“Erməni Milli Konqresi”nin üzvü Levon Zurabyan Ermənistanın Baş Naziri Nikol Paşinyanın BBC-nin HARD Talk proqramına verdiyi müsahibəni tənqid edib.
Doğrusöztv.az Trend-ə istinadən bildirir ki, bu barədə L. Zurabyan öz “Facebook” səhifəsində yazıb.
O bildirib ki, müsahibədən aldığı təəssürat çox ağır olub:
“Nəhayət Paşinyanın müsahibəsini izlədim. Təəssüratım çox ağır idi. Uğursuz müsahibənin bir neçə səbəbi var – İngilis dilinin qeyri-kafi səviyyəsi, cavabların məzmunu, baş nazirin əvvəlki addımları”.
Onun sözlərinə görə, ən üzücü məqam odur ki, N.Paşinyan Dağlıq Qarabağ münaqişəsinin mahiyyətini bilmir, tənzimləmə və aydın siyasət barədə anlayışa sahib deyil.
Konqres üzvü Ermənistan xarici işlər nazirinin bir neçə ay əvvəl eyni proqram çərçivəsində etdiyi çıxışını da xatırladaraq bildirib: “Nə Zohrab Mnatsakanyan, nə də Paşinyan Qarabağ münaqişəsinin mahiyyətini təqdim etmək fürsətindən istifadə edə bilmədilər”.
L.Zurabyan qeyd edib ki, Ermənistanın imici baxımından bu iki müsahibə baş tutmasaydı daha yaxşı olardı.