikli elektrik xətlərinin tikintisi və artıq regional əməkdaşlıq üçün zəminin yaradılması da çox önəmlidir. Biz Türkiyə, Gürcüstan, Rusiya və İranla bu sahədə çox uğurlu əməkdaşlıq edirik. Biz artıq yaradılmış enerji dəhlizləri ilə öz elektrik enerjimizi ixrac edə bilirik.

Əlbəttə, əvvəlki illərin mənzərəsi yada düşəndə bir daha görürük ki, bu sahədə tarixi işlər görülüb. Çünki vaxtilə biz idxaldan tam asılı idik. Bizim yeganə generasiya mənbəyimiz olan “Mingəçevir” İstilik Elektrik Stansiyası çox bərbad vəziyyətdə idi. Ona görə bu sahə inkişaf etmədən heç bir inkişafdan söhbət gedə bilməzdi və biz buna nail ola bilmişik.

Onu da bildirməliyəm ki, bu sahədə görülmüş işlər beynəlxalq qurumlar tərəfindən də qiymətləndirilir. Təkcə bir rəqəmi deyə bilərəm ki, Davos Ümumdünya İqtisadi Forumunun hesabatında Azərbaycan elektrik enerjisinin əlçatanlıq indeksinə görə dünyada ikinci yerdədir. Təkcə bunu demək kifayətdir ki, biz bu sahədə əldə edilmiş bütün uğurları əhatə edək və bu, doğrudan da tarixi nailiyyətdir. Dünya miqyasında ikinci yerdə olmaq özlüyündə böyük tarixi nailiyyətdir, xüsusilə infrastruktur layihələrinin ən vacib olan sahəsində – elektroenergetika sahəsində.

Mən bütün bu uğurlar münasibətilə Azərbaycan energetiklərini təbrik edirəm, onlara yeni uğurlar arzulayıram. Əminəm ki, “Qobu” Elektrik Stansiyası vaxtında – 2022-ci ilin əvvəlində istifadəyə veriləcək və biz bu stansiyanın açılışını qeyd edəcəyik”.

Loading

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Azərbaycan-Ukrayna əlaqələrinin genişləndirilməsi müzakirə edilib (FOTO)

Avqustun 20-də Milli Məclisin Ukrayna ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupu üzvlərinin ukraynalı həmkarları ilə onlayn formatda görüşü keçirilib. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, Ukrayna ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Rüfət Quliyev görüş iştirakçılarını salamlayaraq bildirib ki, Azərbaycanla Ukrayna arasında uzun illərdir […]